Arvadını döyən, qızını isə döydürən ata...

arvadini-doyen-qizini-ise-doyduren-ata
Oxunma sayı: 994

Aysu Kərimova

Çox hörmətli - nə düzgün oxuyub - yazmayan, nə də gəzdiyi yerlərdə dükandan başqa heç bir yerə girməyən, uşaqlıqdan kənddə-kəsəkdə gördüyündən başqa heç nəyi qəbul etməyən, axmaq ara mahnılarına qulaq asan, hind filmləri ilə böyüyən, yaşlı nəsil...

Yəqin, televizayaya baxırsız. Və çox yəqin gündəmi zəbt edən qadın intiharlarını, onlara qarşı zorakılıqların sorağın eşidirsiz. Əlbəttə, müdrikcə baş yelləyib, "görən nə qələt edib" deyə ağıllı-ağıllı gileylənirsiz də.  Ağzınızı Allah yolunda açıb, həmin qadınların qarasına döşəməyinizi, az qalsın beş əllə onları canından bezdirənləri öpüb, göz üstünə qoymaq istəməyinizi demirəm hələ. Niyə?! Çünki bu prablemin kökünə su verən də sizin özünüzsüz. Sizin bayağı, tükürpədən  adətlərinizdi.

Günlərdi xəbər saytları, bar-bar bağırır ki, gəlin evdə başqa kişi ilə tutulub, qayınatası, qayınanası, əri tərəfindən döyülüb və başı qırxılıb. Biraz təfərrüatına getsək: deməli, bu hayhəşirdən sonra qız atasının evinə qaçıb. Valideynlərinə nə üçün döyüldüyünü izah etdikdə atası, qızına balta ilə ağır bədən xəsarətləri yetirib. Anası siçan zəhərin qızına zorla içirib. Axı heyvanı bu insanlardan fərqləndirən təkcə tük örtüyü deyil. Bəs şüur, anlama, dərk...Vəhşiliyin gözü qaşı olmur. 

Mən də razıyam ki, gəlinin etdiyi hərəkət əxlaqa ziddir. Birmənalı şəkildə düz deyil. Bəs bunu nə üçün edib? Evinə başqa kişi salmağına səbəb yaradan boşluğu bilmək istəyən varmı aramızda? Bilmirəm...Yox əgər, başqasıyla yatmaq sadəcə iddiadırsa, sübutsuz, dəlilsiz təhqir edilmək, döyülməyin nəticəsi acizlikdi. İnsan döyüləndə özünü bu boyda kainatda qarışqadan da kiçilmiş hiss edir. Hələ göyərtilər, sızlamalar, ağrıları nəzərə almıram.

Qadın əgər həqiqətən də başqa kişiylə tutulubsa, başını qırxmaq, döymək lazım deyildi. Hansı qadın ağ günündən, xoşbəxt güzaranından imtina edər? Təkamüldən neçə yüz il geri qalmışıq, İlahi! Döymək, baş qırxmaq ümumbəşəri, dünyəvi insanlıq anlayışına zidd hərəkətdi. Sivil qaydada boşanmaq ən yaxşı üsuldu. Boşanmanın özü də mədəni cəmiyyətlər üçündü. Şərq isə boşanmış qadının "second hand" - ikinci əl, "ayağı sürüşkən" adlandırır".)

Belə bir sual çıxır ortaya. Bəs qızını başından eləyib, körpəykən bir pəzəvəngin qapısına corab yumağa göndərən ata qeyrətlidirmi? "Ərə getmisənsə cəsədin yalnız  ər evindən çıxa bilər" deyən ananın xisləti nədir o zaman? Onun qulluq etdiyi mənsəbi bilmək istəyirəm.

Zorla ərə veriliriksə, bu o demək deyil ki, o adamdan heyvani instinktimizlə, bədənimizi ondan qeyriləriylə bölüşüb qisas almalıyıq. 

İndi, əvvəllər, ümumiyyətlə bütün zamanlarda ailə anlayışını qadınların əksəriyyəti sanki dünyaya bakirəliyini sübut etmək, "bəli, görürsünüz, mən el dilində təmizəm, başımı qırxmıyacaqsız, bunu edə bilməyəcəksiz" qışqırığından başqa çərçivədə təsəvvür edə bilmirlər.

Buyur, bədbəxt olmağın növbəti əlverişli üsullarından biri.

İndi milli fikir qoruyucuları şığıyacaq üstümə. Axı milli-mental institutunun tənqidi etnik-mədəni irsimiz üçün təhlükəlidi. 

"Qızını döyməyən, dizini döyər" devizi evlər yıxır, min ildi neçə qadını xoşbəxtlikdən zəlil edib. Bir dəfə də demişdim. Bizim cəmiyyətdə valideynlər övladlarını sevdikləri insanla bərabər qocalmağa qoymur, bizi evləndirib, ərə verirlər. Arvadını döyən ata, qızının əri tərəfindən döyülməsini normal qarşılayır. 

Nə etsin qadın? Döyülüb, söyülüb, mənəvi işgəncələrə dözsün? Yoxsa cəmiyyətin  "ayağı sürüşkənsən" baxışları ilə bərələn gözlərinə tab gətirsin?... Bütün hallarda şair demişkən:

Bir axşamüstü
Bir şərq şəhərində
Yoruldum qadın olmaqdan...