Artacaq pensiyanın bahalaşan ərzağı

artacaq-pensiyanin-bahalasan-erzagi-
Oxunma sayı: 637

Sözsüz, buradakı fanatlar bir başqa qisimdəndirlər, onlar obyektinə “pulverən” şəxs kimi baxırlar. İnanın şəxsən bizim ailədə televiziya kanallarını baykot edən valideynlərim, yaxınlarım belə onun çıxışını eşidən kimi susur. “Dayanın görək, pensiyalardan nə deyir?”, bu niyyətlə çox vətəndaş puldan təzə xəbər eşitmək üçün qulağını “kökləyir.” Səlim Müslümovun çıxışı hər zaman bu ümidverici fikirlə başlayır: “Ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin güçləndirilməsi məqsədiylə...”

Sonuncu dəfə ötən ilin son günlərinin birində pensiyaların, müavinət və bir çox sahədə çalışan işçilərin pulunun artılacağı xəbəri verilmişdi. Səlim müəllim 10-15 faiz desə də, bu camaat üçün sevindirici xəbər olmuşdu. Amma yenə də veriləcək məbləğin baza məsələsi bir az insanlarda çaşbaşlıq yaradır. Bütün hallarda vətəndaş yeni ilə keçən kimi bankomat kartını bir az da əzizləyib, artacaq pulunun sayını bilməyə həvəslidir. Bu dəmdə Statistika Komitəsi heç artmış pulunun “dadına” baxmayan camaata maraqlı xəbərini çatdırır. Ərzaq məhsulları, gündəlik tələbat və məişət mallarında bahalaşma var. Nə olardı, bir imkan verərdiz, bir müddət keçəydi də. Nə qazandı ki, camaat?

Statistika Komitəsinin tərtib etdiyi siyahıda ucuzlaşan məhsullar da var. Mikser, videokamera, velesiped, elektrik lampaları, uşaq oyuncaqları. Əcəb vacib məhsullardır.

Mikser-onsuzda lazımımız deyil. Hər gün aləmi bir-birinə qarışdıran bir mədəniyyət təmsilçimiz var. Siyasi meydanın öz yiyələri kənarda dayanıb, onlara heç ehtiyac da yoxdur.

Videokamera çox gərəyimizdir. Heyif, pul yoxdur. Mobil telefonumuzun kamerasının “canı sağ olsun.” Amma çəkiləsi çox “şok” videolarımız var, yəni iri planda.

Elektrik lampalarıdakı, soyuq qış axşamlarında “gedib-gələn” işığımızın qurbanlarından biridir.

Nə yaxşı ki, ucuzlaşıb. Onsuzda alınan hər beş lampadan 2-si ya da 3-ü yanmır, xarab olur.

Velosiped- bax bu çox lazımlı məhsuldur. Canının qədrini bilən, tıxaca “dilçıxaran”, açıqverən kəsin malıdır. Amma çətin ki, bizdə bu çox alına. Bizim bəxtimizə kreditə alınmış( bir neçə aydan sonra da üzərinə “satılır” yazılır) maşınların bol tüstüsünü udmaq yazılıb.
Qaldı, oyuncaq. Oyuncaq məsələsi isə çox qəliz məsələdir. “Oyunlar”, “oyuncaqlar” onsuzda çoxdan ucuzlaşıb. Biz hərdən oyuncaq oluruq, ya oyuncaq kimi rəftar olunuruq, oyunlara könüllü giririk, könülsüz çıxırıq. Uşaq oyuncağı deyilik, böyük oyuncağıyıq. Uşaqlarımızı oyuncaqla aldatdığımızı düşünürük, amma özümüzün oyun içində olduğumuzu unuduruq. Çinin keyfiyyətsiz oyuncaqları kimi deyilik, xalis, təmiz “malıq” , heç kəsin sağlamlığı üçün təhlükəli deyilik, çünki təhlükənin elə içindəyik. Pul eşqinə qurulan təhlükənin. Vay, halımıza.