Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Argentina tərəfindən isə bu ölkənin xarici işlər üzrə dövlət katibinin müavini xanım Norma Nasimbene de Dümont başçılıq edib.
Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, müxtəlif sahələrdə, xüsusilə də siyasi, ticarət, iqtisadi, humanitar sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər. Görüş zamanı yüksək səviyyəli səfər mübadilələrinin münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd olunaraq, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Nazir müavini X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması prosesi barədə Argentina tərəfinə məlumat verib. Azərbaycanın Argentina ilə əlaqələrə önəm verdiyini və mövcud əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan X.Xələfov, parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığını bildirib.
Öz növbəsində xanım Norma Nasimbene de Dümont Argentinanın Azərbaycanın mövcud potensialını və həyata keçirdiyi irimiqyaslı layihələri yüksək qiymətləndirdiyini vurğulayaraq, ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu xüsusilə qeyd edib.
Tərəflər eyni zamanda, iki ölkə arasında müqavilə hüquq bazasının genişləndirilməsi istiqamətində müvafiq fəaliyyətin davam etdiriliməsinin əhəmiyyətini vurğulayıblar.
Səidə