“ATV” telekanalının yeni siması

atv-telekanalinin-yeni-simasi
Oxunma sayı: 2545

Televiziya sadəcə, efir yayımı funksiyasını həyata keçirən elektron KİV-lərdən biri olmayıb, həm də düşünən, düşündürən, öz fəaliyyətini məqsədli bir istiqamətdə quran və bu istiqamətin ideya müəllifi, daşıyıcısı, icraçısı və səlahiyyətlisi olan bir qurumdur. Bütün siyasi, ictimai, mədəni, sosial proseslərdə olduğu kimi, yayım prosesləri də daima inkişafda və yenilənməkdədir. İstənilən inkişafın bazasında isə mütləq insan amili, ümumbəşəri və qlobal elementlər dalğası mövcuddur. Bu dalğanın törətdiyi fəsadlar isə istənilən prosesi milli kökündən, adət-ənənəsindən, milli mənəviyyatından uzaq sala bilər. Məhz, buna görə də, kütləvi auditoriyası olan televiziya mütləq mənada ümummilli ahəng üstündə köklənməlidir. Televiziyanın daxili potensialı, yaradıcı gücü, işlək qüvvəsi, jurnalist bazası daha çox milli-mənəvi dəyərlər kontekstində yüklənməlidir. Çünki, televiziya istehlakçısının bütün yuxarıda sadalanan prosesləri necə dərk etməsi və hansı mövqe tutması, xeyli dərəcədə, telekanalların mövqeyinin göstəricisidir. Telekanalın hansı müstəvi üzərində fəaliyyət göstərməsindən asılı olaraq yayımladığı proqram, veriliş və informasiyalar da həmin müstəvi üzərində hazırlanıb seyrçiyə ötürülür. Televiziya verilişləri insanların psixikasına, mənəviyyatına ona görə güclü təsir edə bilir ki, o, jurnalistikanın bütün üsul və vasitələrindən məharətlə istifadə edir. Televiziyanın qarşısında daima nəhəng bir auditoriya mövcuddur. Bu auditoriyanın sərhədləri hüdudsuzdur. Qloballaşma dönəmində TV efiri sərhədlər tanımır. Məhz buna görə telekanalların üzərinə, bu mənada, böyük məsuliyyət düşür. İctimai həyatımızı televiziyadan daxil olan yad elementlərdən qorumaq üçün bu gün özlüyündə TV auditoriyasında milli özünümüdafiə instinkti olmalıdır, əks halda sosial instinkt televiziyanın axınına düşərək formalaşacaq.

Azərbaycan teleməkanı həm kəmiyyət, həm də keyfiyyətcə durmadan inkişaf etməkdədir. Istər dövlət, istər özəl, istərsə də regional telekanallar ilbəil artmaqda, fərqli dəyişikliklər, yeniliklər etməkdə, bununla da çiyinlərinə daha çox sosial məsuliyyət götürməkdədirlər.

Azərbaycan teleməkanında fəaliyyət göstərən özəl televiziyalardan olan «ATV» telekanalında son aylar köklü dəyişikliklər baş vermişdir. Aylarla davam edən bu dəyişikliklər yerini tutdu və maraqlı bir şəkildə efir haqqı qazandı. Indi tam arxayınlıqla deyə bilərik ki, «ATV» telekanalında proqram rəngarəngliyi və mövzu müxtəlifliyi baş tutmuşdur. Yeni mövsümə yeni verilişlərlə çıxmış “ATV” hazırlıqlarını başa çatdırmış və həm köhnə, həm yeni, həm də ən yeni aparıcılarıyla yeni efirə başlamışdır. Bu vəziyyət verilişlərin formaca müxtəlif olmasına imkan verməklə bərabər, məzmun baxımından da uğurlu həllini tapmasına kömək etmişdir. Artıq «ATV» efirində həyatın demək olar ki, bütün sferalarını – siyasi-ictimai, iqtisadi ( “Biznes +” layihəsi gözlənilməkdədir), mədəni, sosial, informasiya, idman, sağlamlıq və gözəllik, uşaq və gənclərin maraqları, kulinariya, şou-biznes, avtomobil və texniki təchizat dünyası, sinema aləmi, kriminal, musiqili əyləncə, intellektual yarışma və sairəni əhatə edən proqram və verilişlır mövcuddur. İlk yeniləşmə aylarında dəyişikliklərdən xəbər verən anonslar göz oxşayırdı. Yeniləşən «ATV»-nin “Burda həyat var...” deyən anons çarxları sözünü tutdu və telekanalın yayım rəngarəngliyi zaman-zaman sübuta yetirildi. Cəmiyyətin bütün təbəqələri və yaş kateqoriyaları üçün nəzərdə tutulmuş verilişlər və bu verilişlərin çox müxtəlif mövzuları meydana gəldi. «ATV» dəyişiklikləriylə tamaşaçı və seyrçi üçün gərəkli olan hər mövzuya və bu mövzuları efirə çıxara biləcək verilişlərə imza atdı. Bununla da, «ATV» proqram rəngarəngliyi və mövzu genişliyilə üzərinə düşən ictimai məsuliyyəti düzgün dəyərləndirdi və ortaya çıxardığı məzmun forma vəhdətinin təsir imkanını artırmış oldu. Bir çox verilişlərin forma tərtibatında keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi, dizayn çeşidliliyi tamaşaçının göz yorğunluğuna yol verməmək üçün atılmış mühüm addım kimi dəyərləndirilməlidir.

“ATV” efirində mədəni dəyişikliklər daha çox diqqət çəkdi. Şou-biznes aləmində baş vermiş qalmaqallarla müşahidə olunan verilişlər qismən azaldıldı və evlilik proqramı (“Onun yarısı”) efirdən çıxarıldı. Bu dəyişiklikləri “ATV” efirində mədəni hadisə saymaq mümkündür. Çünki, əsas güc sosial və əsl mədəni proseslərin həllinə və nümayişinə doğru yönəldi. Yeni layihələrdən olan “Sönməyən ulduzlar” və “Nə xəbər?”, “Ümid var” tok-şousu, eyni zamanda ATV telekanalında artıq bir neçə ildir ki, “vətəndaşlıq hüququ” qazanmış “Tanımadığımız tanışlar”, həmçinin “Gün keçir”, “Tanıdım səni” verilişləri mədəniyyətin tanıdılmasına xidmət edir. Xüsusliə, “Sönməyən ulduzlar” və “Tanımadığımız tanışlar”-ı qeyd etmək olar. Bu proqramlar ən çox mədəniyyət və ədəbiyyat sahəsində, ictimai həyatda uğurlar qazanmış, özünü təsdiq etmiş və sözünü demiş insanlara həsr edilir. Azərbaycan mədəniyyətinin ünlü xadimlərini çəkib tanıtmaq bilavasitə milli müasir mədəniyyətimizi tanıtmaq deməkdir. Çünki, mədəniyyətimizin əsasını təşkil edən sütunlar arxada buraxılan əsərlərdir. Bu əsərlərin yaradıcısınin kökündə isə təbii ki, insan amili durur. Mədəniyyətimizdə iz qoymuş saysız-hesabsız abidə şəxsiyyətlərimiz vardır. Onlar dəyərli sözləri, tayı-bərabəri olmayan həyat tərzləri və bizə ərməğan etdikləri dastanlaşmış təlimləriylə insanlığa rəhbərlik edirlər. Bunları seyrçiyə tanıtmaq isə, artıq televiziya və radioların işidir. Azərbaycan mədəniyyətinin bir qolu da kino sənətidir. Kinosuz həyatı təsəvvür etmək qeyri-mümkündür. Çünkü, kino həyatın efir güzgüsüdür. Müasir dövrümüzün ən maraqlı və ən populyar növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər yeniləşən nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir. Kino aləmində baş verən yeniliklər “Sinema ATV” verilişində yer tutur. Qeyd edək ki, bu veriliş əsasən dünya kino aləmindəki proseslərə və yeniliklərə həsr edilsə də, Azərbaycan kino sənəti və oradakı yeniliklərdən də söz açılır. Yetər ki, Azərbaycan kino aləmində yeni proseslər baş versin. Son dövrlərdə bu proseslər sürətləndi, yeni seriallar çəkildi və digər kanallarda olduğu kimi, “ATV” efirində də yayımına yer ayrıldı. “Bacanaqlar”, Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli sərəncamına əsasən telekanallara ayrılan maliyyə yardımının dəstəyi əsasında çəkilən “Pərvanələrin rəqsi”, “Sirr”, “Məhkumlar”, “Həkimlər” və “Qağayı” adlı teleserialların nümayişinə başlanıldı.

Azərbaycan mədəniyyəti zəngin mətbəxi və çox çeşidli yemək növləri ilə də məşhurdur. Telekanallar öz efir işlərində bunu tanıtmaq və təbliğ etməyin yollarını düşünməlidirlər. Bu baxımdan “ATV” telekanalı bu işin də öhdəsindən gəlməkdədir. “ATV” telekanalı mədəniyyətin bu sahəsinə da biganə qalmamış, efirində “Süfrəmiz” adlı proqram yerləşdirmişdir. Bu proqramda Azərbaycan mətbəxinin möcüzəli və dadlı nümunələrinin hazırlanması və təqdim edilməsi yer alır. Mədəniyyəti zəngin olan millətin qida mədəniyyətinin də dünyaya meydan oxuduğu ortadadır.

Milli-mənəvi mənbələrimizi hər gün efirə çıxarmaq, xalqa tanıtmaq və tanıtdırmaq lazımdır. Yalnız bu yolla millətin mədəniyyətinə, onun mənəvi sərvətlərinə hər gün bir daha sahib çıxmaq mümkündür. Efir, mənfur qonşularımız olan ermənilər kimi mədəniyyətimizi mənimsəyib adına çıxanlara cavab verməyin, haqsız yerə yalançı iddilalarda olanları susdurmağın yeganə olmasa da, ən operativ məkanıdır. Bu məkandan istifadə yolunda telekanallar üçün bir vətəndaşlıq, bir vətənpərvərlik mövqeyi sərgiləməyin zamanı çoxdan çatmışdır. Fikrimizcə, “ATV” telekanalı mütəmadi olaraq bu istiqamətdə işini qurur və qurmaqdadır. Dəyərlərlə birgə, misralar, abidələr arasında gizli qalan əski mədəniyyətimizi təfəkkür qatından keçirib keçmişi içi boş bir təqvim yarpağı olmaqdan qurtarmaq, qədim tariximizi və mədəniyyətimizi də günümüzə daşımaq hamımıza bir vətəndaşlıq borcudur. “Gizli tarix” layihəsi Azərbaycan tarixi gerçəkliklərini ortaya çıxarmaq yolunda efir carçısıdır.

“Danışıq tamaşası” mənasını verən, aktual mövzuları çözüm obyektinə çevirən tok-şoulardan “Səni axtarıram” və “Ümid var” layihələri sosial-pedaqoji funksiyanın təcəssümündə əhəmiyyətli yer tutur. Ekspertlərin və tamaşaçıların canlı ünsiyyəti ilə müəyyən mövzu ətrafında bilgilərin verilməsi, ailə-nikah problemlərində gerçəyin ortaya çıxarılması, tərəflərin ziddiyyəti hesabına seyrçi marağının cəmləşməsi sözügedən tok-şouları digər analitik proqramlardan fərqləndirir. Tok-şoulara qoyulan əsas tələb kimi janrın birinci əlaməti olaraq yüngül danışıq, aparıcının artistizmi və tamaşaçıların mütləq iştirakı yuxarıda söylədiyimiz verilişlərdə öz həllini tapır. Hər iki veriliş məzmun və formaca oxşar olsalar da, mahiyyətcə fərqlidirlər. Belə ki, birincidə (“Səni axtarıram”) müxtəlif səbəblərdən ayrı düşmüş insanların onların yaxınları tərəfindən axtarılması ana xətt olduğu halda, ikincidə (“Ümid var”) müxtəlif sosial problemlərin, mədəni proseslərdə iştirakçı olan insanların üzləşdiyi çətinliklər əsas hədəfə çevrilir. Amma, “Ümid var” verilişi yeni mövsümdən etibarən “Onun yarısı” evlilik proqramının əvəzinə efirdə yer tutmuş və ilk buraxılışları uğursuz olmuşdu. Belə ki, 18.09.2012 tarixdə 17.00-19.00 saatlarında yayımlanan bu verilişin ilk buraxılışı “cinsi təcavüzə təhrik” halının bütün detalları açıq və milli-mənəvi dəyərlərə zidd ifadələrin səsləndirilməsi ilə efirə və milyonların qarşısına çıxmışdı. Verilişin Qanuna zidd cəhətləri ondan ibarət olmuşdur ki, gündüz saatlarında (17.00-19.00) efirə gedən bu proqramı azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlar da izləyə bilər və bu onların psixoloji travma almalarına gətirib çıxara bilərdi. Digər tərəfdən isə milli-mənəvi dəyərlərimizə zidd cəhətlərin müzakirə obyekti olması, həm də bütün çılpaqlıqlarıyla milyonlarla izləyici qarşısına çıxarılması heç də təqdirəlayiq hal deyildi. “Ümid var” elə ilk buraxılışlarından “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qaddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydaların” 2.7-ci maddəsinə zidd hallarla müşahidə olunmuşdu. “ATV” efirinin yenilikləri bəzi Qanun pozuntularıyla müşahidə edilmiş, yekunda MTRŞ tərəfindən xəbərdarlıq almışdır.

Yeni mövsümdə yeniliklərlə yayımlanan “ATV”-nin informasiya və analitik-informasiya verilişlərində yalnız isim dəyişmələri baş verdi. Son aylara qədər “Son Xəbər” adıyla yayımlanan informasiya proqramı ismini dəyişsə də, mahiyyətini dəyişməyərək ATV izləyicilərinə ölkədə və dünyada baş verən xəbərləri operativ çatdırmaqla əhəmiyyət kəsb etdi. Bu proqram yeniləşən “ATV”-də “ATV Xəbər” adını aldı. Həftə içi hər gün 7 dəfə efirə çıxan “ATV Xəbər” həftəlik informasiya anlamında bazar günü “Həftə sonu”yla yekunlaşır. Həftə ərzində gündəlik ekranda səslənən ən sensasiyalı informasiya “Həftə sonu”na qədər tədricən səngiyir və yalnız xatırlamalarda və ya onunla bağlı hər hansı bir nəticənin üzə çıxması formasında təcəssüm edir. Lakin müəyyən zaman kəsimində baş verən hadisələrin təhlili, mütləq və vacib olması, yenidən analiz edilməsi, seyrçi və dinləyicinin siyasi dünyagörüşlərinin düzgün istiqamətdə yönləndirilməsi analitik-informasiya proqramı olaraq “Həftə sonu”-nun ən ümdə vəzifəsi kimi ortaya çıxdı. Bu baxımından “Həftə sonu” proqramı diqqətəlayiqdir. Yekun sadəcə, həftə ərzində getmiş süjetlərin təkrarı üzərində deyil, analitik araşdırma bucağından analiz edilməkdədir. Hər həftənin bazar günü saat 00.00-da efirə gedən “İsti izlər” kriminal-informasiya proqramı da ölkədə baş verən həftəlik kriminal hadisələrdən bəhs etməklə diqqət çəkir.

Publisist Orxan Fikrətoğlunun aparıcılığı ilə “ATV” efirində yeni yer alan “Nə xəbər?” informativ-analitik və publisistik veriliş kimi çox əhəmiyyət daşıdığından marağa səbəb olur. Öz üslubunu tapmış layihə fərqli ad altında bir telekanaldan digərinə transfer edilməsinə baxmayaraq maraq doğurur. Maraqlı bir hadisənin problem kimi çözümə çıxarılması, müxtəlif hadisələrə şərhçi təhlilindən yanaşma, ekspert rəyinin mövcudluğu, yarızarafat, yarıciddi münasibət baxımından “Nə xəbər?” –in hər buraxılışı əhəmiyyətlidir.


Yenilənən “ATV” uşaq və yeniyetmələri, gəncləri də unutmadı. Bu sahədə yeni layihələrə imza atdı: “Free Zone”, “Məqsəd tələbə” (tezliklə), “Sən və Mən” adlı yeniyetmə və gənclərə ünvanlanmış verilişlər start götürdü. “Free Zone” verilişi, bir minus kimi adının əcnəbi dildə olmasına baxmayaraq (qeyd edək ki, “Azad zona” anlamını verir və elə bu adda da yayımlana bilərdi) ilk buraxılışdan diqqətimizi çəkdi. Diqqət çəkən məqam bu verilişə xüsusi istedad və bacarıq sahibi olan, cəmiyyətə hələ özünü tam təsdiq etməmiş qeyri-adi gənclərin cəlb edilməsidir və bu hal efir məkanında vacib amildir. Şou-biznes nümayəndələrinin iştirakı və aparıcılığı ilə telekanalları dolduran musiqili-əyləncəli verilişlərdən yorulduğumuz bir zamanda “Free Zone”-nun peyda olması maraq doğurdu. Bu verilişin nə qədər uzunömürlü və əhəmiyyətli olacağından asılı olmayaraq, bugünkü gəncliyin qismən maraqlarına uyğundur.

Yeni layihələrdən olan və “10 yaş cavanlaş” verilişinin bir növ əlavəsi kimi efirə çıxan yeni “Cəsur gözəllər meydanı” Azərbaycan xanımlarının “gözəllik qurban tələb edir” ifadəsinə nə qədər iradə və güc tətbiq edə biləcəklərini ortaya qoyması baxımından maraq doğurur. Yuxarıda qeyd etdiyimiz kimi, həyatın bütün sferalarını, yaş və maraq kateqoriyalarını əhatə etməyə çalışan “ATV” xanımların gözəlləşmə yolundakı iradə nümayişini əks etdirən missiyanı da öz üzərinə götürdü.

“ATV” telekanalında son dövrlərdə verilişlərin rəngarəngliyiylə bağlı baş verən müsbət dəyişikliklərə baxmayaraq bir sıra neqativ hallara da rast gəlmək mümkündür. Necə deyərlər, iş olan yerdə səhvlərin də olması zəruridir. Yeni mövsümdən öncəki yayımla son ayların yayımı arasında ən çox nəzərə çarpan hal qalmaqal və intriqalarla müşaiyət olunan şou-biznes verilişlərinin qismən azaldılmasıdır. Yeniliklər aparıcıların efir manerasına da sirayət etmiş oldu. Aylar öncə eyni adlı və ya fərqli verilişlərin aparıcılarının (“Gün keçir”, “Ümid var”) efir mədəniyyəti – geyim, danışıq və davranış manerası, efir etikası yaxşılığa doğru nəzərəçarpacaq dərəcədə dəyişmişdir.

Neqativ hallar əsasən, reklamlarla bağlıdır və bu sahədə bəzi problemlər qalmaqdadır. Bu, əsasən reklam blokları arasındakı intervala bəzən əməl olunmaması (35.4-cü maddə), bir saat ərzində nəzərdə tutulmuş reklam vaxtının Qanunda nəzərdə tutulduğundan artıq olması (35.7-ci maddə), sponsorluq təqdimetmələrinə verilişdaxili müddətlərdə çox yer ayrılması, verilişlərin Anonsu zamanı anonsdaxili sponsorların da reklam olunması və s. ilə bağlıdır.

Sponsorluqla bağlı ciddi nöqsanlar əksərən qalmaqdadır və bir sıra verilişlərdə baş sponsor və sponsorların təfsilatıyla, geniş şəkildə təqdimatı yenə də Qanunvericilik baxımından narahatlıq yaratmaqdadır. Qanunla sponsorların təqdimatı verilişin əvvəlində və axırında 2 dəfə yayımlanmalı olduğu halda, telekanal bunu eyni verilişin ayrı-ayrı hissələrinin əvvəlində və axırında, hətta ortasında etməklə sponsorluq xatırlatmalarına xeyli yer ayırır və bu xatırlatma geniş təfərrüatı ilə seçilir. Bu tip verilişlər sırasına xüsusilə “Ümid var”, “Gün keçir” və “Çox yaşa” daxildir.

ATV–nin “10 yaş cavanlaş” verilişi, verilişin formatına uyğun iştirakçıların cavanlaşdırılması məqsədilə ayrı-ayrı klinika və estetik mərkəzlərdə çəkiliş aparmaqla bu klinika və salonların həm özlərinin, həm də cərrah, həkim və əməkdaşlarının reklamına xidmət etmiş olurlar. Bu sıraya “Medical Plaza” klinikası və “Germaine de Capuccini” (Jermen de Kapuçini) estetik mərkəzi daxildir. Ümumiyyətlə, adı çəkilən klinikanın cərrah-həkimləri ATV efirinin ən çox reklam olunan klinika əməkdaşları sırasına daxildirlər.

“ATV” efirində reklam çarxlarının sıxlığı əsasən saat 18.00-dan 22.00-dək - praymtaym vaxtlarına düşür. Qanun pozuntuları da, əsasən bu vaxtlarda yayımlanan reklam bloklarında müşahidə edilməkdədir.

“ATV” telekanalında müəyyən klinika, gözəllik, yaxud da satış mərkəzləri nümayəndələrinin verilişlərə dəvət olunmalarıyla reklamlarına şərait yaradılır. Məsələn, 30.10.2012 tarixdə saat 10.00-da yayımlanan “Süfrəmiz” verilişində aparıcı, “Brot House” çörək və şirniyyat mağazasından dəvətli olan nümayəndə ilə 17 dəqiqə ərzində “Brot House” mağazasının çörək məhsullarından söz açmaqla mağazanı və onun məhsullarını reklam etmişdir.

Anoloji vəziyyət “Gün keçir” verilişinin 14.11.2012 tarixli yayımında müşahidə edilmişdir. Belə ki, verilişin baş sponsoru “Tudor” çaylarının aparıcı təqdimatında və diktor mətniylə nümayişindən əlavə, bu çayın reklamı üçün xarici ölkədə (Şri Lanka) verilişin aparıcısı Nanə Ağamalıyevanın iştirakıyla çəkilişlərdən olan kadrlara yer ayrılması sponsorluq təqdimatında, Qanunvericiliyə uyğun olmayan ziddiyyətlərin baş verməsinə səbəb olmuşdur. Həm də bu cür yanaşma zaman baxımından xeyli vaxt aparmışdır. Həmçinin, dəvətli qonağın bilavasitə iştirakıyla baş sponsor “Tudor” çayının istehsal prosesi, dadı, tərkibi, əhəmiyyəti və sair haqqında danışılmışdır.

Bəzi hallarda “ATV” telekanalında bir saat ərzində 12 dəqiqədən artıq reklam bloku yayımlanması halları da baş verir (35.7-ci maddə). Bu cür qanuna zidd hallardan biri, məsələn, 09.10.0212 tarixində saat 21.00-22.00 arasında bir saat ərzində iki dəfə olmaqla toplam 16 dəqiqə reklam blokunun yayımlanması ilə baş vermişdir. Bu da qanunvericiliyə zidd hal kimi qeyd edilmişdir.

“ATV” telekanalında yayımlanacaq verilişlərin Anonsu zamanı, təkcə verilişlərin özləri və yayım saatı haqqında deyil, eyni zamanda onların sponsorları barədə də məlumat verilir. Bu da Anons olunan verilişdən başqa onun sponsorunun da reklamı (gizli reklamı) və Televiziya və Radio Yayımı haqqında Qanunun 35.2-ci maddəsinin pozulması deməkdir. Bu hal “ATV” efirində davam etməkdədir. Bu cür hallar tez-tez baş verir.
Ümumiyyətlə, istənilən telekanal unutmamalıdır ki, cəmiyyətə və insanların ixtiyarına öz xidmətlərini qeyri-şərtsiz təqdim edən ən mühüm KİV vasitələrindən biri televiziyadır. Onlar açıq və ya gizli şəkildə insanların mənəvi durumuna, zövqünə, bədii-estetik və intellektual inkişafına təsir edən bir məkandır. Bu məkanın necəliyi - doğru-dürüstlüyü, qərəzsizliyi, dəqiqliyi artıq onu seyr edənlərin əksəriyyətini qeyri-ixtiyari olaraq maraqlandırmır. Müxtəlif çeşidli informasiyalar, veriliş və proqramlar televiziya və radio vasitəsilə evlərimizə təşrif gətirir, insanın ətrafında ona seçim imkanı verməyən lokal informasiya məkanı və virtual mədəni-mənəvi mühit yaradır. Bu mühit isə seyrçiyə bilavasitə təsir edə və onu formalaşdıra, yaxud dəyişdirə bilir. Bu baxımdan, haqqında söz açdığımız “ATV” telekanalı yeni mövsümdən imza atdığı dəyişikliklərlə öz yeni simasını yaratmaqda olduğunu unutmamalıdır. Onun yayım fəaliyyətində ən çox diqqətimizi çəkən məqamları analiz etməyə çalışdıq. Yeniliklər müsbət yöndə getsə də, “ATV” efiri, göründüyü kimi, nöqsan və qüsurlardan da xali deyildir. Yuxarıda sadaladığımız iradlar aradan qaldırılarsa, ümumrespublika yayımçısı kimi bu telekanal öz imicində köklü çevriliş edə bilər. Gözləyək, bundan sonrasını gözləyək...Ümidvarıq ki, “ATV” efirinin sabahını fərqli olmaqla yanaşı, həm də tam normalara uyğun görə biləcəyik.

Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbənin baş məsləhətçisi Həyat ŞAMIYEVA