Atəşkəsə səbəb nə oldu?

ateskese-sebeb-ne-oldu
Oxunma sayı: 5966

İlqar Altay

Azərbaycan aprelin 2-dən bəri ermənilərin təxribatına qarşı əks-həmlələri, müəyyən strateji əlverişli mövqeləri ələ keçirməklə, qarşı tərəfə ağır itkilər verməklə, birtərəfli qaydada dayandırıb. Yenicə qələbə sevinci yaşamağa başlamış insanımızda təbii sual yaranır, niyə? Niyə belə uğurlu əks-həmlə Qarabağ torpaqlarımızın azadlığı istiqamətində daha geniş miqyaslı hərbi addımlar və hücumlara çevrilməsin?

Hərbi-siyasi analiz qabiliyyətli insanlar isə düşünür ki, bu gün üçün bu yetər. Bu an hələlik dayanmaq və bunu dünyaya bəyan etmək özü, heç də uzaqda olmayan böyük qələbə hücumunun başlanğıcı və hazırlıq siqnalı deməkdir. Azərbaycanın əslində, bu son konfliktdə heç də hücum planı olmayıb. Olsaydı, belə bir vacib əməliyyatı yəqin ki, heç vaxt ali baş komandanının çox uzaq səfərdə olduğu an başlamazdı.

Azərbaycan tərəfi sadəcə, işğalçı erməninin görünməmiş kobud atəşkəs pozuntusuna adekvatdan artıq sərt cavab verdi. Və o qədər sərt ki, bu dəfə nəinki düşmənin atəş nöqtələrini tam susdurdu, üstəlik, hücuma keçib onu böyük itkilərə məruz qoydu. Vurub vacib strateji mövqeləri əlindən aldı. Və bütün bunlar təbii ki, insanlarda genişmiqyaslı hücum təəssüratı yaratdı.

Azərbaycan tərəfinin isə bu dəfəki suallar doğurucu sərtliyinin əsasları olmamış deyildi. Əvvəla, Azərbaycan siyasi aspektdən qarşı tərəfə başa saldı ki, sizin təxribatınıza tam hazır idik, bunu gözləyirdik. Çünki bilirdik ki, bizim Türkiyə ilə qardaşlıq və ondan da sonra ABŞ-la öz ölkəmziin milli mənafeiyinə uyğun yaxınlaşma addımlarımız müəyyən problemlər yarada biləcək.

Bilirdik ki, bu hal bunu istəməyən və bizi daim öz təsiri altında görən güclərdə qısqanclıq yaradcaq. Buna uygun da aqressiv addımlar, hətta təxribatlar gözləyirdik. Və bu təxribatların da ən birincisini, həmişə bu cür çirkin işlərdə vasitə rolunu oynayan ermənilərin üstümüzə qısqırdılması ilə gözləyirdik. Gözlədiyimiz üçün də cavabımız heç kəsin gözləmədiyi dağıdıcı hücum qədər tutarlı oldu.

Azərbaycan geosiyasi aspektdən də tam sübut etdi ki, artıq Qarabağ problemi ilə bağlı səbr kasası dolub. Kimlərinsə böyüklük edib, münaqişəni ədalətli və dinc formada həll edəcəyi ümidvermələrinə inanmır. Bu konflikti kimin, hansı məqsədlə yaratdığını, kimin böyüklük və neytrallıq pərdəsi altında ermənilərə havadarlıq etdiyini də yaxşı görür və bilir. Bu neçə illərdə Azərbaycanın Qarabağ yarası üzərində kimlərin oyunlar qurub özünə dividentlər götürdüyü də bəllidir.

Ona görə də, Azərbaycan bundan sonra bütün Qarabağətrafı oyunlara yox deyəcək. Müstəqil dövlət olaraq, kimlərinsə yaratdığı özünəsərfəli qaydalara yox deyib, bütün BMT qətnamələri və beynəlxalq qanunlara uygun tərzdə, özünün hərbi gücü ilə özü öz torpaqlarını geri qaytaracaq. Yəni, qurama tənzimləmə qaydalarını kənara qoyub, özü, işğalçıya öz məqsədəuygun cavabını verəcək.

Bu sərt əks-həmləli cavab tədbirləri ilə Azərbaycan həm də bəyan etdi ki, torpaqlarını tam azad etmək üçün kifayət qədər güclü və hazırlıqlı orduya malikdir. Ordunun döyüş hazırlığı, şəxsi heyəti, hərbi texniki vasitələri və arxa cəbhə ehtiyatları bütün müasir standartlara cavab verə bilir. Sübut etdi ki, silahlı qüvvələrin hücumunun qarşısını alan, yalnız siyasi qərar gözləməsi ola bilər və bu qərarın da qəti olaraq verilməsinə çox qalmayıb.

Qısamüddətli və effektli əks-hücum əməliyyatlarında Azərbaycan siyasi hakimiyyətinin qətiyyət göstəricisinin, xalqın və vətəndaş cəmiyyətinin vətənpərvərlik ruhunun yüksək olması da müəyyən olundu. Aydın oldu ki, ölkə rəhbərliyinin torpaqlarımızın azad olunması üçün qərar verməsi ilə silahlı qüvvələrin bu tapşırığı fədakarlıqla yerinə yetirməsi xalqın, cəmiyyətin dəstəyinə tam mütənasibdir.

Bəs belədirsə, sülh danışıqları nəticə vermirsə, bütün imkanlar da var ikən, Azərbaycanın hərbi yolla addım atıb torpaqlarını azad etməsinə nə mane olur? Lokal konfliktlərin çözülməsinin və münaqişə müharibələrinin öz spesifik qaydaları var. Burada aparılan hərbi əməliyyatlar bir sıra yerli, regional və beynəlxalq vəziyyətə, konkret zaman və şəraitə uygun gəlməlidir. Fikrimizcə hazırda, bu yolun qarşısında müvəqqəti dayanan yeganə amil, yeni yaranmış geosiyasi şəraitdir.

Əvvəlki geosiyasi şəraitlə bu problem daha 25 il müddətinə də uzana bilərdi. Ancaq yeni şəraitdə bu məsələ çox uzana bilməz. Uzunmüddətli Qarabağətrafı qaranlıq oyunlardan, müəmmalardan sonra artıq hər şey aydınlaşıb. Bir sıra həqiqətlər ortaya çıxıb. Əlahəzrət zaman gec də olsa Azərbaycanı əslən istəyən və istəməyənləri, onun dostu və düşmənlərini açıq ortaya qoyub. Sadəcə, düşünmək olar ki, bu dönüşdə ölkəmizin yaranmış yeni vəziyyətə öz siyasi planlarını uygunlaşdırması, götür-qoy etməsinə ehtiyac var.

Azərbaycanın ona maneə yaradan güclərdən ustalıqla aralanması və ona həqiqi dəstək olan, onun varlığı və ərazi bütövlüyündə səmimi tərəfdar olan güclərin yanında yer tutması lazımdır. Bununla, vacib geosiyasi dayaq və mövqelərini möhkəmləndirməsi lazımdır. Söhbət bu saat, uzunmüddət paslanmış zərərli geosiyasi şəbəkəni qırıb, yeni mövqeyə çıxmaqdan gedir. Bu isə, düşünmək olar ki, çox uzun müddət tələb etməyəcək. Azərbaycan öz haqqına uygun tam qələbəsini əldə edəcək.