ANS-in əməkdaşlarına hücum edildi

ans-in-emekdaslarina-hucum-edildi
Oxunma sayı: 635

ANS-in bölgə müxbiri G. İsayevanın verdiyi məlumata görə, bu gün onlar redaksiya tərəfindən təsdiq olunmuş mövzunu işləyərkən məmur özbaşnalığı ilə qarşılaşıblar. Belə ki, rayonun Qarabaqqal kəndinin sakinləri şikayət ediblər: “Onlar bizə bildirdilər ki, kəndin kənarına qanunsuz olaraq məişət tullantıları atılır. Başqa kəndlərin zibillərini də gətirib ora tullanılır. Bu da istər-istəməz mövsümü problemlər yaradır və kənd sakinlərinin narazılığına səbəb olub”.

Müxbirin sözlərinə görə, məsələyə tam aydınlıq gətirmək üçün onlar adıçəkilən yerdə çəkiliş aparıblar. Sakinləri danışdıraraq onlardan bununla bağlı münasibətlərini lentə alıblar.

“Hətta məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı ərazi üzrə şöbə müdiri Mübariz Hacıyev də münasibətini bildirib. O deyib ki, bu məişət tullantıları rayonun Ərəb kəndindən gətirilir və bunlar ora sadəcə atılmalı yox, basdırılmalıdır. Əks halda bu sakinlərə müəyyən mövsümü problemlər yaradacaq”, deyə G. İsayeva bildirib.

Müxbir deyir ki, bundan sonra onlar bu işlə birbaşa məşğul olan və bu işə birbaşa olaraq cavabdeh olan Göyçay Rayon Mənzil Kommunal İstismar Sahəsinin mövqeyini öyrənməyə çalışıblar: “Bunun üçün də bu qurumun rəisi Loğman Əliyevlə əlaqə saxlayıblar. Əslində, onun telefonla dediyi şifahi fikirlərlə materialımızı yekunlaşdırmaq istəyirdik. Amma bizə dedi ki, əgər siz vicdanlı jurnalistsinizsə və vicdanlı jurnalistikanı təmsil edirsinizsə, onda onun da mövqeyini verək. "Biz razılaşdıq. On dəqiqədən sonra L. Əliyev işlədiyi MİS-in önünə gəldi və bizi otağına dəvət etdi. Sən demə, bu onun köhnə taktikasıdır. Biz onun otağına qalxdıqdan sonra o, qapını bağlayıb, bizi nalayiq sözlərlə təhqir etməyə başladı. Bir neçə dəfə mənə və operator Rəşad Rəşidova əl atdı. Televiziyaya məxsus videokameranın obtektivini qopartdı”, - deyə Günel İsayeva bildirib.

Jurnalist deyir ki, “JEK” müdiri onların əlindən kameranı alaraq “siz kimsiniz ki, mənim ərazimdə məndən icazəsiz çəkiliş aparırsınız”, “Sizə bu ixtiyarı kim verib” deyərək, kameranı əlimizdən alaraq onları otaqdan çıxardı.

G. İsayeva deyir ki, indi onlar bununla bağlı Göyçay Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Məsələni diqqətdə saxlayacağıq.