“Antiazərbaycan qüvvələrə tutarlı cavab ölkəmizin inkişafıdır” - Vüqar Rəhimzadə

antiazerbaycan-quvvelere-tutarli-cavab-olkemizin-inkisafidir
Oxunma sayı: 886

“Azərbaycanın iqtisadi möcüzələr, ən islahatçı, xoşbəxt ölkə kimi tanınması və nüfuz qazanması düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Xarici antiazərbaycan qüvvələrin və ölkəmizdəki “5-ci kolon”nun çirkin kampaniyasına münasibət bildirən baş redaktor deyib ki, bu gün hansı sahəyə diqqət yetirsək, Azərbaycanın davamlı inkişafını görərik:

“Nəzərə alsaq ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır, bu gün Azərbaycanın iqtisadi imkanlarının artması fonunda beynəlxalq aləmdə yerinin və rolunun hansı səviyyədə olduğunu geniş təhlil etməyə ehtiyac yaranmaz. Azərbaycan öz müstəqil siyasəti ilə regionun və dünyanın aparıcı qüvvəsinə, əsl söz sahibinə çevrilib. Məhz bunun nəticəsidir ki, dünyanın yeni siyasəti məhz ölkəmizdə müzakirə olundu. Ötən ay Azərbaycanın ev sahibliyi etdiyi, 55 ölkədən 500-dən çox nümayəndənin qatıldığı VII Qlobal Bakı Forumu “Dünyanın yeni xarici siyasəti” mövzusunu müzakirə etməklə 27 ildən artıq müstəqillik tarixinə malik Azərbaycanın bu sahədə də təcrübəsinin nümunə olduğuna işıq saldı”.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri yüksək səviyyədədir:

“Bu il Azərbaycan dünyanın 120-dən artq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu kimi mühüm hadisələr Azərbaycana inamın, ölkəmizin ədalətli mövqeyinə dəstəyin göstəricisi, diplomatiyamızın uğurudur. Bu uğurlara yol açan əsas amil isə sabitlikdir ki, onun da əsas təminatçısı xalq-iqtidar birliyidir. Həyata keçirilən siyasətə, irəli sürülən təşəbbüslərə xalqın dəstəyi sabaha olan inamı artırmaqla yanaşı, xalq-iqtidar birliyini də möhkəmləndirir, sarsılmaz edir”.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın müstəqil siyasətindən, davamlı uğurlarından narahatlıq xarici antiazərbaycan qüvvələrin əsassız təbliğat kampaniyalarına səbəb olur:

“Xarici antiazərbaycan qüvvələr, onlara xidmət edən “Trensparency İnternational”, “Amnisty İnternational”, OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Bu kimi çirkin kampaniyaların daha çox hansı vaxtlarda həyata keçirildiyi məlum olaylardandır. Nəzərə alsaq ki, yaxın günlərdə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi ilə bağlı işlər tamamlanacaq, bu, artıq həmin qüvvələri belə ənənəvi yollarını davam etdirməyə sövqe edir. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi də belə narahatlıqların artmasında rol oynayır. Amma hər bir cəhdləri reallıqlarımız fonunda uğursuzluğa düçar olmağa məhkumdur. Diqqət çəkən əsas məqam isə bu ünsürlərin daxili bədxahlarımızdan öz çirkin niyyətlərini həyata keçirmələrində bir vasitə kimi bəhrələnmələridir”.

Baş redaktor sözlərinə əlavə edib ki, ölkəmizə qarşı aparılan belə çirkin və ədalətsiz kampaniyalara tutarlı cavab reallıqlarımızdır:

“Ədaləti əsas meyar kimi qəbul edən Azərbaycana beynəlxalq baxış artdıqca bu kimi cəhdlər qaçılmazdır. Lakin belə əsassız kampaniyalar heç bir təsir imkanına malik deyil, əksinə, Azərbaycan daha da qüdrətlənir, güclənir, davamlı uğurlara imza atır”.