ATƏT, qoyma, Tələbə Qəbulu ilə Təhsil Nazirliyi bir-birini qırdı

atet-qoyma-telebe-qebulu-ile-tehsil-nazirliyi-bir-birini-qirdi
Oxunma sayı: 646

Düzdür, Ermənistan iki gündən bir, yaxud günaşırı Rusiyanın sidq-ürəklə bağışladığı silah-sursatı bizim əsgərlərin və dinc əhalinin üstə sınaqdan keçirir. ATƏT-in pudralı, kraskalı həmsədrləri də bundan bərk dilxor olur, kədərlənirlər. Tez qaça-qaça gəlib Qarabağda rus arağıyla Gəncə konyakının manqal başında monitorinqini aparıb sakitləşirlər, sonra da sig sivişib gedirlər.

Nə isəg Deyəsən, mətləbdən bir ATƏŞKƏS zamanı məsafəsidək uzaqlaşdım, amma mövzumuza bir az dəxli var.

Artıq neçə il bundan əvvəl - uşaqlar day uşaqlar deyildi, bir az böyümüşdülər, böyüklərin də saçı ağarmağa başlasa da, hələ saqqallarına dən düşməmişdi, bu gün intihar edən, əsgər yoldaşını güllələyən, forma geyinəndən 20-30 gün sonra 8-9 xəstəlikdən ölən balalar hələ sağ-salamat idilər, orta məktəbdə oxuyurdular - ölkəmizin Müdafiə Nazirliyindən heç də az strateji əhəmiyyət daşımayan 2 nəhəng dövlət qurumu - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyi arasında müharibə başladı.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qonşuluq, qardaşlıq və mehribanlıq şəraitində yaşamaq haqqında Beynəlxalq Haaqa konvensiyasını (əgər şəhərin adını və termini düz yazmamışamsa, bunu namərd Sovet hökumətinin orta məktəbdə mənə kirrikulum (görən bunu düz yaza bildim) keçməməsinə bağışlayın) pozaraq Təhsil Nazirliyinin sərhədlərini kiçik çaplı silahlardan atəşə tutmağa başladı. Təhsil Nazirliyi bunu TQDK-nın ərköyünlüyü kimi qəbul edib işini-gücünü buraxıb səngər qazmağa girişmədi.

Bunu TN-nin qorxaqlığı kimi qəbul edən TQDK kiçik çaplı silahları bir tərəfə tullayıb pulemyotları və ağır artileriyanı işə salıb bütün sərhəd boyu hücuma keçdi.

Təhsil Nazirliyi "hah" eləyib özünə gələnədək TQDK onun bir çox ərazilərini (oxu: səlahiyyətlərini) işğal etməyə başladı. Təhsil Nazirliyindən incik düşənlər də öz snayperləri ilə TQDK-ya dəstəyə gəldilər.

Nazirlik əvvəl-əvvəl irimiqyaslı hücumdan özünü itirib çaş-baş qalsa da, nəhayət, toparlana bildi və ümumi səfərbərlik elan etdi. Və əsl müharibə başladı. Ömürlərini təhsilə həsr eləmiş ağır çəkili, adlı-sanlı alimlər, mütəxəssislər artıq TQDK-nın genişmiqyaslı hücumları qarşısında duruş gətirə bilmirlər.

Müharibə gündən-günə şiddətlənir. Qəzetlər hər gün cəbhə xəttindən qara xəbərlər verməkdədirlər.

Və bu müharibəni durduran yoxdu. Hər iki tərəfdən atılan qradlar, mərmilər bir-birlərinin nüfuzuna müəyyən qədər xələl gətirsə də, bütövlükdə ölkəmizin gələcəyi olan balalarımızın başında partlayır. Hətta repetitorlar da bu yarılmış başların qanını sarıyıb kəsə bilmir.

Əzizimiz, gözümüzün işığı ATƏT, özünü yetir, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyi bir-birini qırıb bitirəcək, balalarımız yetim qalacaq!