Avro-Atlantik Şura Suraxanıda təşkilat qurdu

avro-atlantik-sura-suraxanida-teskilat-qurdu
Oxunma sayı: 640

Bu, Şuranın təsis etdiyi sayca üçüncü rayon təşkilatıdır. Sumqayıt və Nərimanov təşkilatları artıq fəaliyyətə başlayıb. “Qafqazinfo”nun məlumatına görə, Avro-Atlantik Şuranın Suraxanı yığıncağında təsis olunma ilə bağlı qərar qəbul olunduqdan sonra təşkilatı məsələlərə baxılıb. İclasda rayon təşkilatının idarə heyəti və NTK-nın üzvləri seçilib. Nizami Qafarov rayon təşkilatının sədri, Vəli Xudiyev isə NTK sədri seçilib.

Təsis yığıncağında iştirak edən Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər geniş çıxış edərək dünyada, regionda və ölkəmizdə gedən dərin proseslərə, onların Azərbaycana təsirlərinə və demokratik dəyişikliklərin zərurətinə toxunub. S.Əkbər eyni zamanda, çıxışında Avro-Atlantik Şuranın məqsəd və vəzifələri və yaxın dövr üçün fəaliyyət planı haqqında danışıb və yığıncaq iştirakçılarının suallarına cavab verib.

Yığıncaqda Avro-Atlantik Şuranın İdarə Heyətinin üzvü İldırım Məmmədov da çıxış edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Avro-Atlantik Şura 2011-ci il oktyabrın 27-də təsis olunub. Qurumda yüzdən artıq ictimai-siyasi xadim, ziyalı, jurnalist, 34 qeyri-hökumət təşkilatı təmsil olunur. Şuranın sədri Müsavat Partiyası Məclisinin keçmiş rəhbəri Sülhəddin Əkbər, onun müavini isə hərbi ekspert Yaşar Cəfərlidir.
Şura Azərbaycanın Avroatlantik məkana, NATO və Avropa Birliyinə inteqrasiyasını əsas prioritet elan edib və bu istiqamətdə ictimai dəstəyi təmin etmək niyyətindədir.
Şuranın illik fəaliyyət planında ən azı 40 rayonda təşkilatlar qurmaq nəzərdə tutulur.