Asiya İnkişaf Bankı Azərbaycanla bağlı yeni biznes planı təsdiq edib

asiya-inkisaf-banki-azerbaycanla-bagli-yeni-biznes-plani-tesdiq-edib-
Oxunma sayı: 641

Biznes plana uyğun olaraq, AİB nəqliyyat, enerji, su təminatı, kanalizasiya, şəhərdaxili xidmət sektorlarını dəstəkləməkdə davam edəcək. Nəqliyyat sektorunda AİB Masallı-Astara yolunun maliyyələşdirilməsi üçün yeni kreditlər ayıracaq. Bank həmçinin Bakı ilə Gürcüstan arasındakı əsas magistral yolların maliyyələşdirilməsini də nəzərdən keçirir. Bakı ilə Gürcüstan arasındakı magistral yollar Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlq (CAREC) Proqramının əsas korridoru hesab edilir.
Enerji sektoru ilə bağlı investisiya proqramı milli paylama şəbəkəsinin gücləndirilməsi və yenilənməsini, enerji təminatı ilə bağlı etibarlılığının artırılmasını, paylama zamanı itkilərin azaldılmasını, enerji sektorunun maliyyə, idarəetmə və əməliyyat sahələrinin təkmilləşdirilməsini nəzərdə tutur.
Şəhərdaxili xidmətlər sahəsində AİB Azərbaycan hökumətinə ikinci dərəcəli şəhərlərdə su təminatı və kanalizasiya xidmətlərinin təkmilləşdirilməsinə yardım göstərməkdə davam edəcək. AİB şəhərdaxili nəqliyyat layihələrinin maliyyələşdirilməsini də nəzərdən keçirə bilər.
Yeni biznes planı şərh edən AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olly Noroyono bildirib: “Biz biznes planı hazırlayarkən Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmışıq. Biznes plan ilk növbədə hökumət üçün prioritet təşkil edən infrastruktur layihələrin inkişaf etdirilməsini hədəfə alıb. Biznes plan Azərbaycan hökumətinin iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və diversifikasiyası ilə bağlı apardığı siyasətlə uzlaşır. Biz planın uğurla və effektiv şəkildə icra olunacağını gözləyirik. Biz inkişafa yardım göstərmək üçün Azərbaycanın yanındayıq.”

Nigar Məmmədli