Aptekçilər, yoxsa həkimlər savadlıdır?

aptekciler-yoxsa-hekimler-savadlidir
Oxunma sayı: 2352

Azər Qismət

Adamları xəstəlikdən qurtaran aptekçilərdir. Cərrahi əməliyyatları nəzərdə tutmuram. Artıq cəmiyyətdə bir fikir qəti şəkildə formalaşıb ki, aptekçilər həkimlərdən çox bilir. Onlara inam o qədər güclüdür ki, adamlar yarlı-yaraşıqlı klinikalara getməkdənsə, aptekdəki əczaçılara dərdlərini söyləməyə daha çox üstünlük verirlər. Çünki aptekçilər konkretdir. Bir-iki sual verirlər, dərmanı düzgün seçib adamları sağaldırlar. Özü də nəticəni düz deyirlər. Adamlar da xeyrini görür. Bütün bunların səbəbi həm də başqa məsələdir. Söhbətə bir az uzaqdan başlamaq lazım gələcək.

Bizim rayonda Kazım adlı televizor ustası vardı. Onun yanında şagirdlik edirdim. Bir-iki aydan sonra məni də özü ilə sifarişə apardı. Köhnə yekə televizorun arxasını açıb nəzər saldı, qulağıma pıçıldadı ki, “filan lampa yanıb, onu dəyişsək televizor işləyəcək”. Ancaq baxdım ki, usta qurdalanır. Gah əsgi parçası ilə tozlanan yerləri sildi, gah lampaları bir-bir çıxarıb baxdı, təzədən yerinə saldı, gah payalniki qızdırdı. Arada dedi ki, “bu televirou düzəltmək çox çətindir, görək neynirik”. Nəhayət, həmin lampanı dəyişdi və televizor işlədi. Evdəkilər bir sevindilər, gəl görəsən. Özü də Yeni ilə 2 gün qalmışdı, televizorun işləməyi evə şadlıq gətirdi, uşaqların sevinci hələ də yadımdadır.

Kazımın köhnə “Jiquli”sinə əyləşib iş yerinə gedəndə soruşdum ki, əgər həmin lampadan idisə dəyişərdik, işimizi tez qurtarardıq. Kazım gülümsəyib qiymətli məsləhətini verdi: “Mən o lampanı tez dəyişərdim. Onda ev yiyəsi çıxarıb 3 manat verəcəkdi. Mən də deyəcəkdim ki, azdır. O da üzümə qabaracaqdı ki, “neylədin ki? 5 dəqiqədə bir lampanı taxdın. Böyük iş görmüsən”. Ona görə də heç vaxt işini ucuzlaşdırma, səbəbini tap, amma qurdalan. Hərdən də gileylən ki, yaman çətindir”.

İndiki həkimlər də elədir. Əksəriyyəti nəzərdə tutulur. Xəstənin konkret dərdini bilir, lakin qurdalanır, işini bahalaşdırır. O bilir ki, şəhərdə hər tinbaşı klinika tikilib, xəstə tutmaq çətindir. Ona görə hər xəstədən maksimum yararlanmağa çalışır, kifayət qədər zəli əməliyyatını həyata keçirir. Bilirsiz də zəli neyləyir?

Əgər klinikada işləyirsə çalışdığı müəssisəyə xeyir verməlidir. Özü baxır - 1 xeyir. UZİ-yə saldırır – 2 xeyir. Mədə həkiminə göndərir – 3-cü xeyir. O, təkcə özünü düşünmür, hamını dolandırmalıdır. Özü isə həddindən artıq qazanmalıdır. Yoxsa, usta Kazım kimi xəstənin dərdini yerində desə üzünə qabararlar ki, “sənə az pul verəcəyəm”. Həkim bunu bildiyindən vaxtı uzadır. Hər şeyin uzadılması əlavə gəlir deməkdir. Bu, mənzil təmir edən ustaların işinə bənzəyir. Ustalar ikinci müştərini tapana qədər çox ləng işləyirlər. Elə ki, növbəti müştəri tapıldı, ya xəstəliyi çxıır tez-tez gəlmir, ya da işini tələm-tələsik görüb uzaqlaşır. Bəzi həkimlər isə qurdalanmağa üstünlük verirlər: “Gedin bu dərmanları atın, sonra gələrsiz baxarıq”. Birinci prosesdə belə yola verir. İkinci prosesdə xəstə yaxınlaşır ki, bəs xeyri olmadı. Onda növbəti dərmanları yazırlar. Görəndə ki, xəstə “şikayət edəcəyəm” deyir. Onda konkret xəstəliyi deyir və konkret həblər yazır. Xəstə sağalır. O vaxta qədərsə rəhmətlik Kazımın qızıl məsələhətlərinə əməl edirlər.

Bu nöqteyi-nəzərdən aptekçilər qurdalanmırlar. Aptekçi klinikada işləmir və qurdalanmağa ehtiyac yoxdur. Özü də bilikli olurlar. Çünki kasıbdır, həkim olmağa lazımi şəkildə bəxti gətirməyib. Həm də aptekçilər firmalarla işləsələr də, müəyyən faizlər alsalar da, insaflarını əldən vermirlər. Bəzən yaşlı insanları ucuz, həm də keyfiyyətli dərmanlarla yola salan anlarını görmüşəm. Bəzən nisyə də verirlər ki, adamlar sağalsın. Özü də cavan uşaqlar xüsusilə ağıllı məsləhətlər verirlər. Ürəyində sancı olana deyirlər ki, əzələ ağrısıdır, daha həkim kimi söyləmirlər ki, stend qoymaq lazımdır. Mədəsi ağrıyana söyləyirlər ki, disbalans yaranıb, daha həkim kimi demirlər ki, bədxassəli şişə bənzəyir. Söhbət natəmiz həkimlərdən gedir. O, düşünür ki, məktəbi bitirmişəm və qazanmaq lazımdır. Xəstəliyi tez desə, qara qəpiyin sahibi olmayacaqlar.

Bir məsələ sevindiricidir ki, bizim apteklərə reseptsiz dərman buraxmağa imkan verilir. Əgər Avropa ölkələrindəki kimi olsa, onda adamların dəymişi qala-qala kalı töküləcək. Oralarda həkimin resepti olmadan xəstənin aptekə yaxınlaşması qəti qadağandır. İndiki hala çox şükür