“Avronest”in Bakıdakı toplantısı başladı

avronestin-bakidaki-toplantisi-basladi
Oxunma sayı: 654

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, iclası komitənin Azərbaycan tərəfindən həmsədri, Milli Məclisin deputatı Fuad Muradov açaraq tədbirin yüksək səviyyədə keçirilməsinə yaradılmış şəraitə görə Azərbaycan dövlətinin, hökumətinin və parlamentinin rəhbərlərinə minnətdarlıq etmişdir. Bildirmişdir ki, iclasda müzakirə olunan məsələlər və dinləniləcək məruzələr gələcəkdə enerji təhlükəsizliyinin təmin olunması yollarının tapılması və Azərbaycanın bu məsələdəki rolunu müəyyən etməyə imkan verəcəkdir.

Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov çıxış edərək ölkəmizin neft sənayesinin tarixi, müstəqilliyin bərpasından sonra imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyəti barədə ətraflı söhbət açıb.

Sənaye və Energetika Nazirliyinin məsul işçisi Aysel Bayramova Azərbaycanda həyata keçirilən enerji siyasətinin əsas istiqamətləri barədə məlumat vermişdir.

Milli Məclis sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov neft-qaz sənayesi ilə bağlı qanunvericilik, beynəlxalq əməkdaşlıq və s. məsələlər barədə məlumat vermişdir.

İclasda neft–qaz sənayesinin inkişaf perspektivləri, qanunvericilik bazası, enerji layihələrinin diversifikasiyası və s. məsələlər ətrafında müzakirələr aparılacaq, məruzələr dinləniləcəkdir.

Komitənin iclasında Avropa Parlamentinin, eləcə də Ukrayna, Gürcüstan və Moldova parlamentlərinin deputatları, nüfuzlu beynəlxalq iqtisadi ekspertlər, Azərbaycanın dövlət nümayəndələri və hökumət üzvləri iştirak edirlər.