ATƏT-in hesabatına etirazlar - “Qərəzlidir, onların bəyanatını aeroporta tullamaq lazımdır”

atet-in-hesabatina-etirazlar
Oxunma sayı: 4087

Xəbər verdiyimiz kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları Azərbaycanda prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəylərində seçkilərin məhdud siyasi mühitdə keçirildiyini, həqiqi rəqabət olmadığını açıqlayıb.

Açıqlanan hesabata münasibət birmənalı olmayıb. Belə ki, artıq ölkənin müxtəlif ictimai-siyasi sektorlarında ATƏT-in hesabatının qərəzli olduğuna dair fikirlər səsləndirilir.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili Hikmət Babaoğlu APA-ya açıqlamasında ATƏT PA, ATƏT DTİHB və AŞPA müşahidə missiyalarının birgə rəyinin obyektivlikdən uzaq və qərəzli kimi göründüyünü deyib.


  
H. Babaoğlu bildirib ki, müşahidə missiyasının vəzifəsi, adından göründüyü kimi, müşahidə aparmaq və obyektiv qiymət verməkdən ibarətdir: “Ancaq təəssüf ki, biz bəlkə də seçkidən əvvəl hazırlanmış mətni media qarşısında oxuyaraq, ölkəmizdə keçirilən demokratik seçkilərə kölgə salmağa cəhd göstərilməsinin şahidi olduq. Bu, ATƏT və AŞPA kimi ciddi qurumların müşahidə missiyasına yaraşmır. Mətbuat konfransında Azərbaycan mətbuatının suallarının heç bir sualına cavab verilmədi. Səsləndirilən tənqidi fikirlərin arqumentləri də açıqlanmadı. Ona görə də bu, daha çox əvvəlcədən planlaşdırılmış siyasi şouya bənzəyirdi. Bu tədbirlərdə səsləndirilən hər bir fikir ayrı-ayrı faktlarla diqqətə çatdırılmalıdır. Bunun yerinə biz mövcud reallıqla həmin müşahidə missiyalarının manipulyasiya cəhdlərinin şahidi olduq”.
 
Millət vəkili qeyd edib ki, bu müşahidə missiyaları özünü Azərbaycan xalqının dostu kimi göstərməyə çalışdı: “Ancaq əslində Azərbaycan xalqının iradəsinə hörmətsizlik etmiş oldular. Azərbaycan xalqı prezident seçkilərində İlham Əliyevə 86,03 faiz səs verib. Belə olan halda bu xalqın iradəsi və rəyi ilə hesablaşmaqdansa, yalançı dost kimi görünmək lazım deyil. Bu iradəni qəbul edərək Azərbaycan xalqının dostu olmaq olar.

Söz və mətbuat azadlığından danışan missiya Azərbaycan mətbuatına hörmət göstərmədi, verilən heç bir sualı cavablandırmadı. Bu da göstərdi ki, əslində bu missiya ötən müddətdə simulyasiya ilə məşğul olub. Əvvəlcədən qəbul edilmiş qərarlar əsasında Azərbaycan xalqının demokratik seçkilərinə obyektiv qiymət verə bilmədilər. Biz buna təəssüf edirik. Düşünürük ki, bu qurumlar yekun bəyanatlarında Azərbaycan xalqının iradəsinə hörmət edərək, öz qəbul etdikləri qərarı obyektiv qiymətləndirməyi bacaracaqlar. Çünki Azərbaycan bu təşkilatlarla əməkdaşlıqda maraqlıdır. Azərbaycan açıq bir ölkə olaraq demokratik təsisatların güclənməsinə və əlaqələrin daha da dərinləşməsinə xidmət göstərən bir ölkədir”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, prezident seçkilərində prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov isə açıqlamasında bildirib: “Azərbaycan xalqı rəhbərini, prezidentini seçdi. Konstitusiyamızda yazılıb ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Xalqımız da bu seçkidə öz sözünü dedi”.

S. Novruzov vurğulayıb ki, seçkini müşahidə etməyə gəlmiş ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyalarının üzvləri başqa şeylər desələr də, seçkilərdə başqa bir şeylə rastlaşdılar: “Gördülər ki, hər bir seçki məntəqəsinin qarşısında növbələr var, insanlar seçkiyə ən yaxşı paltarlarını geyinib gəliblər, övladları, nəvələri ilə gəliblər. İnsanlar bu seçkiyə dövlətçiliyin taleyini həll etməyə, gələcək təhlükəsizliyin təminatını verməyə, iqtisadi inkişaf üçün gəliblər. Artıq həmin müşahidə missiyaları bunu həzm edə bilmirlər . Bu baxımdan onların həzm edə bilmədikləri məsələlər onların bəyanatlarında öz əksini tapıb”.

S. Novruzov həmin müşahidə missiyaları də 3 dəfə görüşdüyünü söyləyib: “Hər görüşdə hər birinə demişəm ki, xahiş edirəm ki, ədalətli mövqeyinizi bildirin. Əgər hər hansı çatışmayan cəhətimiz varsa, göstərin, harada yaxşı cəhətimiz varsa, onları da deyin. Dedim, biz elə xalqıq ki, hər bir şeyi qəbul edirik, amma bizim üzərimizdə ağalığı ömür boy qəbul etmirik. Dedim ki, biz bu xalqın nümayəndələriyik, prezident də bizim rəhbərimizdir, ömür boyu ədalətsizliyə qarşı mübarizə aparıb.

Heydər Əliyev də, İlham Əliyev də ədalətsizliyə qarşı mübarizə ilə tanınıb. Bu qurumlar bildirirlər ki, əhalisinin 90 faizi yazı-pozu bilməyən Əfqanıstanda seçki demokratikdir, Şərqdə ilk demokratik respublika quran xalqa isə deyirlər ki, seçkilərdə müxtəlif pozuntular olub. Mən həmin qurumların müşahidə missiyalarının bəyanatını qəbul etmirəm. O bəyanatları aeroporta tullamaq lazımdır ki, gedəndə özləri ilə aparsınlar. Əsas Azərbaycan xalqı, seçkilərdə iştirak edən insanlardır. İnsanlarımız seçkiyə gəldi, münasibətini bildirdi. Hər hansı narazılıq olsa, insanlar küçələrə çıxmalı idilər. Bu gün narazılığını bildirmək üçün küçəyə çıxmış bir adam görürsüz? Deməli, bu, nəticə, göstəricidir. Hamı toyla, bayramla gələcək strategiyanı müəyyənləşdirdi. Belə fikirlərlə həmin qurumlar artıq adi bir ictimai təşkilata çevriliblər, fikirləri məni maraqlandırmır”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, bu gün keçirilən mətbuat konfransında ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyalarının səsləndirdiyi fikirlər qərəzli, obyektivlikdən uzaq subyektiv fikirlərdir:

“Məsələyə bolşevik təfəkkürü ilə yanaşırlar. Mən həmin tədbirdə idim, seçki ilə bağlı bir sıra məsələlərə toxundular, seçkilərdə rəqabət mühitinin olmadığını söylədilər. Bu fikirlər reallığı əks etdirmir. Həmin tədbirdə onlar Azərbaycan xalqının iradəsinə zidd fikirlər səsləndirdilər. Onlar Azərbaycanda demokratik addımları qiymətləndirmir, anti-Azərbaycan, ermənipərəst qüvvələrin maraqlarına uyğun bəyanat verirlər. Ermənistanda, digər ölkələrdə seçki pozuntularına münasibət bildirmir, Azərbaycanda görülən böyük işlərə ədalətsiz mövqe nümayiş etdirirlər. Azərbaycan xalqı öz seçimini edib. Bu insanlar Azərbaycan xalqının seçiminə, iradəsinə qarşı çıxır, qərəzli fikirlər səsləndirirlər. Bu, qəbuledilməzdir”.
 
Millət vəkili Elman Nəsirov deyib ki, ATƏTDTİHB-nin seçkilərlə bağlı qərəzli mövqe ortaya qoyacağı ilə bağlı proqnozlar özünü doğruldub:

“Bir çox hallarda olduğu kimi, AŞPA-nın da indiki halda ATƏT DTİSHB təsiri altına düşdüyü meyli hiss olunur. Nəzərə çatdırım ki, Azərbaycanda prezident seçkilərini 61 təşkilat və 59 ölkədən 894 beynəlxalq müşahidəçi izləyib. ATƏT, AŞPA istisna ilə, bu müşahidəçilərin əksəriyyəti seçkilərin demokratiya sahəsində növbəti addım olduğunu, Azərbaycanda şəffaf seçkilər keçirildiyini təsdiqlədilər.

ATƏT DTİH gah parlament, gah da parlament seçkiləri ilə bağlı öncədən hazırladıqları hesabatla gəlirlər. Guya seçkiləri müşahidə görüntüsü yaradır, sonra da gətirdikləri bəyanatı təqdim edirlər. Ya da 2015-ci il parlament seçkilərində olduğu kimi, boykot yolunu seçirlər. Onların bu yanaşması qərəzlidir. Azərbaycanda gedən prosesləri, əhalinin aktivliyini görməmək acı təəssüf doğurur. ATƏT DTİB daha yüksəkdə dayanan havadarlarının tapşırığını, sifarişini yerinə yetirir, Azərbaycanda demokratiya quruculuğunda yeni mərhələyə kölgə salmağa çalışırlar. Ancaq əsas Azərbaycan xalqıdır, əhalinin 86,03 faizi İlham Əliyevə səs verib. Azərbaycan xalqı bugünkü sabitliyə, təhlükəsizliyə, inkişafa səs verib. Çox təəssüf ki, həmin təşkilatlar Azərbaycanla bağlı qərəzli mövqe ortaya qoyur”.