Aqressiv satıcılar

aqressiv-saticilar
Oxunma sayı: 2365

Xuraman Hüseynzadə

-Salam, doktor. Məni Aynur xanım göndərib sizin yanınıza.

-Buyurun, eşidirəm.

-Doktor, siz Aynur xanımsınız?

Həkim qohumum üzümə baxır və tez nəzərlərini məndən ayırıb səbrlə, təmkinlə ona cavab verir. Dərdini dinləyir. Resept yazır. Bu saf qadın resepti çantasına qoyub həkimin otağını tərk edir.

Belə mənzərələrlə çox rastlaşmışam. İnsanların saflığı, naşılığı, mizantrop olması, bəzən dünyadan bixəbərliyi onların ünsiyyətə girə bilməməsinə səbəb olur. Fikirlərini ifadə edə bilmirlər, çəkinirlər. Həkim qohumumla bu barədə söhbət edirik. Məlum olur ki, sadaladığım xüsusiyyətlərə malik pasientləri çox olur. Onları başa düşür, fikirlərini çatdırmasına yardımçı olur.

İçdiyi Hippokrat andından misal gətirir: “Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm.”

Elə sahələr var ki, orda and içilmir. İnsanın öz öhdəsinə buraxılır hər şey: səbrli, təmkinli olmalı, qarşındakı insanı başa düşməli, köməyini ondan əsirgəməməlisən.

Ünsiyyət problemi ilə ən çox qarşılaşdığım yer xəstəxanalar və mağazalardı. Xəstəxanadan misal çəkdim. Ümid edək ki, bütün həkimlər içdikləri anda sadiqdir.

Bəs satıcılar?

Bu sözləri eşitdiyim vaxtlar da olub: “Gəl, bu mağazaya gedək. Malları keyfiyyətlidi, satıcıları da gülərüz, mehriban.” İnsanlar hava, su qədər möhtacdır insanlığa. Məhz bu keyfiyyət onları bir-birinə yaxınlaşdırır.

Bir neçə gün öncə şəhərdəki geyim mağazalarının birində gənc bir satıcı xanımın anası yaşda qadınla kobud rəftarının şahidi oldum. Müştəri nə soruşurdusa satıcı ona aqressiv cavab verir, əsəbiləşir, qaş-gözünü süzdürürdü. Yaşlı qadına qarşı bu cür ədəbsizlik etməsinə ad vermək mümkün deyildi. Nəhayət, qadın dilləndi. Ona tərbiyə verən ata, ananı qınadı əvvəlcə, sonra mağazanın müdiriyyətini. Dedi: “Ay qızım, sən bir tikə çörək pulu üçün səhərdən axşama qədər burda ayaq üstə dayanırsan, bu işi bacarmırsansa, işləmə, qoy bacaranlar işləsin. Mən şəkər xəstəsiyəm, hipertonikəm, nəyə görə sənə əsəbiləşib təzyiqimi qaldırmalıyam, dərman içməliyəm?”

Bu, bəzi mağazaların problemidi. Satıcılar naşı ola bilər. Əsəblərini cilovlamağı bacarmazlar. Bunun müştəriyə nə aidiyyatı var? Əsəbi olan getsin, əsəblərini müalicə etdirsin. İşləməsin. İşləyirsə, onsuz da günü əsəb içində, kasıblıqla mübarizədə keçən müştəriləri nəzərə alsın.

Bu, necəsə həllini tapmalıdı. Müdiriyyət məşğul olmalıdır bu işlə. Müştəri ilə ünsiyyət qurmağı bacaran satıcılar da var. Baxsınlar, öyrənsinlər.