“APA”dan haker hücumları ilə bağlı - Açıqlama

apadan-haker-hucumlari-ile-bagli-aciqlama
Oxunma sayı: 680

Saytlara edilən haker hücumlarının “APA Holding” tərəfindən təşkil edilməsi ilə bağlı heç bir etik çərçivəyə sığmayan, dedi-qodu səviyyəsindən o yana keçməyən iddiaları yazan “media orqanlar”ı tamamilə şər və böhtana əsaslanan yazılarında şirkətin mövqeyini öyrənmək kimi adi peşə qaydasına belə əməl etməyiblər. Qeyri-peşəkar davranışa yol verən media orqanlarının xüsusən haker hücumlarına məruz qalan saytların rəhbərlərinin heç bir açıqlamalarında baş verənlərə görə “APA Holding”i ittiham etmədiyi halda bunu etməsi təəssüf doğurur və qərəzdən xəbər verir.

“APA Holding” ünvanına səslənən bu iddiaların tamamilə şər və böhtan olduğunu bildirir, müvafiq dövlət qurumlarını saytlara olan son hücumlarla bağlı araşdırma aparmağa və nəticələri açıqlamağa çağırır.

Bununla belə, qeyd edirik ki, “APA Holding”ə daxil olan saytlara az qala hər gün haker hücumları edilir. Sadəcə, şirkətin peşəkar proqramçılardan ibarət komandası bu hücumların qarşısını alır və hər dəfə bu hücumlar xüsusi aksiyaya çevrilmir. Çünki dünyada olan bütün ciddi internet media şirkətləri bu cür hücumlarla üzləşirlər. Əgər hücumlar total xarakter daşımırsa, bunun qarşısını ala bilmək bacarığında olmamaq şirkətin nüfuzuna ciddi ziyan vurur.

Son iddiaları səsləndirənlərin “məntiqi” ilə düşünsək, o zaman “APA Holding”ə daxil olan saytlara da edilən hücumların qarşı tərəfdən sifariş edildiyi iddia olunmalıdır? Bu cür iddialar çox məntiqsiz, absurd və gülüş doğurandır. Belə iddialarla çıxış etmək yalnız informasiya texnologiyaları ilə bağlı sadə biliklərə belə malik olmamağın göstəricisi hesab oluna bilər.

Çünki haker hücumu güman, şübhə, iddia ilə deyil, riyazi olaraq qaçılması mümkün olmayan faktlarla müəyyənləşir. Bir şirkəti faktiki olaraq kiber-cinayətkarlıqda ittiham etmək üçün ciddi əsaslar, İP ünvanları, trafik göstəriciləri, hücum nəticəsində toplanmış loqların analizi, hücumun təşkili və sifarişi ilə bağlı faktlar ortaya qoyulmalıdır. Biz şirkət olaraq, bu iddiaları yazan media qurumlarını məhkəmə qarşısında faktları açıqlamağa məcbur edəcəyik. Çünki şirkətin işgüzar nüfuzuna xələl gətirən iddiaları yayımlayan “Azadlıq” və “Gündəm Xəbər” qəzetləri ilə münasibətlər hüquqi müstəvidə aydınlaşdırılacaq. Bu qəzetlər ya əsaslandıqları mənbənin iddia və faktlarını ortaya qoyacaqlar ki, o zaman həmin mənbə məhkəmədə cavab verəcək, ya da təzminat ödəməklə üzr istəməli olacaqlar.

Biz Azərbaycanın ən böyük media şirkətlərindən biriyik və özümüzə də yalnız böyük media qruplarını rəqib hesab edirik. Şirkətə daxil olan saytların reytinq göstəricisi, informasiya bazarındakı mövqeyi və dominantlığı, reklam bazarındakı yeri digər media subyektlərinin onunla rəqabət aparmasını daha zəruri edir. Media bazarındakı nüfuz göstəricisi məhz qeyd etdiyimiz amillərlə ölçülür.

Böyük və nüfuzlu bir şirkətə şər və böhtanları ilə zərbə vura biləcəklərini düşünənlər bu dəfə də xəyal qırıqlığına uğrayacaqlarını bilsinlər və səbrimizi sınamasınlar.

“APA Holding” abunəçisi və daimi istifadəçisi olan saytlara edilən haker hücumlarını pisləyir, onlarla daim həmkar həmrəyliyi nümayiş etdirməyə hazır olduğunu qeyd edir.