Arakanı görməyənlər Xocalını görəcək?

arakani-gormeyenler-xocalini-gorecek
Oxunma sayı: 2665

Qan Turalı

Ədavət daima vardır, məhəbbət ad şəklində, 

Bu dünya əskidəndir səhneyi-bidad şəklində.

Məhəmməd Hadi 

Arxeoloqlar Dunay vadisində qədim bir qəbristanlıq tapanda çox sevinmişdilər. Qəbristanda 400-dən çox adam dəfn olunmuşdu. Hər bir skeleti ayrı-ayrılıqda təhlil edən arxeoloqlar 18 nəfərin zorakılıq nəticəsində öldüyünü müəyyən etdi. Onlarda sümüklərinə qədər işləmiş ağır qılınc zədələri vardı. 

18 rəqəmi sizə az görünməsin. Bu 4.5 faiz edir. Müasir dünyada isə müharibələr və qəsdən adam öldürmələrlə bir yerdə bu rəqəm 1.5 faizdir. Yəni insanların 1.5 faizi ya müharibədə ölür, ya da mülki həyatda qətlə yetirilir. Bəşəriyyətin inkişafı da bu üç faizdir. 

“Homo Sapiens” (müəllifi Yuval Noah Hariri) kitabından oxuduğum bu faktı Myanmada müsəlmanların öldürülməsi zamanı bir daha xatırladım.

Müstəqil təşkilatların verdiyi məlumata görə keçən ilin oktyabrından bu yana Arakanda 428 adam öldürülüb, 192 qadın zorlanıb, 1780 ev yandırılıb. 60 mindən artıq qaçqın var. 

Arakanlıların dinləri müsəlman olsa da özləri hind mənşəlidilər. Dövlət rəsmi şəkildə onları vətəndaş hesab etmədiyini deyir. Üstəlik, nə təhsil hüququ var, nə səhiyyə. Təsəvvür edirsinizmi? Bütün bunlar 2017-ci ildə olur…

Bu günlərdə yenə beynimə bir şey ilişdi.

Səudiyyəli bir cəlladın müsahibəsinə baxırdım. O qılınca məhkəmənin verdiyi edam hökmlərini icra edir. Dediyinə görə əvvəl Səudiyyədə edamı odlu silahla edirdilər, sonra qılınca keçiblər. Aparıcı ondan nə vaxtdan bu işlə məşğul olduğunu soruşdu. Cəllad “1412-ci ildən” dedi.

Bildiyiniz kimi, bir çox islam ölkələri kimi Səudiyyə də Hicri təqvimindən istifadə edir. Amma hamıya aydın olan bu faktın özü mənə çox qəribə göründü. 

1412-ci il…5 il sonra Nəsimi edam olunacaq. 80 il sonra Amerika kəşf ediləcək. Doğrudan da dünyanın heç də hər yerində 2017-ci il deyil. Elə Arakanda da…

Ərəb birliyi bu fakta susur. Danışan kimdir? Ərdoğan… Bir də Kadırov…

Məşhur bir amerikalı şərqşünas Hodgson deyir ki, ərəblər səhradan çıxıb islamı türklərə təhvil verdilər, sonra yenidən səhraya qayıtdılar.

Arakanda yaşanılan bəşəri bir faciədir. Və dünya səbirlə  sükut ediyor...

BMT qərarına veto qoyulur. 

Elə bil 2017-ci il deyil.

Hə, bir də buddizm məsələsi.Buddizmin çox humanitar bir din olduğu vurğulanır. Və buddistlərin bu cür zorakı hərəkətləri insanlarda təəccüb doğurur. Bu təəccübü anlamaq olar, amma bununla razılaşmaq imkansızdır. İslam dini də çox açıq şəkildə terrorizmi inkar edir. Bəziləri Quranın müharibə əleyhinə olan hökmlərini terrorizmə calamağa çalışır ki, bu kökündən səhvdir. Quranda hətta müharibə dövründə belə dinc insanları öldürməmək barədə hökmlər var. Amma Əl Qaidə, Taliban, İŞİD-ə bunu izah eləmək mümkündürmü? “Sağ yanağına vursalar sol yanağını çevir” deyən İsa peyğəmbərin xaçpərəstləri Səlib yürüşlərindən bu yana dünyanı qana çalxalamırmı?

Eləcə də buddizm…

Kitabın dediyinə baxan kimdir? Və bu qanlı, insafsız, amansız prosesdə məni bəlkə hər şeydən çox Xocalı düşündürür.

Xocalıda 612 adam ölmüşdü. Üstündən 25 il keçib. Düşünürəm ki, bu yalan dünyaya biz bu faktı qəbul etdirə biləcəyikmi? Çox çətin görünür. Çox…

4.5 faizdən 1.5 faizə…

“Ədalətin bumu dünya?”