ATƏT-in müşahidə şurası seçki ilə bağlı ilkin rəyini açıqladı

atet-in-musahide-surasi-secki-ile-bagli-ilkin-reyini-aciqladi
Oxunma sayı: 2681

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları Azərbaycanda prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəylərini açıqlayıblar.

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı parlamentar Nilza de Sena mətbuat konfransında bildirib ki, seçkilər məhdud siyasi mühitdə keçirilib, həqiqi rəqabət olmayıb. Eyni zamanda, hakimiyyət orqanları əməkdaşlığa açıq olub və beynəlxalq müşahidəçilər seçkiqabağı müddətdə sərbəst şəkildə fəaliyyət göstərə biliblər. Seçki administrasiyası bütün səviyyələrdə yüksək təşkil olunub və yaxşı təmin edilmiş təəssüratı bağışlayır”.

Xanım Nilza de Sena qeyd edib ki, YAP-ın hazırki prezidentin xeyrinə apardığı kampaniya yaxşı təşkil və təmin olunub. Lakin digər yeddi namizədin kampaniyası məhdud olub və regional strukturların və resursların olmaması əngəl təşkil edib: “Bu namizədlərdən heç biri hazırki prezidentə və ya onun siyasətinə qarşı çıxış etməyib və ya fərqli siyasi alternativ irəli sürməyib. Siyasi verilişlərin əksəriyyəti vəzifəsini icra edən hazırki prezidentə həsr edildiyi halda, bütün digər namizədlərə vaxtın çox az bir qismi ayrılıb.

MSK-nın idarə etdiyi daimi seçici reyestrində təxminən 5,2 milyon seçici qeydiyyata alınıb. Seçicilər öz qeydlərini yoxlamaq üçün geniş imkanlarla təmin olunublar və düzəlişlərin aparılmasını tələb edə bilərdilər”.

ATƏT rəsmisi onu da vurğulayıb ki, qurum Azərbaycan hökuməti ilə əməkdaşlığa hazırdır.

Qeyd edək ki, ATƏT-in seçki bəyanatı mətbuat konfransında etirazlara səbəb olub. Bir qrup media nümayəndəsi müşahidə missiyalarının rəyini qərəzli hesab edib.