At əti satanlar aşkar edildi

at-eti-satanlar-askar-edildi
Oxunma sayı: 1368

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Bərdə rayonunda əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə at əti satanları aşkar edib.

“Qafqazinfo” xəbər verir ki, Bərdə rayonu, Bakı küçəsi, ev 28-in sahibi Novruzova Vəsilə Ərşad qızının həyətində qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və  sağlamlığına dair heç bir sənədi olmayan, gizli şəkildə kəsilmiş 2 baş atın mədə-bağırsağı, 2 at başı, ətdən ayrılmış  sümüklər, dərilər, at dırnaqları, 100 kq sümüklü at əti (atın bud ətləri) və heyvan kəsimi üçün antisanitar vəziyyətdə, primitiv şəkildə quraşdırılmış ləvazımatlar aşkar olunub.

Araşdırma zamanı at kəsiminin ev sahibəsi ilə onun oğlu Novruzov Niyaməddin Nurəddin oğlu ilə birgə aparmaları müəyyən edilib.

Baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə, qanunsuz at kəsimi ilə məşğul olan ev sahibi Novruzova Vəsilə Ərşad qızı və onun oğlu Novruzov Niyaməddin Nurəddin oğlu barədə akt yazılaraq inzibati protokol tərtib edilib.

Onu da qeyd edək ki, bu, son zamanlar ev sahibinin oğulu ilə birlikdə həyata keçirdikləri 2-ci belə hadisədir. Onlara 15 sentyabr 2017-ci il tarixində qeyri-qanuni at kəsimi ilə məşğul olduğuna görə ona xəbərdarlıq olunub, 200 manat miqdarında cərimə ediliblər.