ATƏT yenə kababa gəlir?

atet-yene-kababa-gelir
Oxunma sayı: 2695

Raminə Eyvazqızı

Böyük əsgərimizin işğaldan təmizlənmiş mövqelərimizdə dincəlməyə, bərkiməyə ehtiyacı var, bizimsə, qürurlanmağa. Hücum əmrinin müvəqqəti dayanması bir az sevinc tempimizi aşağı salsa da, yenə ayaqdayıq, yuxusuzuq.

Arzu, diləklərimzi, xəyallarımızı, illərdir yatmış olan qələbəyə inamımızı bundan sonra yuxuya vermək olmaz. Dördgünlük gərgin ön cəbhə bizim ürəyimizdə elə bir aritmiya yaratdı ki, bu duyğuları unutası deyilik. İllərin hirsi, nifrəti, erməniyə olan qəzəbi 4 günün içində burulğan kimi içimizi silkələdi. Oyanışımzın köpüyü yatdı, amma buna, bir az dəmlənməyə ehtiyacı var kimi baxaq.

Əvəzində mehribançılığımızın, birliyimizin sınağı bitdi. Biz “əla” qiymətini ala bildik. Tələsik baş verənlər qarşısında özümüzü heç itirmədik. Bizə “əhsən” düşür. Bu bərabərlik hisslərimizi şübhə altına salanları alışdırdıq, qələbə sevincinə tamarzı qaldıq, amma ardının olacağına çox inanırıq. Hər şəhid xəbərində əsgərimzin anası, bacısı, doğması olduq, oğulları izdihamla torpağa həvalə etdik. Şəhid ocağındakı övlad acısının qisasını böyük intiqam cədvəlinə qeyd etdik! Qisas siyahımızı Şuşa bulağında suya atacağımız günü gözləməkdən əsla vaz keçməyək. Şəhidlərin adını əzbərləməkdir borcumuz, biz atəşkəsın (atəşi kəsilməyən 21 il, “Bişkek” protokolu) “yaş”ından yaşca kiçik olan oğullar itirmişik…

***
ATƏT Minsk qrupunu yenə dümsüklədi, yenə üzü bəri gəlirlər. İllərdir, mürgü vuran Minsk qrupundan heç vax gözümüz su içmədi. Onlar bizim etibarımızı yola verdilər. Qrup bir igidin ömrü qədər vaxtda (24 il), nə ortaya sanballı hesabat qoydu, nə də uzatdığı, yarıtmadığı işinə xitam vermək barədə səsini çıxardı. İndi yenə fikirləşirsən ki, son ağır döyüşdən sonra ATƏT-in “nizamlayıcı” missiyası yenə də buralara kabab yeməyə gəlirmi?

Görəsən, bu dəfə də sualımıza cavab axtaranda həmsədrlər şalvarlarını çəkə-çəkə, ağızlarını marçıldada-marçıldada danışacaqlar? Bu vaxta qədər monitorinq qrupunun biri səfər etdi, o biri getdi, yeni həmsədrləri gəldi. Qovulan yarıtmazın üzünə-gözünə söydük, qrupun hər üzvü dəyişəndə ümid etdik ki, təzə sima bəlkə illərdir özünü kor, kar göstərənlərdən insaflı, vicdanlı apara, sözün doğrusunu deyə. Çirkin siyasət azacıq dürüst olanı da palçığına batırdı. BMT-nin məlum qətnamələrini unudan, doğma torpağımıza rahatca gedən Minsk qrupu üzvləri xatirimzidə yeyib-içməklə yadda qalıblar. Təmas xəttində qovluğunun içində nə gəzdirdiyi bilinməyən həmsədrlərin bivec üzlərini gördük. Onları Xankəndiyə vicdanı üstündə yola salırdıq, qayıdanda başlarını erməninin çirkin planı ilə dolmuş vəziyyətdə qarşılayırdıq.

İndi münaqişənin buzu tam açılıb. Maraqlıdır, Minsk qrupu bu dəfə suxari dilənən erməni əsgərini necə təsəlli edəcək? Qorxu, təşviş işində olan erməni gücümüzü gördü, ATƏT başqa nəyin monitorinqini aparacaq ki...