Antiterror təşkilatımızın yandırılan möhürü

Antiterror təşkilatımızın yandırılan möhürü
Oxunma sayı: 1230

Qan Turalı 

1905-ci il erməni-müsəlman davasından sonra ziyalılar çarizmlə cinayətkar əlaqəyə girmiş erməni təhlükəsinin nə qədər böyük olduğunu görürlər.

Bunun üçün də gizli bir təşkilat yaratmağa qərar verirlər.

O günlərdə Əhməd bəy Ağaoğlu Gəncəyə gəlir.
Günorta Gəncə məscidində çıxış edir.
Şam yeməyində yerli ziyalılarla görüşür.
Bu görüşdə “Difai” adlı gizli təşkilat yaratmağı qərara alırlar.

Təşkilat suiqəsdlərlə erməni-müsəlman davasında ermənilərə kömək etmiş rus çinovniklərini məhv etməyi qarşılarına məqsəd qoyurlar.
Onların ilk hədəfləri Gəncə qubernatorunun müşaviri Kiresçenski olur. 
Qətlin ertəsi günü divarlara bəyamnamələr yapışdırılır.
Bəyamnamədə qətlin “Difai” tərəfindən nəyə görə törədildiyi yazılır və yazılanların altına möhür vurulur.
Bir həftə sonra isə Bilal adlı qarabağlı general Kalasçapovu öldürmək üçün Tiflisə göndərilir.

Bu general Qarabağda diviziya komandiri ikən öz erməni əsgərlərinə mülki geyimlər geyindirərək silahsız azərbaycanlıları öldürtmüşdü. 
İki gün Tiflisdə qalan Bilal generalı küçədə öldürür və aradan çıxır.
Yenə bəyamnamələr divarları bəzəyir.
Çar polisi bu təşkilatın izinə düşməyə çalışsa da öz məqsədinə nail olmur. 

Buna görə də “Difai”nin bir üzvünün adını deyənə 50 000 manat qızıl pul mükafatı vəd edilir.
Difainin hökumət orqanlarında da üzvləri vardı.

Bir gün Gəncə gizli polisində çalışan Sədrəddin adlı “Difai” üzvü Molla Hadı adlı bir şəxsin polisə gəlib “Difai” haqda məlumatlar verdiyini deyir.
Tezliklə Molla Hadı da qətlə yetirilir.
Möhür isə Molla Məhəmməddə idi.
Ancaq bunu çox az adam bilirdi.

1909-cu ildə Rusiyadan Gəncəyə Kruçkov familiyalı bir adam gəlir.
O əslində sosialist idi amma Gəncədə o dövrlərdə şöhrət tapan süni dil-Esperanto dilini öyrədən kurs açmaq üçün gəldiyini deyir.
Kurs adıyla Kruçkov inqilabi fəaliyyətlə məşğul olur.

O “Difai”nin möhürünü saxlayan Molla Məhəmmədin evində qalırmış.
Polis onun əsl məqsədini aşkarlayır, evində axtarış aparır və “Difai”nin möhürünü də müsadirə edilmiş digər sənədlərlə birgə polis idarəsinə göndərir.
Gəncə polisində çalışan dediyimiz Sədrəddin bəy bu qara xəbəri difaiçilərə çatdırır. 
Nağı bəy Şeyxzamanlı möhürü ordan götürməyi təklif edir.
Sədrəddin isə buna razı olmur.
Axırda ağıllarına yaxşı ideya gəlir.

Əllərində olan sosialist partiyaya aid möhürlə “Difai”nin möhürünü dəyişdirirlər.
Sədrəddin Difaninin möhürünü ocağa ataraq yandırır və yerinə sosialist partiyanın möhürünü qoyur.
Evdə “Difai”yə aid tapılan sənədlərlə bağlı məsuliyyəti də Kruçkov öz üzərinə götürür. 

O Azərbaycan dilində olan bu sənədləri tərcümə üçün ev sahibi Molla Məhəmmədə verdiyini deyir və eləcə də möhürün özünə aid olduğunu bildirir.

Kruçkov azadlıqdan məhrum edilir, Molla Məhəmməd isə Azərbaycan daxilində sürgün edilir. 

“Difai”çilər bu cür xilas olur. 

P.S. Məqalənin hazırlanmasında Nağı bəy Şeyxzamanlının “Xatirələr”indən istifadə olunub. XAN nəşriyyatı, Bakı 2016. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi