Ankaradakı Heydər Əliyev Parkında AXC-nin 100 illiyi qeyd edildi

ankaradaki-heyder-eliyev-parkinda-axc-nin-100-illiyi-qeyd-edildi
Oxunma sayı: 1313

Azərbaycanın Türkiyədəki səfirliyi Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi münasibətilə təntənəli mərasim təşkil edib.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, mərasimi giriş sözü ilə açan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Azərbaycan Xalq Cümhuriyyətinin, o cümlədən Silahlı Qüvvələrimizin yaranması tarixindən danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin və ordumuzun 100 illik yubileyləri münasibətilə təşkil olunan təntənəli mərasimdə iştirak edənlərə minnətdarlığını bildirən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısı İlham Əliyevin səmimi salamlarını Türkiyə Parlamentinin sədrinə, hökumət və dövlət təmsilçilərinə çatdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və inkişaf istiqamətləri barədə ətraflı məlumat verən Prezidentin köməkçisi diqqətə çatdırdı ki, müstəqilliyimizin dünya miqyasında tanınması və ordu quruculuğu sahəsindəki nailiyyətlər Cümhuriyyət hökumətinin əldə etdiyi ən böyük tarixi uğurlardandır. Bakının erməni-daşnak işğalından azad olunmasına tarixi töhfələr verən Qafqaz İslam Ordusu Silahlı Qüvvələrimizin formalaşmasına da kömək etməklə ölkəmizin və xalqımızın təhlükəsizliyinə dəstək olub.

Türkiyə Baş nazirinin müavini Hakan Çavuşoğlu Baş nazir Binəli Yıldırımın mərasimə ünvanlandığı təbrik məktubunu oxuyub.

Konsertdə Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımova məlahətli ifaları ilə bayram tədbirinin iştirakçılarında xoş ovqat yaratdılar. Ruh oxşayan Azərbaycan muğamı Heydər Əliyev Parkında yaşanan bayram əhval-ruhiyyəsini daha da yüksəltdi. Natiq ritm qrupunun ifası da maraqla qarşılanıb.