Aqşin Yeniseyi söyənlər

aqsin-yeniseyi-soyenler
Oxunma sayı: 1635

Azər Qismət

Aqşinin vəziyyəti pis olanda xarakterimə uyğun şəkildə “Allah köməyi olsun” pıçıldayıb dua etmişdim. İnsan - gözlərinin hədəqəsindən çıxması ilə sanki imdad diləyirdi. Əslində, qüruruna boğulub dilə gətirmək istəmirdi ki, “mənə kömək edin”. Kömək edənsə yox idi. O gözlərdən oxunurdu ki, “mən bu dünyadan kam almayıb gedirəm”. Bəlkə, heç belə düşünmürmüş. Bəlkə də hansısa əsərinin yarımçıq qalacağından nigaran imiş.

O günlərdə şair-yazıçılardan kömək gözləməyinə dəyməzdi. Çünki onların da maddi dəstək göstərməyə imkanları sıfır həddindədir. İmkanlı yazıçılarımız da azdır. Yəni, Çingiz Abdullayev və bir-iki nəfəri çıxmaq şərti ilə.
İndi, əlhəmdullah, Aqşinin vəziyyəti yaxşıdır. “Qafqazinfo” saytının 5 yaşında bir masa ətrafında əyləşəndə gördüm ki, Aqşin pəhriz saxlayır, çox yemir, heç pivə də içmir. Sevindim. Çünki əvvəllər bəzi məclislərdə onu çox içən görər və pis olardım. Ola bilsin xəstələnməsi ilə ömrünün üstünə ömür gəldi. Üstündən aylar keçdi və onu xilas edənə təşəkkürünü çatdırdı. Aydın oldu ki, çörəyi dizinin üstündə deyilmiş. Aydın oldu ki, mükafatı dəyərləndirə bilirmiş.

Söhbət elə həmin təşəkkürdən gedir. Bu günlərdə Aqşinin müsahibəsini qutab kimi o tərəf bu tərəfə çevirib üstünə düşdülər ki, sən nahaq yerə dövlət başçısına təşəkkür etmisən. Hətta yazıçının facebook səhifəsində də adını tağ edib hikkələrini ortaya qoydular. Çoxsaylı hikkələrin əsas leytmotivi bundan ibarət oldu ki, “Aqşin əvvəllər belə deyildi, indi tamam başqa mövqe sərgiləyir”. Yəni, əvvəllər müxalif yöndə olan azad gənc indi tamam başqa fikirdədir. Və cəmiyyətdə faciənin nədən ibarət olması bir daha təsdiqləndi: “Bizim fikrimizi demirsənsə, bizdən deyilsən”. Bolşevik xislətli fikirlərin yenə də cəmiyyətdə dolaşması, onlardan olmayanlara qarşı radikal düşüncələrin kökü dərinlərə gedib çıxır.

"Qui non nobiskum,adversus nos est". Yəni, "kim bizimlə deyil, o, Bizə qarşıdır" ifadəsi əsasını “İncil”dən (Yevangel) götürüb: "Kim Mənimlə deyilsə, o, Mənə qarşıdır və Kim Mənlə yığmırsa, o, Dagıdır”. (Isa Məsihin fariseylərə müraciəti). “Kim adamları Allahın hüzuruna yigmirsa, o, Ona mane olur. Ona görə ki, bu müharibədə neytral vəziyyət ola bilməz. Her insan ya Allahın tərəfindədir, ya da Şeytanın. Siz Allahin tərəfindəsiz?”. Qədim dövrdə konkret mövqe sərgiləmək tələb edilirdi.

O İllərdə müəyyən dini məzhəblərin yayılıb tətbiq edilməsində işlənən belə ifadələrin kökündə insanın insana düşmənçiliyindən əlavə, həm də zorakılıq elementləri, insan qayəsinə məxsus hikkənin yeridilməsi dururdu. Bunu həm də mərdanə döyüşdən çəkinənlərin, yaxud, istər canlı qüvvəsi, istər cəbbəxanası boşalanların yaratdıqları psixoloji zərbə kimi də xarakterizə etmək olar. Qalib gəlmək üçün hər vasitədən istifadə.

Aqşini tənqid və təhqir edənlər bunu sırf yaradıcılığına yönəlik etmədilər. Tələb etdilər ki, “neblaqodarnı”lıq nümayiş etdirib onun sağalması üçün maliyyə vəsaiti ayıran insanın adını çəkməsin. Bunu həm də daim demokratik dəyərlərin təbliğatçısı rolunda çıxış edənlər də səsləndirdilər. Həmin yaxşılıq azad bir gənci islah etməkdən yaranmamışdı. Gənc bir şairi islah etməyə nə ehtiyac var idi? Axı, bu gənc iddialı deyildi, özünü dağa-daşa da çırpmırdı. Deməli, ağır durumda xəstəxanaya düşən insana yardım humanistlikdən irəli gəlmişdi. Bunun başqa adı yoxdur.

Aqşin isə facebook-da yazdığı bir statusla ona qarşı yönələnlərə belə cavab verdi:

“Ey oğul, adəmi-bikar, əgər şair ancaq gedib şerini yazmalıdırsa, oxucu da gedib ancaq şerini oxumalıdır. Şairin kimə təşəkkür, kimə nifrət etməsi onun şəxsi işidir”.

Çaylar axar ağacların içindən, içindən,
Quruyarlar budaqlar öz ucundan, ucundan,
Quşlar qorxar buludların köçündən, köçündən,
Şimşək çaxar, göydən qaçar yağışlar, yağışlar.

Onun “Kənd” şeirindən bu bənddə də elə deyilir: Şimşək çaxar, göydən qaçar yağışlar.