Arif Əsgərovun baldızı oğlu hakim qarşısında - Qardaşı 9 il cəza almışdı

arif-esgerovun-baldizi-oglu-hakim-qarsisinda
Oxunma sayı: 3098

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun məlumatına görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə şahidlər dindirilib.

İttihama görə, R.Hüseynov “Azərbaycan Dəmiryolları” QSC-yə yataq dəstləri gətirmək adı ilə Qoşqar Zeynalovdan 4 milyon 300 min manat alaraq mənimsəyib. Hüseynov digər zərərçəkən Namiq Mehdiyevə də pul “atıb”. Lakin Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib.

R.Hüseynov eyni əmələ görə 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır. İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib. 

Qeyd edək ki, təqsirləndirilən qardaşlar “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlanlarıdır.

Sonuncu iclasda A.Əsgərovun oğlu Elnar Hüseynovun sürücüsü olmuş Əlihüseyn Məmmədov ifadəsində deyib ki, R. Hüseynova ev tikməsi üçün 40 min manat verib: “Sonra mən eşitdim ki, onun çox adama borcu var. Bundan sonra polisə şikayət etdim və pulumu geri aldım”. 

Proses aprelin 4-də davam etdiriləcək.

Murad Əhməd