“Aşurada ölkəyə 50 milyon ziyan dəyir”

asurada-olkeye-50-milyon-ziyan-deyir-
Oxunma sayı: 2659


“Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki, həmin gün bazar və market sahibləri, alverçilər bu günlə əlaqədar bir günlük tətilə çıxırlar. Din alimlərinin tövsiyələrinə görə, bu gün saat 2-yə kimi heç bir iş görməməlidir. Odur ki, matəm günü olduğundan qazanc dalınca getmək bəyənilməyən bir əməldir. 

Aşura səbəbdən insanların böyük əksəriyyətinin işə getməməsi yollarda, ictimai nəqliyyatda da açıq-aşkar hiss olunub. Belə ki, hər gün mənzil başına bir-iki saata çatırdıqsa, bu gün eyni yolu yarım saata getmək mümkün olub. Tıxaclarla yanaşı hər gün ictimai nəqliyyatda müşahidə olunan sıxlıq da olmayıb. 

Bu gün gül dükanları, çörək sexləri, mağazalarla yanaşı bəzi tibb müəssisələrində (Məsələn, “Medigroup”) də qeyri-iş günü elan olunub. 

Artıq neçə illərdir ki, Aşura gününün qeyri-rəsmi iş günü təyin edilməsi ilə bağlı hökumətə müxtəlif təkliflər edilib. Lakin sözügedən təkliflər bu günə qədər nə Milli Məclis tərəfindən, nə də ki, digər aidiyyəti rəsmi şəxslər və qurumlar tərəfindən ciddiyə alınıb.

İqtisadçı Samir Əliyevin dediyinə görə, hər il qeyri-iş günləri ilə bağlı ölkə iqtisadiyyatı külli miqdarda vəsait itirir. Ekspertin sözlərinə görə, hər qeyri-iş gününə görə ölkə iqtisadiyyatı 50 milyon manat itirir.. 

“Düzdür, Aşura gününü yarı iş günü olsa da, ölkə büdcəsinə kifayət qədər təsir edir. Başqa ölkələrlə müqayisədə bizdə bayramlar çox olduğundan qeyri-iş günləri də çoxdur. Nəzərə alsaq ki, bayram günlərində ticarət obyektlərində alğı-satqı güclənir, bu müəyyən qədər itkini kompensasiya edə bilir. Lakin Aşura günündə ticarət obyektləri bağlı olduğundan bu itkini kompensasiya etmək mümkün olmur. Mənim ötən ilki hesablamama görə, Aşura günü iqtisadiyyata 50 milyon manat civarında ziyan dəyir” - deyə Samir Əliyev vurğulayıb.