Aparıcılığa çobanlar götürülməsin...

apariciliga-cobanlar-goturulmesin
Oxunma sayı: 655

Azər Qismət

Milli Televiziya və Radio Şurası və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri teleradio məkanında ədəbi dilin normalarına əməl olunması ilə bağlı monitorinq aparıblar. İyun-iyul aylarını əhatə edən  hesabatda ədəbi dilin normalarını pozan aparıcılarımızın adları açıqlanıb. Layihə çərçivəsində milli telekanallarda - ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV-də yayımlanan verilişlərin dili monitorinqə cəlb olunub. Həmin siyahıda bir sıra tanınmış aparıcılar da yer alıb. 

MTRŞ dil qüsuruna dair bir neçə dəfə monitorinq keçirib. Əlbəttə, bu çox təqdirəlayiq haldır. Əvvəlki monitorinqlərdə adları çəkilən bəzi aparıcıların adı yenidən siyahıya düşüb. Belə görünür ki,tənqiddən nəticə çıxarmır, öz üzərlərində işləmirlər.

Siyahıya diqqətlə nəzər salsaq görərik ki, adları çəkilən telejurnalistlərin əksəriyyəti BDU-nun jurnalistika fakültəsinin məzunları deyil. Çünki jurnalistika fakültəsinin peşəkar müəllimlərindən dərs almış tələbələr istər jurnalistikanın əsaslarını, reportaj, müsahibə (yeri gəlmişkən, müsahibə deyəndə elə tok-şou nəzərdə tutulmalıdır) janrlarını öyrənir, xəbər istehsalı ilə məşğul olur, arqumentləşdirilmiş tənqidlə təhqirin fərqini mənimsəyir, təhlil, tədqiqat bacarıqlarını daha da püxtələşdirməsi üzərində çalışır, ən əsası isə ədəbi danışıq dilinin şivə danışıq dilindən hansı meyarlarla və nə üçün seçilməsini gələcəyin jurnalisti kimi ayırd etməyi bacarır. 

Ümumiyyətlə, jurnalist Azərbaycan dilində düzgün danışmalıdır. Bu o deməkdir ki, jurnalist Azərbaycan dilinin qrammatik qaydalarını beş barmağını tanıdığı kimi bilməlidir. Yəni, adıçəkilən fakültənin məzunları akademik təhsil alırlar, aparıcılığa ciddi yanaşırlar. Bir sözlə, cəmiyyətdə ucuz şəkildə parlamağa can atmırlar. Həm də nəzərə alaq ki, inkişaf etmiş ölkələrdə jurnalistika fakültəsində təhsil alıb-almama önəm kəsb edir. İstər mükafatların, istərsə də fəxri adların verilməsində. Ona da diqqətlə fikir verin ki, siyahıdakı telekanalların arasında ana televiziya –AzTV-nin adı yoxdur. Çünki AzTV-də dilin normaları qorunur, üstəlik qüsuru olan diktorlar efirə buraxılmır. Necə deyərlər, məsələyə ciddi yanaşma öz sözünü deyir. 

Bəs, problem nədədir? Birincisi, aparıcılar dil qüsurunun aradan qaldırılması üçün bəzi məşqləri yerinə yetirmir. Bura ağız-dil oynatmaları, yanıltmaclar və sair daxildir. İkincisi, həmin məşqləri etdirəcək təcrübəli müəllimlər kənarda qalır, yaxud onlara müraciət olunmur.Neçə il əvvəl Şərqiyyə Hüseynova və Sabir Ələsgərov kimi diktorları telekanalların birində işə götürüb iki istiqamətdə çalışdırırdılar. Birincisi, verilişə aparıcılıq edirdilər, ikincisi,aparıcılara dərs keçmək istiqamətində əmək sərf olunurdu. İndi adları monitorinqə düşən telekanallarda yaşlı diktorlardan dərs keçmək unudulub, yaxud bəzi aparıcılar onların köməyindən sadəcə yararlanmır. Təəccüb doğuran məsələ odur ki, adları çəkilən, dilində qüsur olan bəzi aparıcılar gənclərə ədəbi dilin normalarına dair dərs keçirlər. Hərçənd, siyahıya bəzi jurnalistlərin adının düşməsi ilə razılaşmasam da, əksəriyyətinin qüsuru göz qabağındadır. Və bir də onu xatırladım ki, siyahıya televiziya kursu keçməyən şou-biznes adamlarının adlarının düşməsi də təbiidir. Çünki onlar müğənnilikdən birbaşa ekrana gəliblər və el arasındakı azacıq şan-şöhrətləri ilə dil qüsurunu gizlədəcəklərini sanırlar. Unudurlar ki, ekran heç nəyi gizlətmir, növbəti monitorinq də buna misaldır.  

Növbəti problemdən biri aparıcıların xalqa yaxın olmalarına çalışmalarıdır. Onlara elə gəlir ki, ədəbi normalara uyğun danışmayanda xalq onları daha tez anlayır. Necə deyərlər, xalqın gündəlik məişətdəki danışıqları ilə aparıcının dili uyğunluq təşkil etməlidir, onda tamaşaçı ilə canlı rabitə yaranır. Bu, səhv fərziyyədir. Ancaq əvvəllər hesab olunurdu ki, televiziya kütlənin səviyyəsinə düşməməlidir, əksinə öz səviyyəsinə qaldırmalıdır. Onu da nəzərə alaq ki, xalqın arasında da jurnalist peşəsinə yiyələnmək istəyənlər var. Onlar belə danışan aparıcılara baxıb hesab edirlər ki, “əgər jurnalistika budursa, bunun üçün həmin fakültədə oxumağa ehtiyac yoxdur. Bunu mən də bacararam”. Məhz bu səbəbdən birbaşa telekanallara gəlib diktor olmaq istəyənlər çoxalır. Verilişlərin hazırlanmasında bilavasitə iştirak etməli olan aparıcılar kənara çəkilir, yalnız “salam” və “sağ ol”u deməklə ancaq aparıcı olmağa can atırlar. Halbuki, əvvəllər aparıcılığın adı gələndə gənclərin necə həyəcan keçirmələrini indi də xatırlayıram. Onlar efirdə Rafiq Hüseynov, Şərqiyyə Hüseynova, Hicran Hüseynov və digərlərini görəndə anlayırdılar ki, bu, çox çətin peşədir.

Dil qüsuru olan telejurnalistlərin (əslində onları “jurnalist” yox, “aparıcı” adlandırsaq daha düzgün olar) sayının çox olması bəlkə də sadə tamaşaçını maraqlandırmır. Ancaq dilçilər, ümumiyyətlə, ziyalılar bundan çox narahatdır. Bu barədə çox danışılır. Azərbaycan dilinin ədəbi normalarının unudulması hər saniyə pozulur. Sanki, hər gün ekrandan sağıcı, çoban, mexanik, tin uşaqlarının, balıq satan qadınların söhbətlərini dinləyirik. Əlbəttə ki, bunda televiziya rəhbərlərinin də payına tənqid düşməlidir. İlk növbədə onlar düşünməlidir ki, rəhbərlik etdikləri televiziyanı efirdə kimlər təmsil edir. Ciddi düşünməlidirlər, çünki efirə çıxardıqları çoban, sağıcı, alverçi, mexanik həm də həmin rəhbərin özünün televiziya sahəsindəki hazırlıq səviyyəsini göstərmiş olur.