Ankarada zirvə görüşünün keçirilməsi planlaşdırılır

ankarada-zirve-gorusunun-kecirilmesi-planlasdirilir
Oxunma sayı: 958

Ankarada başlayan Azərbaycan-Türkiyə XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini davam etdirir.

Müdafiə Sənayesi Nazirliyindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, nazirliyin hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürovun da qatıldığı iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi sənaye, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri eləcə də 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilir.

Hərbi dialoq çərçivəsində 2019-cu il üzrə fəaliyyət planının razılaşdırılması da nəzərdə tutulur.

XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 20-dək davam edəcək.

Yaxın zamanlarda Ankarada Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə Türkiyə Cumhuriyyətinin aidiyyəti qurumlarının rəhbərlərinin iki qardaş ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair zirvə görüşünün keçirilməsi də planlaşdırılır.

Zirvə görüşü sentyabrda Bakıda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində əldə olunmuş razılığa əsasən reallaşacaq.