Armatur ucuzlaşdı

armatur-ucuzlasdi
Oxunma sayı: 3023

İctimai Birlikdən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan məhsulların bazardakı həcmi 53,8% təşkil edib.

İyun ayında aparılan araşdırmalar zamanı nisbi canlanmanın müşahidə edilməsilə yanaşı, bir çox tikinti materialları növləri üzrə qıtlığın yaranması qeyd edilib. İstehlakçıların tələbatlarının ödənilmədiyi tikinti materialları sırasında daha çox Rusiyadan idxal edilən dikt və DSP-nin, yerli məhsullardan isə şveller, katinkanın bəzi növlərində qıtlıq yaranıb. Aparılan qiymət monitorinqinin nəticələrinə əsasən, bu ilin fevral ayından başlayaraq müxtəlif materiallar üzrə qeydə alınan qiymət artımları iyun ayında da davam edib. Artım əsasən Ukrayna (13,64) və Rusiyadan (10,94) idxal edilən sinklənmiş təbəqələrdə özünü göstərib. Sahibkarlar bu artımın mövsümi amillərlə əlaqədar olduğunu bildiriblər.

Qiymətində azalma müşahidə edilən tikinti materialları arasında “Baku Steel Company” şirkətinin məhsulları olan armaturun adını çəkmək olar. Belə ki, 1 ton armaturun qiyməti ötən aydakı 790 manata qarşı 780 manat olub.

2011-ci ilin iyun ayında qiymət dəyişməsi əvvəlki ayla müqayisədə 0,73 % artımla yadda qalıb. 38 adda 88 növdə material üzrə orta qiymət göstəricisi ilin əvvəli ilə müqayisədə 15,3%, ötən rübün müvafiq dövrü (mart ayı) ilə müqayisədə 1,2% artımla qeydə alınıb. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə isə qiymət artımı 23,3% təşkil edib.
İyun ayında aparılan araşdırmalar zamanı ümumi qiymət portfelində yerli istehsal mallarının bazar payı idxal mallarını 1,12 dəfə üstələyib.

Nigar Məmmədli