“Araz” supermarketdən ittihamlara cavab

araz-supermarketden-ittihamlara-cavab
Oxunma sayı: 3922

“Araz Supermarketlər Şəbəkəsi heç bir məhsulun tarixini dəyişmir”.

Bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq, Araz Supermarketlər Şəbəkəsinin PR meneceri Billurə Əmirova deyib.

“Bu qərəzli xəbəri yayan şəxs vaxtilə Araz Supermarketlər Şəbəkəsinin əməkdaşı olub, məsuliyyətsizliyinə və yol verdiyi kobud nöqsanlara görə işindən azad edilib. Yaydığı məlumat tamamilə yanlışdır və qərəzlidir. Araz Supermarketlər Şəbəkəsi heç bir halda məhsulun tarixini dəyişmir. Belə bir halın olması qeyri-mümkündür. Şirkətimizə qarşı böhtan xarakterli məlumat yaydığına və işgüzar nüfuzumuza vurduğu zərərə görə həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır”, - deyə PR menecer bildirib.

Xatırladaq ki, Bakı sakini “Araz” supermarketdə satılan peçenyenin istehsal tarixinin şirkət tərəfindən uzaldılmasından şikayətçi olmuşdu. O, “Qafqazinfo”ya şikayətində bildirmişdi ki, Qaraxuçurdakı şadlıq saraylarından birinin altında yerləşən marketdən uşaq üçün peçenye alıb. Həmin peçenyenin üzərində istehsal tarixinin bu ilin mart ayında bitdiyi göstərilir. Ancaq market özü məhsul barəsindəki etiketində istehsal tarixini uzadaraq avqust ayını qeyd edib. “Məhsul üzərinə istehsal və son istifadə tarixini yalnız istehsalçı şirkət vura bilər. Marketin etdiyi bu hərəkət isə qanunsuzluqdur”, - deyə şikayətçi əlavə etmişdi.