Arvadına görə ev sahibini öldürən hökmdən şikayətçidir

arvadina-gore-ev-sahibini-olduren-hokmden-sikayetcidir
Oxunma sayı: 1619

Arvadı ilə intim əlaqədə olan ev sahibini öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü İlkin Əhmədov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Binə qəsəbəsi, Südçülük sovxozunda kirayə evdə yaşayan İ.Əhmədov ev sahibi 1991-ci il təvəllüdlü Fial İsmayılovu arvadı ilə bir yerdə görüb. İ.Əhmədov ev sahibi F.İsmayılovu 4 bıçaq zərbəsi ilə qətlə yetirib.

Birinci instansiya məhkəməsi zamanı İ.Əhmədov ifadə verərək hadisənin necə baş verdiyini danışıb.

O deyib ki, həmin gecə pivə alıb evə gətirib və qətlə yetirdiyi Fialla birgə içiblər: “Pivəni içəndən sonra hardasa saat 4 olardı, Fial dedi qazın balansı bitib, gedək mağazada pul yükləyək. Birgə gedirdik, yolda Fial dedi ki, işim var, geri qayıtdı. Mən qaza pul yükləyib evə qayıdanda gördüm ki, Fial arvadıma təcavüz edir. Onunla dava etdim, sonra bıçaq əlimə keçdi, vurdum”.

İ.Əhmədovun həyat yoldaşı Aygün Əhmədova isə hadisə və ondan öncə baş verənlər barədə daha ətraflı ifadə verib: “İlkin onu öldürmədən bir neçə gün əvvəl Fial məni zorlamışdı. Hadisə günü bizə gəldi, oturub pivə içdilər. Onlar pivə içəndə mən otağa keçib uzandım, mürgüləmişdim. Oyanıb gördüm ki, bir tərəfimdə İlkin uzanıb, o biri tərəfimdə Fial. Dedim bu burda nə gəzir? İlkin dedi dəymə, içkilidir, evə gedə bilmir. Sonra onlar çölə çıxdılar, Fial İlkini qazın kartına pul yükləməyə göndərdi. Mən onda yatmışdım, oyananda gördüm ki Fial başımın üstündə durub. Paltarımı aşağı çəkib məni zorlamaq istədi. Həmin vaxt İlkin evə girdi. Fial söyüş söyürdü, İlkin onu çölə çıxartdı. Eşitdim ki, Fial deyir “bıçaq qarnıma girdi”. Sonra da onun bıçaqlandığını bildim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əhmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İ.Əhmədov cəzasının yüngülləşdirilməsi üçün apellyasiya şikayəti verib. İş icraata götürülüb və ilkin baxış iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə noyabrın 28-də keçiriləcək.

Murad Əhməd