“Atamı azadlığa buraxdıracağını deyib məndən 150 min aldı”

atami-azadliga-buraxdiracagini-deyib-menden-150-min-aldi
Oxunma sayı: 2920

Bakı Ağır Cinayətlər Məhkəməsində baş prokurorun keçmiş müavini, dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə zərərçəkmiş Rəşad Yusifov ifadə verib.

O bildirib ki, atası Rəhman Yusifov 2013-c ildə 5 il müddətinə azadlıqdan məhrum olub: "İş Ali Məhkəmədə olanda Məmmədvəli Cəfərovla müqavilə bağladıq. Ona 2 min manat pul verdim. Məmmədvəli Cəfərov Ali Məhkəmədə tanış adam tapdığını, atamı oradan azadlığa buraxdıracağını deyib məndən 150 min manat aldı. 2015-ci ilin əvvəllində 2 dəfə kassasiya şikayətini geri götürdü ki, iş alınmır. Sonra baxdım ki, bu adam məni aldadıb. Pulumu geri istəyəndə, bəhanələr etdi, telefonumu açmırdı. Daha sonra hissə-hissə 61 min manat qaytardı”.

R.Yusifov təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş zərərin ödənilməsini istəyib. Proses fevralın 8-də davam etdiriləcək.

M.Cəfərov 1992-ci ildə baş prokurorun müavini olub. Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov hazırda 13 saylı Vəkil Bürosunda fəaliyyətini davam etdirir.

Zərərçəkmiş R.Yusifovun atası Rəhman Yusifov isə 2008-ci ilədək Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, həbs edilərkən isə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Qaradağ rayon şöbəsinin müdiri olub. 

Murad Əhməd