Aptek biznesinin gülünc hesabatı

aptek-biznesinin-gulunc-hesabati
Oxunma sayı: 3797

Aptek biznesi ölkənin ən yaxşı pul gətirən sahəsidir. İnanırsız ki, bu sahə o qədər barmaqarası və hətta deyərdim mənim aləmimdə çirkin sahəyə dönüb ki, sonuncu hesabat fikrimi tam təsdiqləyir.

Nazirlər Kabineti 2012-ci ildə gördüyü işləri gözümüzə soxmaq üçün elə bir hesabat yayıb ki, bişmiş yox elə donmuş toyuğun da gülməyi gəlir. Hesabata görə, ötən il 400 aptek qanunsuz fəaliyyətə görə bağlanıb. Bu hesabata baxanda adama elə gəlir ki, bu sənədi hazırlayanlar ya toy süfrəsindən, ya da hansısa ziyafətdən çıxmış kefi kök adamlar olub. Qənaətim belədir. 40 da yox, 400 aptek nə deməkdir heç bilirsiz? Ya sayda rəqəm səhvi var, ya da bu nəticə ölkədə səriştəsiz nəzarət orqanlarının işini bəyan edir. Ən əvvəl sual oluna bilər, bu sayda aptek hansı müddətdə, hansı qanunla çalışırmış ki? Aptekin qanuna sığmayan əsasnaməsini kim təsdiqləmişdi, görəsən? Bu boyda aptek dövlətə nə zərər vurub bilmirəm, amma insanlara dəyən zərərin ölçüsünü kim götürəcək? Bəs bu sayda apteki bağlayan dövlət məmurları neçə -neçə ailənin işçi qüvvəsini ləğv etdiyini də hesaba alıbmı? Gəlin hesablayaq. Əgər bir aptekdə təqribən 3-4 işçi çalışırdısa, bağlanan apteklərdən 1200-1600 insan işsiz qalır. Bəli, bu ölkədə bir başıboş işbazın əyri(bəlkə də doğru), ya da dövlətin adlandırdığı qanunsuz fəaliyyətinin dayandırılması 100-lərlə ailədə işsizlik sindromunu yenidən başladır.

Heç deyən yoxdur ki, aptek monopoliyası o qədər iyrənc vəziyyəti ortaya qoyub ki, sıradan bir aptek asanlıqla bəhanə gətirməklə bağlanılır. Eh, bəhanə də ki nə çox. Ayağa dolaşan, nizamı pozan apteki tapdalamağa nə var ki. Aptek qurbanlarının və qurban apteklərin başı sağ olsun.

Aptek sahibləri var ki, hələ də latın qrafikalı əlifbamızı tam bilmir. Heç bir təhsili olmayan insanlar aptek biznesinə asanlıqla qoşula bilər. Çünki “Əczaçılıq fəaliyyəti haqqında” Qanunun qaydalarına məhəl qoymadan yalnız pulun ucunu göstərməklə aptek açmaq olur. Olmaz ki? Fəaliyyət göstərən bir apteki dərmanla doldurmaq da çətin deyil. Çünki dərman firmaları (ərzaq mağazasına,şadlıq evlərinə sırınan keyfiyyətsiz məhsullar kimi) özləri apteki “bəzəyəcək.”

Güya yalnız farmokologiya fakültəsini bitirən insanların satıcı qismində işləməsinə icazə verilib. Bu da gözdən pərdə salan qaydalardan biridir. Sertifikatlaşdırma kimi qaydanın şəffaflığı isə heç inandırıcı deyil.

Maraqlııdır, Nazirlər Kabineti aptek bağlatmaq kimi işi görəndə, niyə həmkarı olan Səhiyyə Nazirliyinin yaxasından yapışmayıb. Axı biz bilən apteklərin fəaliyyətində, dərman bazarının tənzimlənməsində əsas iş səhiyyənin üzərinə düşür. Səhiyyə Nazirliyi neyləsin? Nə satılmasına icazə verilən dərmanların sayını dəqiq bilmir. Nə də saxta məhsulu orijinalından ayırmaq üçün yol tapıb bizi xəbərdar etmir. Heç Gömrük Nazirliyi də saxta, keyfiyyətsiz və canımızı alan dərmanların ölkəyə hardan gəldiyini bilmir. Zibillənmiş dərman bazarının məhsulları hərdən ələ keçən kimi yandırılır. Bəs, bu dərmandan istifadə edən insanların taleyi nə olacaq? Bir dərmanın üstünə 50-60 manat qoyub, on qatına qiymətlə satılan preparatların ölçüsünü kim götürəcək? Bir aptekin( mərkəzi yerdə) gündəlik qazancı ən azı təxminən 4000- 6000 manata çatır. Dərmanların keyfiyyətinə Nəzarət İnspeksiyası reystrdə 5000-ə yaxın dərmanın olduğunu deyir, aptek kompyüterində isə 7000-ə yaxın adda dərmanın siyahısı var. Özbaşına dərmanı qiymətə mindirmək, istədiyin qədər reklam etmək işi də yaxşı gedir. Dərmanyeyən millətin bol aptek bazarlığının səbəblərini deməli olacaq kəslər isə səsini çıxarmır? Bizim halımız nə olacaq?