Anar Məmmədov məndən üzr istəsin!

anar-memmedov-menden-uzr-istesin
Oxunma sayı: 644

Beləliklə, aydın oldu ki, yaxın ətrafının gənc iş adamı kimi təqdim etdiyi Anar adlı bu cavan oğlanın ayı əti yeməsi barədə “Azadlıq” qəzetində yazılanlar həqiqətə uyğun deyilmiş. Sən demə, Anar nəinki ayının dərisini boğazından çıxaracaq qədər əzazil, heç toyuğun başını kəsəcək qədər ürəkli də deyilmiş…

Anar Məmmədov ölkənin ən çox oxunan qəzetlərindən birini, müstəqil mətbuatın “qaranquşu” sayılan “Azadlıq” qəzetini qarşısında diz çökdürdüyü üçün qürrələnə bilər. Anar bu addımı ilə həm də tənqidçi mediaya mesaj vermiş oldu: özünüzü yaxşı aparın, ha! Yoxsa, məhkəmənin əli ilə sizi də “sındıraram”.

Anar Məmmədovun “Azadlıq” qəzetini ondan üzr istəməyə vadar etməsinin yaxşı tərəfi də var. Məsələn, Anar bəyin bu hərəkətindən sonra yadıma düşdü ki, bu ölkədə məndən üzr istəməli olan xeyli adam var. Maraqlısı isə odur ki, bu adamların siyahısına elə Anar Məmmədov özü başçılıq edir. Dost-tanış bilir ki, mən ictimai nəqliyyatdan ən çox istifadə edən jurnalistlərdən biriyəm. Yalan yazmadığım, rüşvət almadığım, başqasının pulunu saymadığım üçün bu günə kimi özümə şəxsi avtomobil almaq imkanım olmayıb. Nə qədər təhlükəli olsa da, Anar Məmmədovun sahibi olduğu “Transqeyt” şirkətinə məxsus avtobuslardan istifadə edirəm. Tale üzümə güldüyü üçün hələlik bu şirkətin səriştəsiz sürcülərinin qurbanına çevrilməmişəm. Amma həmin sürücülər əsəb sistemimi sıradan çıxarmağa nail olublar. İctimai nəqliyyatdan istifadə edən oxucularımız yaxşı bilir ki, bu sirkətə məxsus olan kirli avtobuslarda yol getməyin özü ən böyük əzabdır. Mən hələ avtobusda dayanmağa yer tapmayan sərnişinlər tərəfindən gündə ən azı 8 dəfə ayaqqabılarımın tapdanmasından danışmıram. Başqa bir problem isə ayrı-ayrı marşrutlar üzrə işləyən avtobusların sayının azalmasıdır. Bəzən elə olur ki, avtobus dayananda ən azı 30-40 nəfər qapıya hücum çəkir. Digər sərnişinlər kimi mən də hər gün əziyyət çəkir, təhqir olunuram. Lütfən, söyləyin: bu cür yarıtmaz fəaliyyət göstərən şirkətin rəhbəri sərnişinlərdən üzr istəməli deyilmi? Anar Məmmədov ayı əti yeməsi barədə xəbərlərin yayılmasını həzm edə bilmədiyi kimi, mən də hər gün ayaqqabılarımın tapdanmasını özümə rəva görmürəm. Buna görə də tələb edirəm: Anar Məmmədov dərhal məndən üzr istəsin!

Təcrübə göstərir ki, pulu çox olan adamlar bəzən reallıq hissini itirirlər. Biz sabiq səhiyyə naziri Əli İnsanovun timsalında bunun şahidi olmuşuq. Parlament müxbirlərindən biri danışır ki, Əli İnsanov nazir olanda “Diyar” qəzetinin əməkdaşını bu cür ələ salıb: “Sən yenə “Xiyar” qəzetində işləyirsən?” Taleyin işinə bax ki, Əli İnsanov məhbəsdə vərəm xəstəliyinə tutulanda bu xəbəri ilk dəfə həmin jurnalist yazmışdı.

Anar bəy, siz Əli İnsanovu tanıyırdınız? Vaxt vardı, mətbuatla o da sizin kimi davranırdı. Məncə, ibrət götürüləsi taledir...