Anasının başı şallı, özünün qulağı sırğalı...

anasinin-basi-salli-ozunun-qulagi-sirgali
Oxunma sayı: 2923

Nadir Qocabəyli

Bəri başdan bildirim ki, həm şalı başından hələ də açmayan, hətta kişi xeylağı görəndə yaşmaqlanan qadınlarımıza, həm də qulağında tay sırğa gəzdirən, cırıq-düşük şalvarda gəzən, namusu, misalçün, ancaq iki qulağın arasında axtaran, iki qulağın arasıyla iki qıçın arasını əlaqələndirməkdə çətinlik çəkən, ya da kənardan sırınan bu şablondan çıxmağa fəhmi yetməyən həmcinslərimə qarşı olduqca tolerantam. Yəni nəyimə lazım, özləri bilər nə geyinər, nə taxar, nə düşünər, nə danışar...

Təkcə ona görə yox ki, biz tolerantlığın yüksək səviyyədə təbliğ və təşviq edildiyi, multikulturalizmə geniş imkanların yaradıldığı bir ölkədə yaşayırıq, həm də ona görə ki, bizdə elə ta binayi-qədimdən belə bir deviz hakim olub: “Neyüvə lazım, anon döör, bacun döör, özü bilər...”

Sadəcə maraqlı gəldi. Necə olur ki, ucqar kənddə doğulan, qoyun-quzu ilə uşağa böyük fərq qoyulmadığı ailədə böyüyən, diktatorluqda Stalinə, qəddarlıqda Hitlerə, vəhşilikdə Səddama dərs keçəcək müəllimlərdən təlim-tərbiyə alan qardaş və bacılarımız qısa bir müddətdə, yəni oturacaqlarının sayı kustar üsulla sonradan artırılmış mikoavtobusa minib Bakıya gəldikdən az sonra elə bir farmazon qiyafəyə bürünür, elə saç-saqqal saxlayır, elə baş, göz, dodaq, yanaq və s. düzəltdirirlər ki, deyirsən, Avropanın kosmopolit mərkəzlərinin birindən gələn Boinqdən elə indicə düşüblər.

Bu pisdir, ya yaxşı? Doğrusunu deyim ki, mən bu məsələylə bağlı qəti qərar verə bilmirəm. Niyə də pis olsun? Gənclərin dünyada gedən proseslərdən, yeniliklərdən, dəblərdən tez bir zamanda xəbər tutub, bunları bir göz qırpımında öz üzərlərində sınaqdan keçirmələrinin nəyi pisdir? Bəs nəyi yaxşıdır? Şal bağlayan, ağlaşmaya stress atmağa gedən ananı, qulaqlı papaq qoyan, təsbeh çevirən dədəni, bakirəliyə ciddi önəm verən qardaşı, qardaş toyunda oynamağı həyatının ən böyük həzzi sayan bacını, ərə getmək üçün oruc tutan qonşu qızını lağa qoyub gülmək, Balaş kimi onların xəcalətini çəkmək yaxşıdırmı?

Qərarı siz verin, əziz oxucular!

Bu günlərdə feysbukda ekstravaqant geyim-kecimi, saç-saqqalı, açıq-saçıqlığa çağıran fotoları, vulqar fikirləri, postmodernist paylaşımları ilə diqqət çəkən və buna xeyli dərəcədə nail olan bir söz adamının (əslində göz adamı) başı ləçəkli, altdan-üstən bərk-bərk geyinib-sarınmış, əlləri qabarlı-damarlı anasıyla paylaşdığı şəklini gördüm. Mən bu adamın paylaşımlarına sıx-sıx rast gəlsəm də, ara-sıra fikirlərinə şərh yazsam da, onun kim olmasıyla, doğrusu, maraqlanmamışdım. Elə bilirdim ki, özündən o qədər də fərqlənməyən müasir və şəhərli ata-ananın övladıdır, anasıyla şəkil çəkdirsə, bəlkə də, nişanlısı olduğunu zənn edərsən. Hərçənd bu tipli adamlar “nişanlı” anlayışını da çox zaman inkar edir.

Bu şəklə baxdıqda bir qədər təəccübləndim və istər-istəməz bəzi məlumatlar əldə etməyə ehtiyac duydum. Dağ kəndlərindən birində doğulub, yəqin ki, düz-əməlli bir məktəbdə oxumayıb (məktəb olsaydı, bəlkə də, oxuyardı), gününü qoyun otarmaqla keçirib və s. O, anasından çox nənəsini xatırladan qadını (anası olduğunu yazmasaydı, həqiqətən nənəsi zənn edərdim) qucaqlayaraq, cənnətin (!) onun ayaqları altında olduğunu yazmışdı.

Düşündüm: bu adamlar bakirəliyə ağız büzərkən, “namuslu ailə həyatı” deyib şaqqanaq çəkərkən daha səmimidirlər, yoxsa ağzı dualı, başı şallı, ağzı yaşmaqlı analarını qucaqlayıb İslam peyğəmbərindən sitat gətirərkən? Başqa sözlə, bu növcavan sabah evlənəndə (əgər evlənsə) ayaqlarının altını cənnət bildiyi o əliqabarlı ananın ruhundakı cənnəti də qoruya biləcəkmi? Yenə qərar verə bilmədim. Deyirlər, istedadlı adamların şəxsiyyəti ziddiyyətli olur. Təki heç olmasa həqiqətən istedadlı olsunlar, istedadlı rolu oynamasınlar.

Çıxış yolunu görkəmli rus pedaqoqu Konstantin Uşinskiyə müraciət etməkdə gördüm. O rəhmətlik vaxtilə yazıb: “Xalqın verdiyi və xalqdan qaynaqlanan tərbiyə elə bir gücə malikdir ki, bu güc başqa xalqlardan əxz olunan və mücərrəd ideyalara söykənən ən yaxşı sistemlərdə belə yoxdur”.