ATİB-dən Fransanın “erməni soyqırımı”na etiraz bəyanatı

atib-den-fransanin-ermeni-soyqirimina-etiraz-beyanati-
Oxunma sayı: 634

Bu barədə ATİB-dən “Qafqazinfo”ya daxil olan etiraz bəyənatında bildirilib. Qeyd olunub ki, ATİB Fransanın Türkiyə və Azərbaycanla siyasi və iqtisadi münasibətlərinə xələl gətirəcəyi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara mənfi təsir göstərəcəyi şübhə doğurmayan bu qərarın qəbulunda Fransa Prezidenti Nikola Sarkozinin parlamentə təzyiqini və canfəşanlıqla iştirakını böyük təəssüf hissi ilə izləyib.

ATİB hesab edir ki, uzunmüddətli dövrdə, hətta Fransanın da milli və regional maraqlarına zidd olan bu addım bəzi siyasi dairələrin qısa müddətdə siyasi dividend qazanmaq cəhdlərinin nəticəsidir. Eyni zamanda, Türkiyənin və Azərbaycanın yürütdüyü proaktiv xarici siyasətin də bəzi siyasi və biznes dairələrini təşvişə saldığı məlumdur.

ATİB xüsusilə vurğulayır ki, Sənədin ehtiva etdiyi məsələlər demokratik Fransa cəmiyyətində və ümumilikdə Avropa hüquq məkanında fikir və söz azadlığı kimi fundamental prinsiplərlə də ziddiyyət təşkil edir.

ATİB hesab edir ki, son qərarla Fransanın hazırki siyasi rejiminin ermənilərin mövqeyinin aktiv müdafiəçisi olduğu bir daha aydın olub. Bitərəfliyini itirən bir ölkənin isə ən azı həmin bitərəfliyi təmin edənə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətini davam etdirməsi bundan sonra mümkünsüzdür.
ATİB qanun layihəsinin müzakirələri zamanı sənədin qəbul olunmasına qarşı çıxan fransalı deputatların, iş adamlarının, hüquqşünaslarının və tarixçi alimlərinin qanunverici orqanı tarixi məsələlərə bu şəkildə ciddi müdaxilə etməməyə səsləmələrini, Fransanın öz keçmişinin bir parçası olan istismarçı kollonializmin xüsusilə Afrikada və Ərəb ölkələrindəki fəsadlarını xatırlatmaları, Türkiyə ilə münasibətlərin korlanmasının risklərini qeyd etmələrini məmnunluqla qarşılayır və həqiqətləri söylədikləri üçün həmin şəxslərə təşəkkür edir.

ATİB ümid edir ki, Fransa vətəndaşları növbəti seçkilər zamanı bu qanun layihəsi ilə ucuz siyasi oyun oynayaraq səs qazanmağa çalışanların layiqli cavabını verəcək və onlara Fransa Respublikasının dəyərlərini xatırladacaq, şəxsi mənafelərini ölkə mənafelərindən üstün tutanları cəzalandıracaq.

ATİB Fransa Parlamentinin son qərarını kəskin şəkildə pisləyir və sənədin yekun imzalanma mərhələsinə qədər olan müddətdən bu ölkənin səmərəli istifadə edərək Türkiyə və Azərbaycanla olan münasibətlərinin pozulmaması naminə geri addım atacağına ümid edir. Fransanın bu bölgə ilə olan çox milyardlı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşları siyasi münasibətlərin də stabil olmasını tələb edir. Münasibətlərdə yarana biləcək problemlərin əsas səbəbkarları isə bu qanun layihəsinə səs verən məsuliyyətsiz fransız siyasətçiləri olacaq.

ATİB Fransada yaşayan və ümumilikdə sayca heç də erməni diasporundan az olmayan Türk və Azərbaycanlı icmasına, dərnəklərə də səslənərək onları ölkələrimizlə bağlı həqiqətlərin Fransa ictimaiyyətinə çatdırılmasında daha aktiv olmağa çağırır, bu prosesdə əməkdaşlığa hazır olduğunu bildirib.

Nigar Məmmədli