Arvadını, oğlunu, gəlinini bıçaqlayan şəxslə bağlı - Açıqlama

arvadini-oglunu-gelinini-bicaqlayan-sexsle-bagli-aciqlama
Oxunma sayı: 636

Prokurorluqdan “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, fevralın 12-də saat 19:00 radələrində Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini, 1935-ci il təvəllüdlü Rəcəb Rəcəbov bir il əvvəl boşadığı və hazırda birlikdə yaşadığı arvadı, 1943-cü il təvəllüdlü Sona Rəcəbovaya aralarında baş vermiş mübahisə zamanı özündəki bıçaqla qəsdən öldürmək məqsədi ilə çoxsaylı xəsarətlər yetirib. R.Rəcəbov daha sonra oğlu, 1978-ci il təvəllüdlü Rasim Rəcəbova da bıçaqla xəsarət yetirmiş və bu zaman evə gəlmiş və bıçağı onun əlindən almaq istəyən gəlini, 1970-ci il təvəllüdlü Yasəmən Rəcəbovanın başına isə tava ilə vurmuşdur. S.Rəcəbova və R.Rəcəbov aldıqları xəsarətlərlə bağlı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, digər zəruri və təxirəsalınmaz istintaq tədbirləri aparılıb.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən R.Rəcəbov tutularaq istintaqa cəlb olunmuşdur. Cinayətin aləti olan 1 ədəd mətbəx bıçaq onun yaşadığı evin həyətindən tapılaraq maddi sübut kimi götürülüb.