ATV-də daha bir “evcik-evcik” oyunu – - Video

atv-de-daha-bir-evcik-evcik-oyunu-
Oxunma sayı: 4188


63 min səs toplayan ifaçıya ev verilməyib. 20 həftə ərzində ATV telekanalında nümayiş olunan "Şərq Ulduzu" müsabiqəsi qalmaqalla başa çatıb. 1news.az xəbər verir ki, qalibi SMS-səsvermə ilə müəyyənləşdirilən yarışda mükafat qismində Bakı şəhərində mənzil təqdim olunmalı idi. Yarış nəhayət başa çatdı və ilk yeri 14 yaşlı Ayla Şiriyeva tutdu. Lakin balaca Aylanın sevinci çox çəkməyib:

 “Mən bu müsabiqədə gəlməyi çox istəyirdim, bütün müsabiqə ərzində çoxlu sayda insanların mənə səs verməsinə baxmayaraq, qələbəmi möcüzə kimi qəbul etdim” – deyə, Ayla bildirir.

 Ancaq möcüzə baş verməyib, qıza evin açarları təqdim olunmayıb.

 “Vəziyət gərgin idi, sonuncu səsvermədə Ayla 63 min 300 səs yığmışdı. Efirdən sonra “OX Production”un direktoru Xalid Süleymanlıya yaxınlaşdıq və qazanılmış mənzil barədə sual verdik. O, bizimlə bir neçə gündən sonra əlaqə saxlayacağını desə də, hələ də bir cavab yoxdur” – deyə, Aylanın anası Təranə Abdullayeva bildirib.

 Daha bir neçə həftə gözləyən Aylanın valideynləri özləri X.Süleymanlı ilə əlaqə saxlayıblar. O, valideynləri görüşə dəvət edərək bir az gözləməyi, yaxın vaxtlarda həllini tapacaq maddi çətinliklərinin olduğunu bildirib və ailə bununla razılaşıb.

 Lakin elə həmin gündən X.Süleymanlı yoxa çıxıb: ”Onun bütün telefonları söndürülüb, bu adamı tapa bilmədik”. Bu zaman valideynlər ATV telekanalına müraciət ediblər. “Telekanalın nümayəndələri dedilər ki, ATV yalnız "Şərq Ulduzu"nun nümayişi üçün efir vaxtı təqdim edib və bu müsabiqəyə heç bir aidiyyatı yoxdur.

 SMS-səsvermədən sahibkarlar pul qazanırlar. Hazırda Aylanın ailəsinin tutduğu hüquqşünas fırıldaqçıları məhkəməyə vermək üçün sənədləri toplayır.

Qeyd edək ki, analoji hadisə ötən il də ATV-də yayımlanan “Tanıdım səni” verilişində baş vermişdi. Həmin vaxt Lalə adlı finalçı qalib gəlsə də, ona ev verilməmişdi. Lalənin valideynləri “Qafqazinfo”ya müraciət etmişdi. Onların problemi işıqlandırldıqdan sonra televiziyanın keçmiş rəhbərliyi Laləyə 2 otaqlı evin açarlarını təqdim etmişdi.