Arif Əsgərovun baldızı oğlunun yenidən məhkəməsi oldu

arif-esgerovun-baldizi-oglunun-yeniden-mehkemesi-oldu
Oxunma sayı: 1555

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 "Qafqazinfo"nun məlumatına görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə şahid Gəray Abbasov ifadə verərək deyib ki, Tovuz rayon icra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla dost olub: 

"Rahibi da yaxşı oğlan kimi tanıyırdım. Qoşqar dedi, Rahib xaricdən mal gətirir, yaxşı pul qazanır. Ona görə obeyktimi 700 minə satıb Qoşqara 800 min verdim. Birgə iş görəcəkdik. O puldan cəmi 95 min geri qaytarıblar. Pulun qalanının harada olduğunu bilmirəm. Rahib mənə demişdi ki, pulu Əvəz Qocayev verəcək". R.Hüseynov isə Ə. Qocayevin adını çəkmədiyini deyib: "Mən dedim pul Arif Əsgərovdadır, oğlu Elnar gətirib verəcək. Siz də mənim arxamda olan adamın kim olduğunu bilib pul vermisiz". 

İttihama görə, R.Hüseynov "Azərbaycan Dəmiryolları" QSC-yə yataq dəstləri gətirmək adı ilə Qoşqar Zeynalovdan 4 milyon 300 min manat alaraq mənimsəyib. Digər zərərçəkən Namiq Mehdiyevə də pul “atıb”. Lakin Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib.

R.Hüseynov eyni maddə ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır. İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib. Qeyd edək ki, təqsirləndirilən qardaşlar “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlanlarıdır.

Murad Əhməd