Arıçılıqla məşğul olan sahibkarlarla görüş

ariciliqla-mesgul-olan-sahibkarlarla-gorus
Oxunma sayı: 947

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazisində arıçılığın inkişafına dəstək məqsədilə sahibkarlarla görüş keçirilib.

"Qafqazinfo" xəbər verir ki, görüşdə nazirliyin əməkdaşları, Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak iştirak edib.

Arıçılığın ənənəvi kənd təsərrüfatı sahəsi olması, arıların meşədə saxlanılmasının təkcə arılar üçün deyil, həm də meşə bitkiləri üçün   əhəmiyyəti barədə çıxışlar edilib, fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və sahibkarların təklifləri dinlənilib.

Görüşdə ölkədə arıçılığın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirildiyi, dövlət meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində arıların qidalanması üçün zəngin bitki örtüyünün olduğu nəzərə alınaraq, heç bir ödəniş olunmadan, müvafiq qeydiyyatdan keçməklə arı ailələrinin yerləşdirilməsi barədə qarşılıqlı razılığa gəlinib.
Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov  çıxış edərək Nazirliyin arıçılığın inkişafına dəstək verməyə hazır olduğunu deyib. Qeyd edib ki, arıçılığın inkişafında maraqlıyıq. Bunun üçün ölkəmizin bütün bölgələrində şərait var. Azərbaycanda arıçılığın inkişafı üçün meşə örtüyü də kifayət qədərdir. Arıçılar meşə ərazilərinə ziyan vurmadan arılarını saxlaya bilərlər. Meşə Fondu sahələrində aqrobağlar salınır. Hazırda  ölkə üzrə 5 mindən artıq hektar ərazidə meyvə bağları salınıb. Sahibkarlar həmin sahələrdən istifadə edə bilərlər. Bu ilin payızında da 10 min hektar aqrobağın salınması nəzərdə tutulur.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri  Mələk Çakmakçıxış edərək bildirib ki, arıçılıq sahəsində məhsuldarlıq artırılmalıdır. Arıçılığın inkişafı ilə bağlı stategiya olmalıdır, FAO bu sahənin inkişaf etdirilməsi üçün dəstək verməyə hazırdır.

Azərbaycan Arıçılar Assosiasiyanın sədri Bədrəddin Həsrətov keçirilən görüşdən razı qaldıqlarını, qarşılıqlı müzakirələr aparıldığını və öz təkliflərini verdiklərini bildirib. Meşə salınarkən  nektar və çiçək tozu verən ağaclara daha çox üstünlük verməyin vacibliyi qeyd olunub. O bildirib ki, meşələrin salınmasında, qorunmasında Nazirliklə birgə çalışmalıyıq. Məqsədimiz bal potensialını artırmaq, ölkənin balla təmin edilməsi ilə yanaşı, ixracını da təşkil etməkdir.