ATV-də Sevil Nuriyevanın verilişinə niyə qadağa qoyuldu?

atv-de-sevil-nuriyevanin-verilisine-niye-qadaga-qoyuldu
Oxunma sayı: 652

“ATV-də yeni yanaşma tərzi, yeni ruh, yeni rəhbərliyin çağdaş televizyonçuluğun ünsürlərini bu kanala daşımaq çabalarını görürəm və qiymətləndirirəm. Ona görə də bu seçimim düşünülmüş bir seçimdir. Yəni, “yeni ATV” bu seçimimdə həlledici rol oynayıb”.

Maraqlıdır ki, üstündən aylar keçsə də, tamaşaçılar “Sevil Nuriyeva ilə - Bu günlər”i ATV ekranında görə bilmədilər. Bunun səbəbləri ilə bağlı bir araşdırma aparmaq qərarına gəldik.

Məlum oldu ki, S.Nuriyeva layihədə xüsusilə Azərbaycan tarixinə fərqli baxış nümayiş etdirməyi nəzərdə tuturmuş. Hətta bir neçə veriliş montaj edilərək son hazirliğını da başa vurub. Lakin jurnalist Məqsəd Nurun ATV-yə transferi ilə layihədəki tarixi baxışın dəyişdirilməsi istənilib. Layihədə bu tələbə uyğun dəyişikliklər edilib. Ancaq bu da rəhbərliyi qane etməyib.Bu layihədə S.Nuriyevanın ictimai mövqeyinin rahatsızlıq yarada biləcəyi deyilib. Sonucda S.Nuriyevadan “Nəzər Nöqtəsi”nə bənzər verilişin hazırlanması istənilib. Lakin, S.Nuriyeva bu “ideyaya” isti yanaşmayıb.

Bundan sonra ATV “Sevil Nuriyeva ilə - Bu günlər” layihəsini bir qədər dəyişdirərək, proqramın ictimai-siyasi ağırlığını azaldaraq noyabr ayından yayınına qərar verir. Hətta proqram direktorluğu bunula bağlı S.Nuriyeva ilə tanıtım reklamları üçün çəkiliş də aparıb. Ancaq birdən-birə hər şey yenə dəyişib. S.Nuriyevanın “Mediaforum”a Nigar Yagublunun həbsini pisləyən açıqlama verməsindən sorna ATV rəhbərliyi onun layihəsinin efirə getməsinin mümkün olmayacağını bildirib.

Modern.az saytı məsələ ilə bağlı əldə etdiyimiz bilgilərin nə dərəcədə doğlu olduğunu öyrənmək üçün S.Nuriyeva ilə əlaqə saxlayıb. Ancaq o, bu mövzuda danışmaq istəmədiyini bildirib:

“ATV-nin rəhbəri Vüqar Qaradağlı ilə heç bir problem yaşanmadı, əksinə, faydalı əməkdaşlıq edildi. Lakin kanalın siyasi xəttini koordinasiya edən məsul şəxslə dünyagörüş fəlsəfələrimiz və tarixə, ictimai məsuliyyətə yanasmamız üst-üstə düşmədi”.

Nigar Yaqublunu müdafiə etməsinə gəlincə, S.Nuriyeva məhbus qızı yenə də müdafiə etdiyini, “bu həbsin Azərbaycana başucalığı gətirmədiyini” vurğulayıb.

Mövzu ilə bağlı ATV-nin vitse-prezidenti Məqsəd Nurun da fikrini öyrənməyə çalışdıq. Lakin, cəhdlərimizə baxmayaraq o telefon zənglərinə cavab vermədi.