Asim Mollazadə ABŞ-dan qayıtdı

asim-mollazade-abs-dan-qayitdi
Oxunma sayı: 651

O, Kaliforniya ştatının San Dieqo Şəhər Şurasında Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Həmçinin Svitzer Haylənd (Switzer Highland) rayonu ilə Bakı şəhərinin Nəsimi rayonu arasında “Qardaşlaşmış Rayonlar” münasibətlərinin qurulması ilə bağlı tədbirə qatılıb. Burada Nəsimi və Svitzer Haylənd rayonları arasında “Qardaşlaşmış Rayonlar” münasibətlərinin qurulmasına dair San Dieqo şəhərinin meri Jerry Sanders, Şəhər Şurasının üzvü Todd Gloria və şura üzvləri tərəfindən imzalanmış xüsusi bəyanat təqdim edilib.

Həmin sənəd San Dieqo şəhər Şurasının meri Jerry Sanders tərəfindən Nəsimi rayonundan millət vəkili seçildiyi üçün Asim Mollazadəyə təqdim edilib.

A.Mollazadə də öz növbəsində müstəqilliyimizin 20 illiyi ilə əlaqədar Şəhər Şurasının üzvlərinin təbrikinə və qardaşlaşma münasibətlərinin qurulmasına göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edək ki, San Dieqo Şəhər Şurasının növbəti iclasının açılışında keçirilmiş bu mərasimdə Şuranın məsul şəxsləri, Nəsimi rayonunun İcra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, İcra hakimiyyəti başçısının müavini Anar Tağıyev, AR-in Los Ancelesdəki Baş Konsulluğunun əməkdaşları Ramil Qurbanov və Fərid Musayev, şəhərin aktivistləri, ictimai xadimləri və Svitzer Haylənd rayonu ilə Nəsimi rayonunun münasibətlərinin qurulması üzrə təşəbbüs qrupunun üzvləri də iştirak edib.

Cənubi Kaliforniyaya səfəri çərçivəsində Asim Mollazadə San Dieqo Diplomatik Şurasının üzvləri, San Dieqo şəhərinin ictimai xadimləri, San Dieqo Dövlət Universitetinin rəhbər heyəti ilə görüşlərdə iştirak edib. Eyni zamanda bir sıra özəl və dövlət orta məktəblərində görüşlər keçirib. San Dieqo Diplomatik Şurasının ofisində o, ABŞ-da yaşayan Azərbaycanlı arxitektor-rəssam Yavər Rzayevin rəsm əsərlərindən ibarət “Qarabağ unudulmur” sərgisində iştirak edib.

Asim Mollazadə San Dieqo Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri qarşısında mühazirə ilə çıxış edib. O, tələbələrə Azərbaycanla bağlı ətraflı məlumat verib. Azərbaycanın ABŞ ilə strateji əməkdaşlıq münasibətləri, ölkəmizin regionda rolu və əhəmiyyəti, qonşu ölkələrlə münasibətləri, Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Tələbələri maraqlandıran suallara cavab verib.