Aşurada qanvermə

asurada-qanverme
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, İçəri şəhər “Cümə” məscidi dini icmasının sədri, axund Hacı Surxay Məmmədli bildirib ki, artıq neçə ildir Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı könüllü qanvermə aksiyaları təşkil olunur: “İçəri şəhər “Cümə” məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlmanlar aksiyada yaxından iştirak edirlər və artıq “Cümə” məscidində qanvermə aksiyasının təşkili ənənəvi hal alıb. Dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsər gətirmək bəyənilmir və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir. Aşura mərasimində məsciddə keçirilən təziyə məclisində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunacaq, həmçinin vətən uğrunda şəhid olanların əziz xatirəsi yad ediləcək. Həm də həmin gün məsciddə könüllü qanvermə aksiyası təşkil olunacaq. Buz talassemiya, hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün keçirilən bu tədbir “Cümə” məscidində artıq 7-cı dəfə təşkil olunacaq”.

Məsciddə hər bir müsəlman üçün böyük savab sayılan bu qanvermə aksiyasına hazırlıq işləri aparılıb. Hər il olduğu kimi Aşura günündə Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılacaq və keçən illərə nisbətən daha çox vətəndaş bu aksiyaya qoşulacaq. Yalnız keçən ilin Aşura mərasimi zamanı qanvermə aksiyasında 150-yə qədər insan iştirak edib.

Qeyd edək ki, Səbail rayonunda “Cümə” məscidi ilə yanaşı rayonun ən iri dini mərkəzi sayılan “Bibiheybət” məscidində də könüllü qanvermə aksiyası keçiriləcək. Bunula əlaqədar “Bibiheybət” məscidində də hazırlıq işləri görülüb.

Nigar Məmmədli