Anası ölmüşə şivən öyrədən namizədlər

anasi-olmuse-siven-oyreden-namizedler
Oxunma sayı: 2055

Fərid Hüseyn

Seçkilərə az qalır... Və reallığa, şəksiz ki, nəticəyə az qalır. Uzaqdan əzəmətli görünən “DAĞ”a yaxınlaşırıq. Diqqətlə prosesi izləyənlər görür ki, seçkiyə günlər qala “ümidlər öləziyir”, “səslər zəif eşidilir”. Çünki “həqiqəti dərk edən dilsiz qalar, deyiblər”.

Çingiz Əlioğlunun “Diaspora” poemasında belə bir məqam var ki, Moskva-Bakı relsi ilə uçan qadın yanında əyləşən kişiyə öz həyat tarixçəsini danışır. Əvvəl yəni – göy üzündə qadın bir xeyli goplayıb hündürdən danışsa da, ərini tərifləsə də, təyyarə yerə – reallığa yaxınlaşdıqca, əsl həqiqəti dilə gətir: Məlum olur ki, böyük uşağı məktəbə getmir, əri ilə işləyir, əri də qazandığını qumarda uduzur və s. İndi bizim “seçki təyyarəmiz də yerə yaxınlaşır, həqiqəti yaxın vaxtlarda hamı görəcək – seçilən seçiləcək, digərləri də əvvəlki fəaliyyətinə davam edəcək, hamısına uğurlar, sözüm onda yox.

Sadəcə gülməli görünən, heç bir intellektual səviyyəsi, mədəni meyarı, üstünlüyü olmayan bəzi namizədlərin xalqa ağıl öyrətməyidir, xalqı guya düz yola çəkmək istəkləridir. Bu durum üzə bilməyən adamın özünü xilasedici qismində təqdim etməsinə çox oxşayır.

Namizədlərin bir çoxunun səviyyəsi seçdikləri şüarlarda, çağırışlarda özünü çox rahat göstərdi. Məlum oldu ki, özü üçün təmiz, söz oyunundan, riyadan uzaq, həqiqəti ifadə edən bir cümlə seçib şəkilinin yanına yazdıra bilməyən xeyli namizəd var. Özü üçün fərli bir cümlə seçə bilməyən bir adam, hansı həqiqəti müdafiə edəcək, onun meyarı nə olacaq?

Absurd nədir: seçki demokratik keçmirsə əgər, xalqı niyə ittiham edirsiniz, əksinə: demokratik seçilirsə yalançı çağırışlara nə ehtiyac var, ay bəzi namizədlər? Xalqın qulağından əriştə asmağın mənası nədir? Bu xalq seçki nədir çox gözəl bilir, onların səsini itirən kütlə kimi qəbul etmək, mətnaltı olaraq “məni seçin sizi yaşadım – bir yana çıxardım” məntiqi ilə yanaşmaq seçiciləri aşağılamaq deyilmi? Xalq, ən azı qəlbinin dərinliyində həqiqətə bəzi şüarçı namizədlərdən daha yaxındır. Sonda isə Nizamini xatırlayaq:

Ürəyim doludur, qoy ağlayım mən,
Anası ölmüşə öyrətmə şivən.