Arvad hesabına yaşayan kişi

arvad-hesabina-yasayan-kisi
Oxunma sayı: 5460

Xuraman Hüseynzadə

Xeyli vaxt əvvəl rayonda ziyarətgaha getmişdik. Ziyarətə gələnlər ayaqqabılarını soyunub içəri keçirdi. Qapının ağzındakı ayaqqabıların içərisində timsah dərisindən olan bir cüt ayaqqabını görən bələdçi mollanın gözləri sevincdən dan ulduzu kimi parıldamışdı: “Bııyy... Nadir məllim də burdadı ki!” Həmin bahalı ayaqqabıların sahibi ziyarətgahdan çıxanda mat qaldım. Bu, o Nadiriydi...

Uşaq olsam da dəqiq yadımdadı. Həyətimizdə təzə gülə düşən ərik ağacının altında əyləşən qonaqlar məşhur xanəndənin dediyi sağlığa cani dildən qulaq kəsilmişdilər. Məclis əhli rayonun adlı-sanlı adamlarıydı. Qapılarda odun doğrayıb, evlərə su daşıyaraq ailəsinə çörək qazanan Ədil kişi də stolun aşağı tərəfində oturmuşdu. Hamı sakitcə xanəndənin dediyi tostu dinləyirdi.

Bu zaman Ədil kişi bir az kənarda samovara od salan oğlunu səslədi: “Əəə, Nadir, gəl gör bu stolun altındakı baltanın sapı bizimdi?”

Nadir əlindəki çıtığı yerə atıb stolun altına tərəf əyildi: “Yox ay dədə, bizimki döyül”.

“Səy Ədilin oğlu” kimi tanıdığımız Nadiri “Nadir məllim” eləyən arvadı Səidə olmuşdu. Səidə Nadirdən yaşda çox böyükdü. O, Nadirin birinci arvadı olsa da, Nadir onun üçüncü əriydi. Səidə qızıl alveri eləyir, sələmə pul verir, bunlardan başqa, harda pullu kişi girinə keçsəydi qaz kimi yolurdu. Arvadı Nadirə əvvəlcə yaxşı bir maşın aldı. Sonra ərzaq və paltar mağazası açdı.

Cürbəcür ayamalar qoşdu camaat Nadirə: “Papaq məllim”, “Səidənin ərçəsi”, “Biqeyrət Nadir” və s. Məclislərinə dəvət eləmədilər onu. Çox vaxt heç salam da vermədilər.

Xoşbəxtliyinin Everest zirvəsinə çatanda gözə-nəzərə gəldi elə bil Nadir. Qəfil arvadında o andır xəstəlikdən tapıldı. İrana, Almaniyaya müalicəyə getdi Səidə. Yaşamaq, xəstəliyə qalib gəlmək üçün pul çox lazım oldu. Var-dövlət yavaş-yavaş pula çevrilib axdı İran, Almaniya xəstəxanalarına. Sonra mağazalar getdi Səidənin yolunda. Lap axırda maşınlar, evlər satıldı... Xeyiri olmadı amma...

Axırıncı dəfə ötən il İrkutskda görüblər Nadiri. Zibil qutularından butulka yığırmış...