“Atletiko” niyə “Bakı”nı seçmədi?

atletiko-niye-bakini-secmedi
Oxunma sayı: 644

Aprelin 30-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Atletiko” ilə “All Star of Azerbaijan” arasında yoldaşlıq görüşü keçiriləcək. Halbuki daha öncə “Atletiko”nun formasının sponsoru olan və əməkdaşlıq çərçivəsində Madrid klubunu bura dəvət edən “Bakı”nın futbolçularının bu qarşılaşmada subyektlərdən biri olacağı deyilirdi. Dünən isə paytaxt klubunun rəsmi saytı “Atletiko” ilə “Bakı”nın yox, “All Star of Azerbaijan”ın çıxacağını qeyd edib.

Seyidov bu məsələyə belə aydınlıq gətirdi: “Ola bilsin ki, əvvəl “Bakı”nın “Atletiko” ilə oynaması nəzərdə tutulub. Ancaq klub prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə “Atletiko” önünə Azərbaycanın üzdə olan oyunçularının çıxması məqsədəuyğun sayıldı. Çünki bu oyun mərhum prezidentimiz Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində baş tutacaq. Bu üzdən tək “Bakı”nın yox, Azərbaycanın futbolçularının bu görüşdə iştirak etməsi daha yaxşı olardı”.

Bəs bu görüşdə hansı futbolçular və hansı hakimlər briqadası meydanda olacaq? Yaşar bəyi dinləyək: “Buna sabah aydınlıq gələcək. Ancaq onu deyə bilərəm ki, burda ölkəmizdə çıxış edən legioner futbolçular olmayacaq. Komandamızın tərkibini üzdə olan azərbaycanlı oyunçular təşkil edəcək. İnanmıram ki, digər klublar öz yerli oyunçularını bu matça buraxmasınlar. Hakimlərə gəlincə, buna Hakimlər Komitəsi qərar verəcək. Düşünürəm ki, beynəlxalq oyun olduğundan 3 FİFA referisindən biri matçın hakimi olacaq”.

Qeyd edək ki, Azərbaycanın FİFA referiləri Əliyar Ağayev, Rəhim Həsənov və bu yaxınlarda yanlış penalti qərarlarına görə cəzalandırılan Anar Salmanovdur.