Ancelina Colinin “kişi sözü”

ancelina-colinin-kisi-sozu
Oxunma sayı: 2824

Raminə Eyvazqızı

“Terrorun nə dini, nə irqi, nə də milləti yoxdur” şüarını hansısa avropalı liderin, siyasətçinin dilindən eşitdiyimi xatırlamıram. Bu fikirlərlə özünü tolerant dağarcığı göstərən ya bizlər, ya da qardaş bildiyimiz türkiyəlilərdən çox eşidirik.

Qərb üçün bircə dəfə 100 avropalının ölümü hər gün 10-10 ölən fələstinli, suriyalıdan qiymətli olur. Hələ öldürülənlərin məkanı öz ərazilərindədirsə, onların dili çıxır, həyəcana bürünüb əl-qol atırlar. Siyasət dəllalarının iylənmiş içi görünür. Fransa zəhləmiz gedən, qatil Bəşər Əsədin dili ilə desək, illərdir Suriyada tökülən qanlı səhnələrin bir neçə pərdəsini yaşadı. Dünyanın üstünə soyuq su çilədilər. Elə bil əsrlərdir, aləm xoşbəxt həyat sürürdü və sükut pozulmuşdu. Orada günahsız ölənlərin illərdir münaqişə ocaqlarında ölənlərdən heç nəyi artıq deyildi, niyə bəs bizimkilər də fransızlaşmaq istədilər? Terroru pisləmək üçün öz dərdlərimizi xatırlatmaq olmazdımı?

Günahsız insan ölümü ağrılıdı, biz bunun dadını çox yaxşı bilirik. Məsələ özgə bayraq içində bizimkilərin baxışları deyildi, bu sosial şəbəkə havadarının açıq –aydın insan ölümlərinə qarşı ayrı-seçkiliyi idi. Ötən ay Türkiyədə baş verən terror, yaxud Avropaya axın edən qaçqın qruplarının qəsdən dənizdə batırılması, Livanda, Suriyada və başqa yerlərdə insanların öldürülməsi, lap bizim illərdir verdiyimiz qurbanlar, onlar can deyilmi? Yad bayrağına insanları bürütmək də siyasətdir. Bizi əymək, onların böyüklüyünü təsdiq etməyə sövq etdirməkdir. Fransız bayrağı üçün özümüzkülərin mübahisəyə girib, biri-birini söyməsi... Biz heç bayrağın mənasını belə bilmirmişik. Böyük utancdı.

Günlərdir, Cənubi Azərbaycandakı soydaşlara reaksiya verməyənlər, heç bilirsiz orada bizdən canlara necə zülm edirlər? Terror məgər tək partlatmaqla, kamikadzelərləmi olur? Təbrizdə bizə tərəf can atanların hər gün cəsədləri kranlardan asılır. Son vaxtlar dirənmiş camaat bizdən səs gözləyir, etiraz aksiyalarına neçəmiz dəstək vermişik?

Dünya ocaq üstə yaddan çıxmış qazana bənzəyir. Bu qazanın suyu quruyur. Və bizim dərdlərimiz o qədər özümüzə bəs edir ki, başqasının ölüsünə yas tutmağa vaxt tapa bilmərik. Qarşıdan 20 noyabr -vertolyot qəzası, 20 yanvar, Xocalı... terror-faciə ildönümlərimiz gəlir. Biz hüzrlərimizdə çox tək qalmışıq.
İndi Fransuanın ölkəsində günahsız qan axıdılması ona görə dəhşət hesab olunur ki, onlar ölənlərə kədərlənməkdən çox, “Fransada belə şey ola bilməz” qınağına tutulublar. Bu gün başqasının göz yaşını silməyən Fransanın biz desək də deməsək də, o qədər dərdinə şərik olanı var ki... Dünya liderlərindən tutmuş, kino ulduzlarınadək.

Faciə üçün tək bir fikir insanlıqdan xəbər verir. Aktrisalığı humanistliyinə qarışmış Ancelina Coli: “ Hamı Parisdən danışır, unutmayın ki ötən gün Livanda (Beyrutda) da insanlar ölmüşdü. Hamı üçün dua edirəm.”

Dünya ulduzunun bütün ölmüşlərə eyni münasibəti göstərməsi alqışlanmalıdır. Bayaqdan dediyim də elə bu idi. Dünya o gün sakit yatıb sakit oyanacaq ki, insanları ögey və doğmalara ayırmayacaq, birini öpüb gözü üstə qoyub o birini təpikləyib canını almayacaq. O günləri heç görəcəyikmi?