“Anarı o qədər dolayaram, cavab verməyə vaxtı çatmaz”

anari-o-qeder-dolayaram-cavab-vermeye-vaxti-catmaz
Oxunma sayı: 5893


 

 

Məlum olduğu kimi, Azərbaycan Yazıçılar Birliyində (AYB) növbəti qalmaqal baş qaldırıb. Yazar Şərif Ağayarın AYB üzvlüyündən çıxarılması ilə başlayan qovğa getdikcə daha da böyüdü. Bir sıra gənc yazarlar da AYB-də demokratik prinsiplərin pozulduğunu və Şərif Ağayarın bu qurumdan çıxarılmasına etiraz edərək istefa verdilər. Ş.Ağayarla söhbətimiz də elə bu mövzuda oldu. 



- Beş-altı qoca toplaşıb məni AYB-dən çıxarıblar. Fikirlərimiz düz gəlmir deyə, belə bir addım atıblar. Bu adamlar saxtakar, mənasız, Notordam kilsəsinin keşişləridir. Zamanı ötmüş, istedadını qıl basmış adamlardır və onlar qərar verərək məni AYB-dən çıxarıblar, yaxşı da ediblər. 

- Sizin təbirinizcə desək, beş-altı qoca Sizdən nə istəyir, niyə yola getmirsiz? 
- Yola getməmək söhbəti deyil. Sadəcə olaraq, fikirlər uyğun gəlmir. Düzü, mən heç onların yanında olmaq da istəmirəm. Onsuz da gec-tez özüm ərizə yazıb gedəsi vəziyyətdə idim. Sağ olsunlar ki, məni qabaqladılar, amma bu, onların ziyanına işlədi. Biri var özün ərizə yazıb gedirsən, biri də var, məhkəməsiz, filansız sənə hökm oxuyurlar. 30-cu illərdə də belə olub. Sadəcə, indi insanı öldürmək mexanizmi yoxdur. Onlar elə bir vəziyyətdədirlər ki, məmnuniyyətlə məni güdaza verərdilər. Məndən əvvəl Rafiq Tağıya qarşı belə bir qərar qəbul eləmişdilər. Çünki o, "heç kimin" oğlu deyildi, bu və digər şəkildə hansısa dövlət orqanına satılmırdı, tam səmimi, çox sadə, gözəl insan, gözəl yazıçı idi. AYB-də isə belə adamları sevmirlər. Ordakılar müstəqil düşüncəsi olan adamdan qorxurlar. 
İkinci örnək kimi Əkrəm Əylislini göstərə bilərəm. Əkrəm Əylislinin bir problemli əsəri ortaya çıxdı, o dəqiqə ona qarşı "səlib yürüşü"nə başladılar. Ölkədə hər şey xoşdu demək, hər yerdə Anar müəllim kimi əl çalmaq yazıçılıq deyil. Əkrəm Əylisli ziyalı, yazıçı mövqeyini ortaya qoydu. Onu da qeyd edim ki, onun problemli əsəri ilə bağlı nəsə demirəm, haqq qazandırmaq da istəmirəm. Amma yazıçıdır, onu yazıb. Yazıçıya qarşı ictimai qınaq ola bilər. Əkrəmə qarşı repressiya başlayanda AYB bəyanat verdi. Heç bir dövlət orqanı Anar qədər Əkrəmi repressiya eləmədi. 
Mən üç saytla əməkdaşlıq edirəm və həftəlik köşə yazıram, minlərlə oxucum var. Anarı o qədər dolayaram, o qədər aşağılayıcı sözlər deyərəm ki, cavab verməyə vaxtı çatmaz. Amma mən bunu heç vaxt eləməmişəm. Bu adam isə məni təhqir edib. Ağsaqqal adamsan, camaat sənə inanır, 30 ildir AYB-nin sədrisən, özünə yaraşan hərəkət elə. Bu adam o qədər kresloya vurğundur, ona elə yapışıb ki, getdiyi tədbirlərdə kreslo da arxasına yapışmış vəziyyədə olur. Kreslo Anardan bezib, amma o, hələ də bərk-bərk yapışıb. Səni bu qədər aşağılayır, təhqir edir, məzələnirlər, amma yenə də əl çəkmirsən. Özünə hörmət elə də. Bütün bunlar bir yana mənə yağdırdığı hədyanlara bax. Yəni, belə bir xəstə mühitdir və mənim ordan çıxarılmağım tərcümeyi-halımda çox ciddi hadisədir. İndi onun keyfini yaşamaqdayam ki, beş-altı qoca məni AYB-dən kənarlaşdırıb. 

- Sizin AYB-dən çıxarılmanızdan sonra dalğa başladı, etiraz edənlər, istefa verənlər oldu. Ayxan Ayvaz Sizə qarşı verilən qərara görə istefa verdi. Bunu dəstək kampaniyası kimi qəbul etmək olar? 
- Ayxan Ayvaz nəinki Anardan, hətta onun atası Rəsul Rzadan da istedadlı adamdır. O, Rəsul Rza ilə müqayisədə çox ciddi ədəbiyyat adamıdır. Anası
Nigar Rəfibəyli isə ümumiyyətlə, müqayisəolunmazdı. Müşfiqi 30 yaşında ölümə göndərib AYB sədri kreslosunda oturmaq başqa məsələdir. 

- Ancaq Rəşad Məcid deyir ki, biz səhv edib Ayxan Ayvaz kimilərini AYB-yə üzv qəbul edirik... 
- Rəşad Məcid fəxr eləsin ki, AYB-də Ayxan Ayvaz kimi üzv olub. Ümumiyyətlə, istefa verən hər bir yazıçı, Mövlud, Rəbiqə, Aysel, onların hər biri Rəşadın özündən istedadlı adamlardır. Hətta onlar Fikrət Qocadan da çox istedadlıdırlar. Məsələn, Rəbiqənin də şeirləri var, Fikrət Qocanın da. Rəbiqənin şeirlərində bir qadın dünyası, həyat, bir narahatlıq, ürək döyüntüsü var. Fikrət Qoca isə "Yaşa prezidentim, yaşa" yazan adamdır. Mən demirəm ki, Heydər Əliyevə şeir yazmaq olmaz. Amma bu səviyyədə yox da, özünü biabır eləmə. Səni ölümdən xilas edib, müalicəyə göndərib, amma jest edəndə də ona layiq bir şey ortaya qoy. 

- Ümumiyyətlə, Sizin Fikrət Qoca ilə probleminiz nədir? 
- Mənim Fikrət Qoca ilə heç bir problemim yoxdur. Sadəcə, onu dolamışam. Ümumiyyətlə, ona ciddi münasibətim yoxdur. Bilirsiniz, Fikrət Qoca ciddi adam deyil. Anar ciddi adamdır, ədəbiyyat adamıdır. Onunla muhatab ola bilərəm, amma o da mənə söyüş söyür. Ona görə məni söyür ki, ölümdən danışmışam. O istəyir ki, Allahı da ölkə başçıları kimi dəyişə-dəyişə getsin. Axı, Allah dəyişməzdir. 
Anar məni Fikrət Qocaya görə cəzalandırmaq istəməyib, öz əqidəsinin aqibəti olaraq, mənə əsəbləşib. Mən də ona qarşı təmkinimi pozmuram. O, ədəbiyyat adamıdır, yaxşı esse yazır, normal yazıçıdır. Ancaq böyük-zad deyil. İsa Hüseynov var, Sabir Əhmədli var, yəni, bu cür nasirlərin qarşısında Anar balaca görünür. Anara sözüm odur ki, məndən bu qədər qorxmasın. Mənim qəbul elədiyim ədəbiyyatda Anar uzağı "padavatçı" ola bilər. Yəni, Füzulinin əyləşə biləcəyi ədəbi məclisdə Anar adamlara çay paylaya bilər. Amma Anar istəyir ki, həmişə başda o otursun, məsələn, Axundovun, Cavidin yerində, axı bu mümkün deyil. Özü də bunu bilir və bunu bilən adamlara qarşı xüsusi qəzəblidir. Ona görə də mənim insan olaraq, mövcudluğumun əleyhinədir. 
Orxan Pamuk AYB-nin qurultayına gəlmişdi. Elə qurultay nümayəndələri seçmişdilər ki, Anar deyəndə, hamı ayğa qalxırdı. Orda jurnalistlər Orxan Pamukdan soruşub ki, sizin fikriniz nədir. O da mənzərəni görüb deyib ki, mən burda nələrin baş verdiyini dərk eləməyə çalışıram. Özü də, qəribədir ki, həmin qurultay Musiqili Komediya Teatrında keçirilib. Bunun da mistik bir mənası var. 

- Yazar-tərcüməçi Tehran Əlişanoğlu Sizi oyunçuluqda suçlayıb... 
- Tehran ciddi adamdır, o bilir ki, mən yazmayanda səs-küy salıram, yazanda çox sakit oluram. İndi yazmadığım dövrlərdir, başımı qaldırıb o tərəf, bu tərəfə baxıram və bu əclafların sifətinə tüpürmək istəyirəm. 
Tehran deyib ki, Şərif özü də bilir necə oynayır. Amma mənimki oyun deyil. Tehran Əlişanoğlu məndən ciddi əsərlər gözləyir, bəlkə də haqlıdır. 
Serb rejissoru var, Əmir Kusturitsa. Postmodern kinonu yaradan əjdaha kişilərdən biridir. Dünyanın kino sahəsinin istiqamətini döndərə bilən adamdır. Bizim Vaqif Mustafayev ondan çox şey çırpışdırıb. Əmir Kusturitsadan soruşurlar ki, sənətlə məşğulsan, niyə siyasətə qoşulursan? O cavabında deyir ki, sənət adamının siyasətə qoşulmağı vacib deyil, amma hər kəs vətəndaş olmağa borcludur. 
Biz vətəndaş cəmiyyətini qurmağa doğru gedirik. Ona görə hər kəsin vətəndaş mövqeyi hökmən olmalıdır.
NİDA-çı Zaur Qurbanlı talassemiya xəstəsidir, amma onu düşüncəsinə görə həbsə atıblar. Fikrət Qoca, Anar buna heç vaxt münasibət bildirməz. Belə məsələlərdə laqeyd qalan yazıçını Kür aşağı axıdıb, Kür yuxarı axtarmaq lazımdır. Tüpürüm onların yazısına, estetikasına. Bu, siyasətə qarışmaq deyil. Vətəndaş mövqeyi olmayan yazıçının yazılarına heç kəs inanmaz. Bu adamlar ona görə etiraz eləmirlər ki, pul alırlar və bunun müqabilində susurlar. 
Əkrəm Əylisli sübut elədi ki, mən kişiyəm, mənim mövqeyim budur. Yəni, o qocaların içindən çıxıb əlimizə salamat gələn adam Əkrəm Əylislidir. Maraqlısı odur ki, Əkrəm bu proseslərdə Fikrəti müdafiə edir... 

- Deputat Fazil Mustafa isə deyir ki, yaşlı nəslin nümayəndələrinə qarşı hədsiz aqressiv davranmaq doğru deyil. Bu barədə nə düşünürsünüz? 
- Fazil Mustafanı qadın və p
ampers, abort, qanunsuz nigah kimi qonağı istisna olan verilişlərdə görürəm. Yaxşı danışır. Bir-iki kitab oxuyub. Amma özü bilmirsə, bilsin, ciddiyyətini pozmuş adamdır. Onun nə dediyi mənim üçün önəmli deyil. 
Heç kimi təhqir etməmişəm. Təhqir mənim üslubum deyil. Jurnalist mənə zəng edib soruşur ki, Fikrət Qoca belə bir söz deyib. Mən də zarafatla demişəm ki, Fikrət Qoca hələ yaşayır? Bəyəm bu, təhqirdir? Düzdür, sonra demişəm ki, Fikrət Qocadan "moşşenik"liyin hesabını soracaqlar. Amma Anarın əlində əsas tutduğu odur ki, qoca bir kişiyə ölüm arzulayıram. Ölüm və qurultay sözü Anarın yanında deyiləndə şəkəri qalxır. Bir də demokratiya Anar müəllimin zəhləsi getdiyi sözlərdəndir. Mən onun otağında olmamışam, yanına getməmişəm, heç salam vermirəm. Amma deyir ki, guya mən Prezident təqaüdü üçün ona yalvarmışam. Sən kimsən ki, mən sənə yalvarım? İşlədiyim Nazirliyin mühasibatlığı ödəyib o pulu. Bu adam özünü nə zənn edir? 
Anarın tövbəyə ehtiyacı var. Məncə, Allah onun etdiklərinə dözəcək yeganə varlıqdır. 

 Reytinqinfo.az