Arzular qəbiristanı

arzular-qebiristani
Oxunma sayı: 3436

Qan Turalı 

"Bu ölkədə, bu həyatda heç nəyin arzuladığım kimi olmayacağını bilirəm. Və artıq buna görə də heç bir əzab çəkmirəm".
Zeki Demirkubuz 

Getdikcə dünyanın gələcəyi ilə bağlı pessimist ssenarilər məni daha çox düşündürür.

Dünya bir yana dursun...

“Öz dərdimiz özümüzə bəsdir”.

Doğrudan, sonumuz necə olacaq?

Bəli, biz müstəqil olduq, Azərbaycanın və SSRİ-nin ətrafındakı dəmir pərdələr qalxdı.

Dünya ilə azad təmasa keçdik. 

Sürətlə XX əsrin əvvəlində yarımçıq qoyduğumuz kapitalizmə qayıtdıq.

Müstəqil televiziyalarımız, mətbuatımız, senzurasız ədəbiyyatımız oldu.

Amma ötüb keçənlərə baxanda nə görürük?

Qocaman bir heçlik...

Bozluq...

Öz qabında bişən qısır bir varlıq...

Ən azı media adına, elm adına, sənət adına...

Təhsil adına...

Öz adımıza...

Ədəbiyyata marağımızı itirmişik.

Elmə, təhsilə marağımızı itirmişik.

Əcnəbilər artıq göyə balonlarla çıxmır, kosmik gəmilərlə kainatı fəth edirlər amma biz hələ də Üçüncü Dünya ölkələri kimi bəsit işlərlə məşğuluq.

Vizionumuz sıfırdır.

İstisnasız olaraq bütün sahələrdə belədir.

Dünyanı oxuya bilmirik.

Mütərəqqi dünyadan yüz il arxadayıq.

Misal?

Fransa XIX əsrin ortasında Floberlə, İngiltərə XIX əsrin sonunda Oskar Uayldla ədəbiyyatdakı açıq-saçıqlığı müzakirə edirdi.

Biz hələ bu gün ordayıq.

Sosial mediada, televiziyalarda, mediada müzakirə elədiyimiz məsələlərə baxın.

Və dünyanın gəldiyi yerə baxın.

İnsanlar Marsda həyat şəraiti haqqında danışırlar, misal üçün orda böyük miqdarda günəş kremi lazım olacaq deyə Marsda günəş kreminin xammalı olan bitkiləri Marsda yetişdirmək haqqında düşünürlər.

Biz isə pambıq yoxsa tütünçülüyün daha gəlirli olduğunu düşünürük.

Bütün dünya alternativ enerjiyə keçir.

Biz isə hansısa kəndə təbii qaz verilməsini bayram edirik, bu haqda televiziyalarımızda süjet gedir.

Kitabların oxunma faizinə baxın, yerlərdə sürünür.

Deyəsən, Şekspir demişdi, ətrafımda gördüyum hər şey iyrəncdir.

Şekspir dövründən min qat daha iyrəncdir.

Fərəhlənəsi heç nə yoxdur.

Kimsə desə ki, gənclər var, istedadlar var, gələcək var.

Var, amma onların necə məhv olduğunu da görürük.

Nəhəng bir arzular qəbristanlığında yaşayırıq. 

Hər yerdə qabiliyyəti və istedadı bəlli olmayan məşhurlar, hər tərəfdə bayağılıq, cılızlıq, nadanlıq...

Cavid demişkən, rəqsi təlim ediyor axmaqlar...

Bu hara qədər belə gedəcək?

Nə zamana qədər tv-lərimiz, mediamız, kinomuz, teatrımız, ədəbiyyatımız bu vəziyyətə düşəcək?

Küçədə, tində, bazarda gördüyümüz bu zorakılıq, bu cəhalət, bu səviyyəsizlik nə zamana qədər davam edəcək?

“Xalqımızda birlik yoxdur?”, “Bizdə və dünyada” klişeləri artıq boyatlaşıb.

XIX əsr klişeləri ilə müasir dövrdə yaşamaq mümkünsüzdür. 

Bu sözlər də klişeləşib.

Ən pisi düşdüyümüz vəziyyət deyil.

Bundan da pis vəziyyətlər ola bilər.

Olub da.

Ən pisi odur ki, biz hər şeyi təbii qəbul eləməyə başlamışıq.

Hansı birini deyək?

Dövlət qurumlarımızın kameralar qarşısında jurnalistlərə verdiyi hədiyyələrmi?

Kimin yaxşı yazıçı olduğu dövlətin müəyyən etməsinimi?

Yoxsa, ədəbiyyatın yoxluğunda İnstagramın yüksəlişinimi?

Vaynerlərin ucaldılıb aktyorların kiçildilməsinimi?

Bayağı olan, qısır olan, orta olan hər şeyin mataha minib mənəviyyatın süqutunumu?

XXI əsr qarşısında çox zəif duruşumuzmu?

Bir adamın bizə çox sərt şəkildə “Özünə qayıt” deməyini lazımdır amma ona kim qulaq verəcək, problem ordadır.

Bu hay-küydə haqqın səsi eşidilmir...

Damlaya çox xod veriblər.

Castin Biberdən qulaq tutulur.

Bu da sizə qiyamət senarisi.