Arvadların döydüyü kişilər

arvadlarin-doyduyu-kisiler
Oxunma sayı: 766

“Arvad tərəfindən döyülən kişi heç kişi deyil”

Hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə deyir ki, zorakılıqdan danışanda, adam daha çox beynində qadına qarşı olan zorakılığı təsəvvür edir: “Amma tək-tək də olsa, ölkəmizdə kişiyə qarşı zorakılıq halları da baş verir. Hüquq müdafiəçisi kimi təcrübəmdə kişilərin mənəvi və fiziki təzyiqlərlə evdən qovulması halları ilə az da olsa rastlaşmışam. Gəlin tərəfindən qayınatanın döyülməsi ilə də qarşılaşmışam. Müəyyən zəif xarakterli kişilər var ki, hakimiyyəti qadına verdiklərinə görə qadın ona qarşı mənəvi zorakılıq da, lazım olanda fiziki zorakılıq da tətbiq edir. Hətta qadının ərini öldürməsi faktı da ola bilər. Söhbət məişət zorakılığından gedirsə, həm qadınların, həm də kişilərin hüquqları qorunmalıdır”.

Rusiya, Avropa ölkələrindən fərqli olaraq bizdə ailədə daha çox kişilərin hakimiyyətinə üstünlük verildiyini deyən Ç.Qənizadə bildirdi ki, milli mentalitetimizdən irəli gələrək bizdə həmişə kişi böyük hesab edilib. Ç.Qənizadənin fikrincə, ölkəmizdə kişilərin hüquqlarını müdafiə edən təşkilatın olmaması milli mentalitetdən irəli gəlir: “Hesab edirəm ki, arvad tərəfindən döyülən kişi heç kişi deyil, heç onların hüquqlarını qorumağa da ehtiyac yoxdur. Digər tərəfdən kişilər buna ehtiyac da görmürlər, çünki kişilərin hüquqlarının pozulması hallarına az-az rast gəlinir. Ən azı kişinin imkanı var ki, papağını götürüb evdən çıxsın”.

Hüquq müdafiəçisi yalnız qadınların hüquqlarını qoruyur

Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu hesab edir ki, Azərbaycanda da zorakılığa məruz qalan kişilər var, amma onların sayı çox azdır: “Biz kişilərin deyil, qadınların hüquqlarının qorunması ilə məşğuluq. Hesab edirəm ki, kişilər o zaman zorakılığa məruz qalır ki, qadını onlara qarşı zorakılıq etmək həddinə çatdırırlar. Qadını gərək o dərəcəyə çatdırmayasan ki, zorakılığa əl atsın. Yəni, kişilərin zorakılığa məruz qalması ancaq qadına qarşı zorakılığın qarşılığında baş verə bilər”.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin hüquq müdafiəçisi, əvvəllər qadın salonunda işləyən Cəmilə Səmədova isə deyir ki, kişilərə qarşı zorakılıq da az deyil: “Bu, əsasən, işləməyən kişilərə qarşı olur. Kişi işləməyib qadın işləyəndə, ya heç qadın da işləməyəndə, kişilər mənəvi zorakılığa məruz qalırlar. Bu zaman qadın həyat yoldaşı ilə pis rəftar edir. Və ya kişilər həyat yoldaşlarının məşuqəsi olduğunu aşkarlayanda, qadınlar ərlərini öldürməyə də əl atırlar. Yaxud ər-arvad dava edəndə, qadın özünü müdafiə etmək üçün həyat yoldaşını öldürür”.
Hüquq müdafiəçisi kimi qadınları müdafiə etdiklərini deyən C.Səmədova çox vaxt kişilərin etirazı ilə qarşılaşdıqlarını deyir:

“Biz qadınları məhkəmələrdə müdafiə edəndə kişilər bizə yaxınlaşıb həyat yoldaşlarının onlarla dava etdiyini, evdə özlərini kişi kimi aparmaq istədiklərini, sözlərini keçirməyə çalışdıqlarını deyirlər. Təcrübəmdə uşaq, qayınana, qayınata, həyat yoldaşı üzərində zorakılıq edən qadınlarla rastlaşmışam”.

C.Səmədovanın sözlərinə görə, boşanmalar zamanı qadınların uşaqlarını kişilərə göstərməməsi də mənəvi zorakılıq sayıla bilər: “Bu, bizim qadınlarımızda xəstəlikdir. Boşananda qadın o dəqiqə uşaqla spekulyasiya edir, kişini uşağı ona göstərməyəcəyi ilə şantaj edir. Hətta göstərmir də”.

Psixoloqa müraciət etməyə qorxan kişilər

Psixoloqlar isə hesab edirlər ki, dünyada, həmçinin bizim ölkəmizdə də fiziki olmasa da, mənəvi zorakılığa məruz qalan kifayət qədər kişi var. Xüsusilə müsəlman ölkələrində yaşayan kişilərin bununla bağlı nəinki psixoloqa, hətta dostlarına belə danışması mümkünsüzdür. Çünki bu cür kişilər cəmiyyətin qınağından qorxurlar. Amma bu o demək deyil ki, kişilər zorakılığa məruz qalmır. Bəlkə də intihar edənlər arasında kişilərin sayının daha çox olması bununla bağlıdır. Psixoloqların fikrincə, qadın və kişi zorakılığının baş verməsi ailə üzvləri arasındakı anlaşılmazlıq, kişi və qadının qarşı-qarşıya oturub söhbət edə bilməməsi, yaxiud ümumiyyətlə, xarakterlərinin tutmaması, qısqanclıq və s. ilə bağlıdır.

Psixoloq Azad İsazadə 11 ildir Qadın Krizis Mərkəzində psixoloq kimi çalışdığını, amma psixoloq kimi fəaliyyət göstərdiyi dövrdə qadınlar tərəfindən zorakılığa məruz qalan cəmi 2 kişinin ona müraciət etdiyini dedi: “Bunlar da əslində tam zorakılıq sayılmır. Həmin kişilərin həyat yoldaşları əsəb xəstəsi olduqlarından əllərinə keçəni kişilərə atırdılar. Bunun da səbəbi xəstəlikə bağlı olduğundan zorakılıq sayılmaya bilər. Amma bu, o dmək deyil ki, ölkəmizdə zorakılğa məruz qalan kişilər yoxdur. Təbii ki, fiziki baxımdan daha güclü olduqlarından fiziki zorakılığa məruz qalan kişilərə az-az rast gəlmək olar. Amma ölkəmizdə mənəvi, psixi, məişət, sosial, maddi zorakılıqla qarşılaşan kişilərin sayı az deyil və milli mentalitet və s. baxımdan qadınlardan fərqli olaraq psixoloqa müraciət etmələri ölkəmizdə o qədər də təbii qəbul olunmur”.

Qeyd edək ki, “Sağlam Toplum” İctimai Birliyindən modern.az-a verilən məlumata görə, bizim ölkədə kişilərin 2,1 faizi tez-tez, 1,2 faizi isə hərdənbir xanımları tərəfindən fiziki zorakılığa məruz qalır. Kişilər ümumiyyətlə, daha çox mənəvi zorakılığa məruz qalır. Sözügedən təşkilatın məlumatına görə, kişilərin 69 faizi, qadınların 73,2 faizi həyat yoldaşlarına təhqir, lağ etmə, kobud davranma kimi mənəvi zorakılıq göstərir.

Kaspi.az