“Arvadım dostumla gəzir” dedi, məhkəmə isə... - Bakıda qəribə olay

arvadim-dostumla-gezir-dedi-mehkeme-ise
Oxunma sayı: 8214

Arvadının ona dostu ilə xəyanət etməsi haqda məlumatlar yayan ər məhkəmə tərəfindən cəzalandırılıb. Hadisə Bakıda baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Yasamal rayonunda məktəblərin birində direktor müavini işləyən qadın məhkəməyə müraciət edərək ərinin onun haqda yalan məlumat yaymaq, böhtan atmaq şərəf və ləyaqətini alçatdığını iddia edib və bunun üçün də cəzalandırılmasını istəyib. Belə ki, qadın ərinin yaydığı məlumatların yalan kimi tanınmasını, təkzib məktubu göndərərək üzr istəməsi və mənəvi zərərə görə 30 min manat cərimələnməsini istəyib.

Şəxsi məlumatların qorunması məqsədi ilə tərəflərin adları tam açıqlanmır. Cütlük 1986-ci ildən evlidir, rəsmi olaraq boşanmasalar da, faktiki ayrı yaşayırlar.

Yasamal rayon məhkəməsi qadının iddiasını rədd edib, o da apellyasiya şikayət edib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərov işə baxaraq müəllimənin xeyrinə qərar çıxarıb. Məhkəmə araşdırması zamanı şahidlərin ifadələrinə əsaslanılıb. Qonşusu deyib ki, qadının əri onlara zəng edərək arvadının ona dostu ilə xəyanət etdiyini deyib. Həmin məktəbdə işləyən 3 şahid də eyni halın baş verdiyini deyiblər.

Məhkəmədə ifadə verən ər isə belə bir məlumatı yaymadığını deyib.

Məhkəmə belə qərara gəlib ki, 2 uşaq anası, direktor müavininin özü barədə yalan məlumat yayması, sonra da həmin şəxsləri öyrədərək yalançı şahid kimi istifadə etməsi inandırıcı deyil.

Buna görə də iddiası qismən təmin edilib. Məhkəmə qərarına görə ər arvadının xəyanət etməsi haqda yalan məlumat yaydığı üçün ondan yazılı formada üzr istəməli, mənəvi zərərə görə də min manat ödəməlidir. 

Murad Əhməd