ATƏT Qarabağdan uzaqlaşır

atet-qarabagdan-uzaqlasir-
Oxunma sayı: 648

Elxan Şahinoğlu ATƏT-in Qarabağ mövzusuna getdikcə marağının azaldığını deyib: “İrlandiyanın paytaxtında Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir araya gəlməyi lazım bilmədilər. Minsk Qrupu həmsədrləri hər iki nazirlə ayrılıqda görüşdülər. Bu ondan xəbər verir ki, tərəflərin mövqeyində zərrə qədər də dəyişiklik yoxdur .Vasitəçilərin səyləri isə nəticəsizdir. Xarici işlər naziri Elmar Məmmədyarovun Dublində verdiyi qısa müsahibədə “həmsədlər hələlik məkik diplomatiyası ilə məşğuldur” deməklə vasitəçilərin yatırmaz fəaliyyətinə işarə edib. Nazir demək istəyib ki, gəlirlər, görüşürlər, ortada isə heç nə yoxdur”.

Minsk Qrupu həmsədrlərinin də Azərbaycan və Ermənistana atmacaları olduğunu vurğulayan analitik vasitəçilərin Dublindəki birgə bəyanatına diqqət yetirib: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və Fransanın Avropa işləri üzrə naziri Bernar Kazenevin adından yayılan bəyanatda deyilir ki, tərəflər qətiyyyətli addımlar atmırlar, sürətli tərəqqiyə nail olmaq məqsədilə 2012-ci il yanvarın 23-də Soçidə qəbul edilən bəyannaməyə riayət etmirlər, razılaşma imkanı tapmaq əvəzinə, danışıqlar prosesində tez-tez birtərəfli üstünlük əldə etmək yolları axtarırlar. Bəyanatın son cümləsi də maraqlıdır: “Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün məsuliyyət yenə də tərəflərin üzərində qalır”. Beləliklə, danışıqların dalana dirəndiyini etiraf edən həmsədr dövlətlər bu bəyanatla topu Azərbaycan və Ermənistana atırlar”.

Elxan Şahinoğlu ATƏT-ə sədrliyin İrlandiyadan Ukrayana keçdiyini xatırladaraq, bu ölkənin Azərbaycanla strateji əməkdaşlığına və GUAM-da birgə təmsil olunmalarına rəğmən, Kiyevin gələcək fəaliyyətindən də ciddi nəticə gözləməyin yersiz olduğunu bildirib: “ATƏT-ə hər gələn sədr quruma başçılıq edəcəyi iki ildə ciddi naliyyətlər əldə etməyə çalışacağını açıqlayır. Vaxtilə Qazaxıstan da quruma sədr olanda ilk növbədə regional, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə edəcəyinə inanırdı. Ancaq İrlandiya kimi Qazaxıstanın da sədrliyi heç nə ilə yadda qalmadı. Əksinə, ATƏT-in Astanada keçirilən zirvə toplantısı Qarabağ mövzusuna ümumiyyətlə toxunmadı. Ukrayanın ATƏT sədri kimi ən böyük naliyyəti qonşuluğundakı Dnestr probleminin həlli olardı. Ancaq bu münaqişənin həlli də onluk deyil. Çünki, Dağlıq Qarabağ münaqişəsində olduğu kimi Dnestr probleminin həllində də Rusiyanın maraqları digər ölkələrin maraqları ilə kəsişir”.